Məhkəmə qərarları › İş №e-2(033)-168/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-168/2025

11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-168/2025 11.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Cavabdeh X6 İstismar İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlə Cavabdehnə və X6 İstismarı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı cavabdehlə Cavabdehnə və X6 İstismarı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Kebeloba kəndində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı plomblanmış qaz sayğacı ilə ölçülür. Qaz sayğacı küçədə quraşdırılmışdır. Cavabdeh təşkilatın işçiləri onun iştirakı olmadan qaz sayğacını dəyişmiş, dəyişəndən sonra qaz sayğacı normal işləməmiş və nəticədə artıq qaz sərfiyyatı yazılmışdır. O qaz çekində yazıldığı qədər qaz sərfiyyatı işlətməmişdir. Ona müqavilə yazılıb verilməmiş və müqavilə olmadığı halda ondan qalıq borc adı altında pul edə bilməzlər. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun iştirakı olmadan dəyişiblər və onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdehlər qəsdən akt yazaraq ona süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və qalıq borc kimi 1902,80 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Hesab edir ki, ona yazılmış 1902,80 manat qaz borcu silinməlidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X5 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin silinməsini tələb etdiyi 1902,80 manat borc məbləği yalnız sayğac göstəricisi ilə aparılmış hesabat əsasında yaranmış borc məbləğidir və hər hansı akt əsasında hesabatın aparılması mövcud deyildir. Həmçinin 1902.80 manat borcun 1540.40 manat hissəsinin İddiaçı Cavabdeh xeyrinə tutulmasına dair əvvəlki tarixdən qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-497/2023 saylı qətnamə mövcuddur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Odur ki İddiaçı Cavabdehnə qarşı pulun hesabdan silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ona məxsus qaz sayğacı küçədə yerləşir. Cavabdehlərin əməkdaşları onun xəbəri olmadan qaz sayğacını söküb aparmışlar və həmin sayğac dəyişdirildikdən üç gün sonra cavabdehin əməkdaşları xahiş etdikləri üçün o akta imza etmişdir. O, hə ay azda olsa ödəniş etmişdir. Lakin daha sonra borc çox hesablandığı üçün o ödəniş edə bilməmişdir. Onun sayğacında 12 manat borc olmuşdur. Lakin cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılıb yerinə quraşdırıldıqdan sonra borc 500 manatdan yuxarı göstərilmişdir. Daha sonra həmin borcu ödəyə bilmədiyi üçün üstünə yenə də borc yığılmışdır. O heç bir yerdə işləmir və ödəniş edə bilməz. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 İstismar İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı iddia edir ki, onun sayğacı dəyişdirildikdən sonra yuxarıda qeyd edilən borc məbləği hesablanmışdır. İddiaçıya məxsus qaz sayğacı dövlət yoxlanışından keçmiş və həmin sayğacda hər hansı bir müdaxilənin olması aşkar edilməmişdir. Yəni iddiaçıya hesablanmış borc qazın sızması nəticəsində deyil, sərfiyyata görə hesablanmış borcdur. İddiaçının iddiası əsassızdır. Belə ki, artıq bu tələbə məhkəmədə qiymət verilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-497/2023 saylı qətnaməsi ilə iddiaçıdan 1540,40 manat pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra da iddiaçı qazdan istifadə etsə də onun tərəfindən ödənişlər edilməmişdir. Hazırda iddiaçının 2096 manat borcu vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar Mülki işin materiallarında olan 2024-cü ilin may ayının ******* nömrəli müayinənin nəticəsinə dair aktdan görünür ki, İddiaçı Abdulxalıq oğluna məxsus G4T markalı 12532396 nömrəli sayğacda (dedektor) giliz və siqnalizasiyanın olmaması müəyyən edilmişdir. Mülki işin materiallarında olan 12 iyun 2023-cü il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2023-cü ilin may ayı üçün qaz sərfiyyatı üzrə 1579,04 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan 21 noyabr 2024-cü il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2024-cü ilin oktyabr ayı üçün qaz sərfiyyatı üzrə 1920,80 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan 28 yanvar 2025-ci il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2024-cü ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə 2043,60 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan 31 yanvar 2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2096,16 manat borcu vardır. Mülki işin materiallarına olan Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-497/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh ünvan 2 ünvanında yaşayan İddiaçı 1540,40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaitinin, 35,41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “X4”nin hesabına ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı tələbini cavabdeh təşkilatın işçilərinin onun iştirakı olmadan qaz sayğacını dəyişdirməsi, dəyişdikdən sonra qaz sayğacının normal işləməməsi, nəticədə artıq qaz sərfiyyatının yazıldığını və borcun miqdarının artıq hesablanması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını iddiaçı tərəfin silinməsini tələb edilən 1902,80 manat borc məbləğinin yalnız sayğac göstəricisi ilə aparılmış hesabat əsasında yaranmış borc məbləğinin olduğunu, hər hansı akt əsasında hesabatın aparılmadığını, həmçinin 1902.80 manat borcun 1540.40 manat hissəsinin İddiaçı Cavabdeh xeyrinə tutulmasına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-497/2023 saylı qətnaməsinin mövcud olması ilə əsaslandırmışdır. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-497/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh İddiaçı 1540,40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaitinin, 35,41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı “X4”nin hesabına ödənilməsi qət edilmiş, iddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra da ödənişlər etməmiş və onun məhkəməyə müraciət etdiyi tarixə 1902,80 manat borcu yaranmışdır. İddiaçı iddiasını cavabdeh təşkilatın işçilərinin onun iştirakı olmadan qaz sayğacını dəyişdirməsi, dəyişdikdən sonra qaz sayğacının normal işləməməsi, nəticədə artıq qaz sərfiyyatının yazıldığını və borcun miqdarının artıq hesablanması ilə əsaslandırsa da, 2024-cü ilin may ayının ******* nömrəli müayinənin nəticəsinə dair aktla iddiaçının abonenti olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacda hər hansı bir qüsurun aşkar olunması halı müəyyən edilməmiş və həmin akt iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə, iddia üzrə onu qeyd etməyi zəruri hesab edir ki, istehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunmuş və quraşdırılmış sayğacın istehlak olunmuş qazı hesablaması işin mübahisə edilməyən halıdır. İddiaçıya da borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, istehlak edilmiş qaza görə hesablanmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdehnə və X6 İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı avabdehlər Cavabdehnə və X6 İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 (bir min doqquz yüz iki manat səksən qəpik) manat pulun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar