Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-184/2025 05.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X6, Cavabdeh iştirakıları ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 1189.23 (bir min bir yüz səksən doqquz manat iyirmi üç qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 32.40 (otuz iki manat qırx qəpik) rüsumun, 1221.63 (bir min iki yüz iyirmi bir manat altmış üç qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan cavabdeh X5 məxsus mənzilində № 1223 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X4 **********01100 saylı qaz hesabında ödənilməmiş 1189.23 (bir min bir yüz səksən doqquz manat iyirmi üç qəpik) manat borc vardır. Tələb olunan 1189.23 manat borc yalnız sayğac göstəricisinə əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1189.23 manat həcmindəki borc cavabdeh X4 yaşadığı ünvanda istismarda olan G4T markalı **********9 nömrəli sayğacın 5762 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1320/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X5 qarşı borc pul tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan cavabdeh X5 məxsus mənzilində № 1223 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Həmçinin cavabdeh qaz sızmasını olduğunu bildirsə də, abonentin saldosundan da göründüyü kimi illər üzrə qaz sərfiyyatı oxşar qaydada bölünmüş, həmçinin cavabdehin aylar üzrə qalıq borcu qalmış və üst-üstə yığılmışdır. Eyni zamanda qaz sızması ilə bağlı “104” xidmətinə müraciət edildiyi təqdirdə, orada müvafiq qeydiyyatı aparılır və gün ərzində əməkdaşları tərəfindən baxış keçirilir. Cavabdeh X4 **********01100 saylı qaz hesabında ödənilməmiş 1189.23 (bir min bir yüz səksən doqquz manat iyirmi üç qəpik) manat borc vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, onun qaz xəttində problemlər olmuş, sayğac qaz buraxmışdır. Bildirir ki, o evində odun sobasından istifadə edir, evində qeyd edilən dərəcə qaz sərfiyyatı olmur. O, təqaüdçüdür, aldığı pensiyanın 80 faizi kredit aldığından banka gedir, ona həmin pensiyadan sadəcə 110 manat pul qalır. Evdə ailə tərkibi 6 nəfərdən ibarətdir və yoldaşı vəfat etdiyindən ailənin bütün yükü onun üzərindədir. Dəfələrlə sayğacın qaz buraxması ilə bağlı müraciətlər etmiş, ən sonunda müraciətinə baxılmış, sayğaca baxış keçirib getmişdirlər. İki həftədən sonra gəlib qaza möhür vurmuşdurlar. 2023-cü ildən ona qazın verilməsi dayanmışdır. O öz şikayətini iddiaçının əməkdaşları “Cahan” adlı şəxsə bildirmiş, həmçinin bu barədə Prezidentə də yazmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki işin materiallarına əlavə edilmiş sənədlər “Azəriqaz" X3 RQİİ ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 1223 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan İddiaçı Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan Cavabdeh yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.7-ci bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). 22 oktyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yaşayan, qaz hesabı **********01100 olan abonent Cavabdeh 2024cü il sentyabrda qalıq borcu 1189.23 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 31.90 (otuz bir manat doxsan qəpik) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi müvafiq qaydada qazlaşdırılmaqla **********01100 saylı qaz hesabı iddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş və iddiaçı ilə cavabdeh arasında 03 aprel 2015-ci il tarixli 1223 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdeh yaşadığı həmin evdə uzun müddət ərzində təbii qazdan istifadə etsə də, onun dəyərini tam şəkildə ödəməmiş və nəticədə cavabdehin ZENNER G4T markalı **********9 nömrəli sayğacın 5762 m göstəricisi ilə iddiaçıya 1189.23 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh qaz sızması nəticəsində qeyd edilən borcun yarandığını bildirsə də, bu barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh qaz təchizatı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ümumilikdə hesablanmış 1189.23 (bir min bir yüz səksən doqquz manat iyirmi üç qəpik) manat pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 31.90 (otuz bir manat doxsan qəpik) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1189.23 (bir min bir yüz səksən doqquz manat iyirmi üç qəpik) manat, ödənilmiş 31.90 (otuz bir manat doxsan qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 1221.53 (bir min iki yüz iyirmi bir manat əlli üç qəpik) manat tutularaq iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-184/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-184/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver