Məhkəmə qərarları › İş №e-2(033)-123/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-123/2023

02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-123/2023 02.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi”nə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 8100 kub metr təbii qazın itkisinə görə hesablanmış 2025 (iki min iyirmi beş) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 məhkəməyə 10 yanvar 2023-cü il tarixdə ərizə ünvanlayaraq göstərmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Zaqatala RQİİ-nin xidməti ərazisində fəaliyyət göstərən Zaqatala şəhəri, Azərbaycan prospektində İddiaçı məxsus çörək sexində istismarda olan qaz sayğacına və qaz cihazlarına baxışın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221747718 nömrəli çıxarış alınmışdır. Bundan sonra sahibkarlıq subyektinə X2 Şəki filialının nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilərkən sahibkarlıq subyektində (VÖEN: **********) qazdan istifadə qaydalarının pozulması faktları aşkar edilmiş və vergi ödəyicisi olan İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında fiziki şəxs İddiaçı vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 282.2-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Eyni zamanda sahibkarlı subyektində qazdan istifadə qaydalarının pozulması nəticəsində itirilmiş təbii qazın həcminin müəyyən edilməsi üçün İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında dəymiş ziyanın həcmi Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən 8100 kub.metr (və ya 2025 manat) müəyyən edilmişdir. Əlavə edilmiş iş materiallarından və işin faktiki hallarından da göründüyü kimi İddiaçı ********** saylı vergi ödəyicisidir və bu səbəbdən hazırkı tələb kommersiya mübahisəsinin təsir dairəsinə düşür. Odur ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən İddiaçı 8100 kub metr təbii qazın itkisinə görə hesablanmış 2025 (iki min iyirmi beş) manat əsassız borcun silinməsinə dair" iddia ərizəsi kommersiya mübahisəsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 və iddiaçının nümayəndəsi məhkəmə iclasında mülki işin Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatların dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı çayxanalar tərəfindən xidmətlərin göstərilməsi üçün 01 iyul 2009-cu il tarixində vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmişdir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən çörək sexində fiziki şəxs İddiaçı tərəfindən layihədən kənar 1 ədəd axımlı su qızdırcı və 1 ədəd PQ 2 tipli qaz plitəsi özbaşına quraşdırılmışdır. İddiaçı tərəfindən Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, 70 (yetmiş) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsində müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflərdən iddiaçı fərdi sahibkar kimi fəaliyyət gəstərən fiziki şəxsdir, tərəflərin hüquqi münasibətlərinin xarakteri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Məhkəmə hesab edir ki, həm tərəflərin subyektiv tərkibinə, həm də mübahisənin predmetinə görə həmin mübahisəyə baxılması ümumi məhkəmə sayılan Zaqatala Rayon Məhkəməsinin deyil, Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir. Ona görə də hazırkı mülki mübahisəyə məhkəmə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddələrinin tələbinə görə işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, onda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsində müəyyən edilmişdir ki, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh edilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 44.2.2., 45.1, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi”nə iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-123/2023 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar