Məhkəmə qərarları › İş №e-2(033)-1279/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1279/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1279/2025 17.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı (bundan sonra-İddiaçı MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE078520 saylı, xx.xx.2024-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 277,59 (iki yüz yetmiş yeddi manat əlli doqquz qəpik ) əsas borc, BE075758 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmş 197,59 (bir yüz doxsan yeddi manat əlli doqquz qəpik) əsas borc, ümumilikdə 475,18 (dörd yüz yetmiş beş manat on səkkiz qəpik) borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE078520 saylı, xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 41 (qırx bir manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE075758 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 27-dən gec olmamaqla 41 (qırx bir manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE078520 saylı müqaviləyə əsasən 277,59 (iki yüz yetmiş yeddimanat əlli doqquz qəpik) əsas borc, BE075758 saylı müqaviləyə əsasən 197,59 (bir yüz doxsan yeddimanat əlli doqquz qəpik) əsas borc, ümumilikdə 475,18 (dörd yüz yetmiş beş manat on səkkiz qəpik) borcu qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 08 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE078520 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən kredit yolu ilə 481.59 (dörd yüz səksən bir manat əlli doqquz qəpik) manat məbləğində TECNO 20 PRO 8GB/256GB SUNSET BLUSH markalı telefon əldə etmiş, onun dəyərini İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE075758 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən kredit yolu ilə 481.59 (dörd yüz səksən bir manat əlli doqquz qəpik) manat məbləğində TECNO 20 PRO 8GB/256GB SUNSET BLUSH markalı telefon əldə etmiş, onun dəyərini İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli borca dair ayarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE078520 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 277.59 manat əsas borcu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli borca dair ayarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE075758 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 197.59 manat əsas borcu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, BE078520 nömrəli xx.xx.2024-cü il tarixli və BE075758 nömrəli xx.xx.2024-cü tarixli müqavilələrə əsasən İddiaçı dəyəri 481.59 (dörd yüz səksən bir manat əlli doqquz qəpik) manat olan 2 ədəd TECNO 20 PRO 8GB/256GB SUNSET BLUSH markalı telefonu alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlığın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh 2 ədəd TECNO 20 PRO 8GB/256GB SUNSET BLUSH markalı telefon verilərək xx.xx.2024-cü il tarixli və BE075758 nömrəli xx.xx.2024-cü tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh BE078520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 277.59 manat, BE075758 nömrəli xx.xx.2024-cü tarixli müqaviləyə əsasən isə 197.59 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BE078520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 277.59 manat, BE075758 nömrəli xx.xx.2024-cü tarixli müqaviləyə əsasən isə 197.59 manat əsas borc olmaqla, cəmi 475.18 manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 680.04, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh BE078520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 277.59 (iki yüz yetmiş yeddi manat əlli doquz qəpik) manat, BE075758 nömrəli xx.xx.2024-cü tarixli müqaviləyə əsasən isə 197.59 (bir yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat əsas borc olmaqla, cəmi 475.18 (dörd yüz yetmiş beş manat on səkkiz qəpik) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar