Məhkəmə qərarları › İş №e-2(033)-1246/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1246/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1246/2025 12.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi, İddia tələbi və dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********76933 İPHONE 15 PRO MAX, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 3197.58 (üç min yüz doxsan yeddi manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 319.76 (üç yüz on doqquz manat, 76 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********31253 İPHONE 15 APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün 1673 (min altı yüz yetmiş üç manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 167.30 (yüz altmış yeddi manat, 30 qəpik) manat dəbbə, ümumilikdə 5404.84 (beş min dörd yüz dörd manat səksən dörd qəpik) manat borc, 74.05 (yetmiş dörd manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********76933 İPHONE 15 PRO MAX, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ Kod **********31253 İPHONE 15, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXL xidməti almış və nəticədə 5404.84 (beş min dörd yüz dörd manat, 84 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4269.98 (dörd min iki yüz altmış doqquz manat, 98 qəpik) manat (12 ay x 217.02 manat + 465.74 manat ilkin ödəniş) olan İMEİ Kod **********76933 İPHONE 15 PRO 3540.94 (üç min beş yüz qırx manat, 94 qəpik) manat olmaqla ondan, 3197.58 (üç min yüz doxsan yeddi manat, 58 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 319.76 (üç yüz on doqquz manat, 76 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2835.9 (iki min səkkiz yüz otuz beş manat, 90 qəpik) manat (18 ay x 137.55 manat + 360 manat ilkin ödəniş) olan İMEİ Kod **********31253 İPHONE 15 APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXL xidməti üçün ümumilikdə, 1863.90 (min səkkiz yüz altmış üç manat, 90 qəpik) manat olmaqla ondan, 1673 (min altı yüz yetmiş üç manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 167.30 (yüz altmış yeddi manat, 30 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2235.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-in şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o telefonu qazi üçün götürmüşdür. Daha sonra həmin şəxs avtoqəza hadisəsi törətmiş və ona 6 il həbs cəzası verilmişdir. Buna görə o, müqavilə üzrə ödənişləri edə bilməmiş və ona cərimə və faizlər hesablanmışdır. Digər telefonu isə oğlu üçün almışdır. Özü pensiyaçıdır və ödənişləri edə bilmədiyi üçün iddiaçı tərəfindən ona qarşı məhkəmə hazırkı tələb irəli sürülmüşdür. Cərimə məbləğlərinin azaldılmasını istəyir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Yazılı sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 3129,99 manat məbləğində İMEİ Kod **********76933 İPHONE 15 PRO MAX 256GB BLUE, 69,99 manat dəyərində APPLE 20 W USB-C ADAPTER, 626 manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 2 İL əldə etmiş, telefonun dəyərini 12 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 75,96 manat olan APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, 2199.96 manat olan İMEİ Kod **********76933 İPHONE 15 128 GB BLUE, 119,99 manat dəyərində Paket XXL və 440 manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 2 İL əldə etmiş, onların dəyərini 18 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 18 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********76933 İPHONE 15 PRO MAX, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 3197.58 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 319.76 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********31253 İPHONE 15, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün 1673 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 167.30 manat dəbbə, ümumilikdə 5404.84 manat borcu ödənilməmişdir. 06 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 19 noyabr 2024 və 24 avqust 2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. 21 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 74,05 (yetmiş dörd manat beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərərnəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən dəyəri 3129,99 manat məbləğində İMEİ Kod **********76933 İPHONE 15 PRO MAX 256GB BLUE, 69,99 manat dəyərində APPLE 20 W USB-C ADAPTER, 626 manat dəyərində 2 İL QİZİL ZƏMANƏT ULTRA-nı, ********* nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 75,96 manat olan APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, 2199.96 manat olan İMEİ Kod **********76933 İPHONE 15 128 GB BLUE, 119,99 manat dəyərində Paket XXL və 440 manat dəyərində 2 İL QİZİL ZƏMANƏT ULTRA-nı alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 2 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh yuxarıda qeyd olunan əşyalar verilərək, müvafiq olaraq xx.xx.2024-ci il tarixli ********* və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 19 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 3197,58 və ********* nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1673 manat əsas borc məbləğləri tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 19 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 319,76 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 167,30 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən hesablanmış 319,76 manat cərimə 30 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 167,30 manat cərimə 15 manat həddində təmin edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə hər iki müqavilə üzrə cəmi 47,20 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”in şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-in müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihazı aktiv və ya deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək mötəbər sübut əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş hər hansı arayış həmin hissədə iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək üçün yeganə əsas təşkil edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3197,58 manat əsas borc və 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1673 manat əsas borc və 15 manat cərimə borcu, cəmi 4915,58 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınmalı olduğundan, ödənilmiş 74,05 manat dövlət rüsumunun 69,15 manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, 4,9 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 3197,58 (üç min bir yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1673 (bir min altı yüz yetmiş üç) manat əsas borc və 15 (on beş) manat cərimə borcu, cəmi 4915,58 (dörd min doqquz yüz on beş manat əlli səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 74,05 (yetmiş dörd manat beş qəpik) manat dövlət rüsumunun 69,15 (altmış doqquz manat on beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, 4,9 (dörd manat doxsan qəpik) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar