Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-18/2023 19.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Zaqatala şəhəri H.Aslanov küçəsindən keçən d-57 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərini pozaraq ’’Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Zaqatala şəhəri H.Aslanov küçəsində d-57 mm-lik qaz xəttini 14 p/m uzunluqda özünə məxsus "Optimal" elektronika mağazasının qarşısında yeraltına salaraq qaz xəttinin mühafizə zonasını pozmuşdur. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. Belə ki, “Qaydalar”ın 2 və 5 nömrəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililərin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid etmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, bu qaydalar magistral boru kəmərlərinin mühafizəsini təmin edir, bunun üçün həmin qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır (bax 2.11 bənd). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününkiləşdirməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bundan əlavə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikinti aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. İddiaçı Zaqatala RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən adı çəkilən qanunsuz tikili ilə bağlı tələblərin yerinə yetirilməsindən imtina edildiyindən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi X7 ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, tam qanuni şəkildə ünvan 1 ünvanında qeyri yaşayış binası olan mağaza inşa etdiyini və həmin tikilinin Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığını qeyd etmişdir. O əlavə olaraq ünvan 2 ünvanında tikinti işlərinin aparılması üçün Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaradılmış və tərkibində Zaqatala Rayon Qaz İstismar İdarəsinin nümayəndəsi də olan komissiyadan razılıq aldığını qeyd etmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları 54 inventar nömrəli, 2016-cı il tarixli Qaz kəmərinin pasportundan görünür ki, Zaqatala şəhəri H.Aslanov küçəsində d-57 millimetr diametrli 780 metr uzunluğunda, d-89 millimetr diametrli 57 metr uzunluğunda, d-20 millimetr diametrli 190 metr uzunluğunda qaz daşıyıcı xətti 1993-1994-cü illərdə quraşdırılmışdır. Zaqatala RQİİ-nin nümayəndələrinin və Əmrulla Ağakişiyevin iştirakı ilə tərtib edilmiş aktın surətindən və fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında cavabdeh Əmrulla Ağakişiyev tərəfindən inşa edilmiş “Optimal” elektronika mağazası –d-57 millimetrlik aşağı təzyiqli qaz xəttinin 14 perimetrlik hissəsi obyektin qarşısından yeraltı keçir. Tikintisinə başlanılacaq obyektə icazə verilməsi barədə aktdan görünür ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2009-cu il tarixli 168 saylı sərəncamı ilə yaradılmış komissiya R.Ağakişiyevə ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********57-06301 reyestr nömrəli ünvan 1 ünvanında 0,0250 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 392,2 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binası (mağaza) üzərində ümumi birgə mülkiyyət kimi X6 və Cavabdeh hüquqları rəsmiləşdirilmişdir. 23 may 2014-cü il tarixdə təsdiq edilmiş qeyri yaşayış binasına dair texniki pasport çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/8386 nömrəli Ekspert rəyindən görünür ki, Zaqatala şəhəri H.Aslanov küçəsində yerləşən, iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən naturada təqdim edilən tikili ilə qaz xətti arasındakı məsafənin 0.12 m təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikilinin d-57 mm diametri olan aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Qaz xəttinin tikili üçün təhlükə törədib törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlərə aid deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/8386 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirədən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” 2.7-ci bəndinə əsasən Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. 3.32-ci bəndinə əsasən Dayaqlar üzərində qoyulan yerüstü qaz kəmərlərindən binaların divarlarına qədər olan üfüqi (işıqla) məsafə, həmçinin yerüstü qaz kəmərlərinin quraşdırılmasının hündürlüyü Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydaları ilə (TN və Q) (əlavə 5, 6 və 10, 11) müəyyən edilən kəmiyyətlərdən az olmamalıdır. 2 saylı əlavəyə əsasən qazın təzyiqi 0,5-3 kqq/sm2 (orta təzyiqli) olan yeraltı qaz kəmərlərindən horizontal üzrə binalara və tikililərə qədər olan minimum məsafə 4,0 metrdən az olmamalıdır. 5 saylı əlavəyə əsasən qazın təzyiqi 0,5-3 kqq/sm2 (orta təzyiqli) olan yerüstü qaz kəmərlərindən binalara və tikililərə qədər olan minimum məsafə 5,0 metrdən az olmamalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, 54 inventar nömrəli, 2016-cı il tarixli Qaz kəmərinin pasportuna əsasən Zaqatala şəhəri H.Aslanov küçəsində d-57 millimetr diametrli 780 metr uzunluğunda, d-89 millimetr diametrli 57 metr uzunluğunda, d- 20 millimetr diametrli 190 metr uzunluğunda qaz daşıyıcı xətti 1993-1994-cü illərdə quraşdırılmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2009-cu il tarixli 168 saylı sərəncamı ilə yaradılmış komissiya ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir. ünvan 1 ünvanında 0,0250 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 392,2 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binası (mağaza) üzərində ümumi birgə mülkiyyət kimi X6 və Cavabdeh hüquqları xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində aparılmış qeydiyyata alınmışdır. ünvan 4 ünvanında cavabdeh Əmrulla Ağakişiyev tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının qarşısından yeraltı 57 millimetr diametrli aşağı təzyiqli qaz xəttinin keçdiyi aşkar edilmiş və bu barədə Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir. İddiaçı iddia tələbi ilə müraciət edərək Zaqatala şəhəri H.Aslanov küçəsindən keçən d-57 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün Cavabdeh tərəfindən tikilmiş tikilinin sökülərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/8386 nömrəli Ekspert rəyi ilə Zaqatala şəhəri H.Aslanov küçəsində yerləşən, iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən naturada təqdim edilən tikili ilə qaz xətti arasındakı məsafənin 0.12 m təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikilinin d-57 mm diametri olan aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına sökülməsini tələb etdiyi qeyri-yaşayış binası (mağaza) dövlət reyestrində ümumi birgə mülkiyyət kimi cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dövlət tərəfindən təminat verilməklə bu hüquq qorunur. Qanunvericilikdə həqiqiliyi və tamamlığı prezumpsiyası təsbit olunan reyestr qeydi ləğv edilməmiş daşınmaz əşyanın (evin) sökülməsi barədə tələb mahiyyət etibarilə mülkiyyətə müdaxilə olunmasıdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda göstərilən normativ hüquqi aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə amilləri nəzərə alınmaqla, başqa şəxslərin və cəmiyyətin maraqlarının qorunması məqsədi ilə qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verməyən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilir. Mülkiyyət hüququna xitam verilməsinin əsasları qanunda dəqiq şəkildə göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət hüququnun itirilməsinin qanuni əsasları Mülki Məcəllənin 203-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya və müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mühafizə zonasında yerləşən ünvan 1 ünvanında 0,0250 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 392,2 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binası üzərində Cavabdeh dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları olduğundan və iddia tələbində göstərilən əsaslara görə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunla nəzərdə tutulmadığından iddia tələbinin təmin edilməsi konstitusion səviyyədə tanınan və qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-18/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-18/2023
19.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver