Məhkəmə qərarları › İş №e-2(033)-183/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-183/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-183/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 685.81 (altı yüz səksən beş manat 81 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat, cəmi 1463.41 (bir min dörd yüz altmış üç manat 41 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 35.04 (otuz beş manat 04 qəpik) manat dövlət rüsumun, ümumilikdə isə 1498.45 (bir min dörd yüz doxsan səkkiz manat 45 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-in Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Zaqatala rayonu Mosul kəndində yaşayan Cavabdeh məxsus mənzilində 5957 saylı alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 1463.41 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 685.81 manat hissəsi sayğac göstəricisinə və 777.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 685.81 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı GCZ20111146 nömrəli sayğacın 700 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 777.60 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olmuş qaz sayğacına müdaxilə edilməklə qanunsuz təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Zaqatala RQİİ-in mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ20111146 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutu PHŞ-in Qaz sayğaclarının Laboratoriyasının xx.xx.2024-cü il tarixli 0569 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6 m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-in xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Ona görə də İddiaçı İB hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, tərəfindən hər ay ödəniş edilmiş və hazırda onun iddiaçıya 685.81 manat borcu yaranmışdır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 manat borcun silinməsini xahiş edir. Yazılı sübutlar Mülki işin materiallarında olan “Azəriqaz" X1 RQİİ ilə Cavabdeh arasında bağlanmış 10 mart 2016-cı il tarixli 5957 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan İddiaçı Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan Cavabdeh yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.7-ci bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). Mülki işin materiallarında olan “Abonentin saldosu”nun təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu, Mosul kəndində yaşayan, qaz hesabı **********00000 olan abonent Cavabdeh 2024-cü il aprel ayında qalıq borcu 777,60 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 aprel 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Zaqatala rayonunun Mosul kəndinə yerləşən sifarişçi (istehlakçı) Cavabdeh aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Mülki işin materiallarında olan İddiaçı İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 0569 saylı aktdan görünür ki, Dövlət yoxlaması nəticəsində G-4 ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 20534177 saylı plomb kəsilərək qutu açılmış, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir. Sayğac istismara yararsızdır. Mülki işin materiallarında olan cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in rəisi Cavid Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 03 may 2024-cü il tarixli 0569 saylı aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir. G-4 markalı sayğacın maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6x12x90=6480 kub.m. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı iddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş və iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli 5957 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdeh yaşadığı həmin evdə uzun müddət ərzində təbii qazdan istifadə etsə də, onun dəyərini tam şəkildə ödəməmiş və nəticədə cavabdehin G-4T markalı GCZ20111146 nömrəli qaz sayğacının 700 m3 göstəricisi ilə iddiaçıya 685,81 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh qaz təchizatı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ümumilikdə hesablanmış 685,81 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777,60 manat pulun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, Zaqatala rayonu Mosul kəndində yerləşən istehlakçı Cavabdeh aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi kimi qiymətləndirilərək, istehlakçı Cavabdeh itirilmiş qaza görə 777,60 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən Zaqatala rayonunun Mosul kəndində Cavabdeh məxsus ünvanda istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı mənzilin daxilində deyil, yolda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilsəydi 06 aprel 2024-cü il tarixdə yeni qaz sayğacı quraşdırılan vaxt qeyd olunan nöqsanlar aşkar olunardı və istehlakçıya bu barədə məlumat verilərdi. Belə ki, həmin akt istehlakçının iştirakı ilə tərtib olunmuş və o, aktı imzası ilə təsdiq etmişdir. Həmin aktda hər hansı bir müdaxilənin olması qeyd olunmamışdır. Lakin 03 may 2024-cü il tarixdə qaz sayğacının yoxlanması barədə tərtib edilmiş aktda Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, sayğacda bu nöqsanlar olmuş olsa idi 06 aprel 2024-cü il tarixdə sayğac başqası ilə əvəz olunarkən müəyyən edilməli idi. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı qaz sayğacına müdaxilənin cavabdeh tərəfindən edildiyini sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə mütəxəssisin apardığı tədqiqat nəticəsində aşkar etdiyi halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini cavabdehin yaşadığı evin daxilində deyil, çöldə quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə etdiyi bildirilən sayğacın onun yaşadığı mənzilin daxilində deyil, sayğaca müdaxilə olsaydı sayğac dəyişdirilərkən aşkar olunardı və bu səbəbdən cavabdehin sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə cavabdehin hər hansı bir marağının olması da müəyyən edilməmişdir. Təsvir edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 685,81 manat alınaraq iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 35,04 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalıq 5,04 manatı isə iddiaçıya aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 685,81 (altı yüz səksən beş manat səksən bir qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 715,81 (yeddi yüz on beş manat səksən bir qəpik) manat tutularaq iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalıq 5,04 (beş manat dörd qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə qəmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar