Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1326/2025 22.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 03 aprel 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş APPLE İPHONE 16 PRO 256 GB BLACK TİTANİUM markalı cihazın qalıq borcu 3303.13 (üç min üç yüz üç manat on üç qəpik) manat borc məbləğinin və ödənilmiş 53.03 (əlli üç manat üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 03 aprel 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3306.51 (üç min üç yüz altı manat əlli bir qəpik) manat təşkil edən APPLE İPHONE 16 PRO 256 GB BLACK TİTANİUM telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 183.7 (yüz səksən üç manat yeddi qəpik) manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda cəmi 3.38 (üç manat otuz səkkiz qəpik) manat ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3303.13 (üç min üç yüz üç manat on üç qəpik) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə Abonentin mobil nömrəsi Operator tərəfindən ikitərəfli blok statusuna keçirildikdən sonra 15 (on Dövlət rüsumunun ödənilməsi haqqında məlumat beş) gün ərzində ödəniş həyata keçirilməzsə, qalıq borc məbləği bütövlükdə Abonentin mobil telefon nömrəsinin balansına borc kimi yüklənir. Borc ödənilmədikdə isə operator abonentin mobil telefon nömrəsini yenidən satışa çıxara və üçüncü şəxslərə təqdim edilə bilər. Müqavilənin 5.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh İddiaçı MMCdən dəyəri 3306.51 manat olan “Apple İphone 16 Pro 256 X1” markalı telefon cihazını aylıq ödəniş məbləği 183.7 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh müqavilə üzrə yalnız bir dəfə 3.38 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli bildiriş-pretenziyadan görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam şəkildə 3 günü müddətində ödəməsini təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sora-MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3303.13 (üç min üç yüz üç manat on üç qəpik) manat pul Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3303.13 (üç min üç yüz üç manat on üç qəpik) manat pul və dövlət rüsumunun əvəzi 53.03 (əlli üç manat üç qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1326/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1326/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver