Məhkəmə qərarları › İş №e-2(033)-189/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-189/2025

12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-189/2025 12.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 fevral 2025-ci il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qurumu olan X4 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən 6480 kub metr həcmində hesablanmış dəymiş ziyanın dəyəri olan 777.60 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq işləmir. Kənddə təsərrüfatla məşğul olur. Ona məxsus fərdi yaşayış evi qaz təchizatı şəbəkəsinə qoşulmuşdur. Evinin qaz təchizatı şəbəkəsinə qoşularkən quraşdırılmış qaz sayğacı hamıda olduğu kimi onun da ümumi istifadədə olan yolun kənarında yerləşir. Cavabdehin qurumu olan X4 İstismar İdarəsinin işçiləri 2023-cü ilin oktyabr ayında gələrək həmin sayğacı yenisi ilə əvəz etmişdir. Ancaq, daha sonra məlum olmuşdur ki, 6480 kub.m. qazın dəyəri olan 777.60 manat miqdarında dəymiş ziyanın əvəzi kimi adında əsassız hesablanmış borc vardır. Bu borc həm də abonentin saldosunun “qalıq və aktlar” qrafasının 2023-cü ilə aid hissəsində də görünür. Dəymiş ziyanın əvəzi kimi adına hesablanmış həmin borc qanuni və əsaslı deyildir və belə əsassız olaraq borc hesablanmaqla cavabdeh tərəfindən onun istehlakçı hüquqlarını pozmuşdur. Belə ki, cavabdehin qurumu X4 İstismar İdarəsinin işçiləri “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT tərtib edərək mövcud sayğacı çıxarmış və yeni sayğac quraşdırmışdır. Həmin Aktın 4-cü hissəsində sayğacın çıxarılma səbəbi “istismar müddətinin bitidiyi üçün” qeyd edilmişdir. Yəni, sayğacın çıxarılması ona müdaxilədən irəli gəldiyi göstərilməmişdir. Həmin Aktın 6-cı (digər qeydlər) hissəsində isə, çıxarılmış sayğaca müdaxilə və ya onun hər hansı qüsuru ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Yəni, həmin Aktda sayğaca kənar müdaxilənin olub-olmaması, olmuşdursa müdaxilənin nədən ibarət olması nə göstərilmiş, nə də ki, bu halların heç biri müəyyən edilmişdir. İdarənin işçiləri sadəcə olaraq qeyd olunan Aktı tərtib etməklə sayğacı yenisi ilə əvəz edərək çıxıb getmişlər. Qaz təchizatı haqqında Qanunun tələbinə görə, sayğaca müdaxilə aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, cavabdehin yerli qurumu qanunun həmin tələbinə riayət etmədən, yəni, istehlakçının qazın talanmasında təqsirli olması müəyyən etmədən vurulmuş zərər kimi əsassız olaraq borc hesablamışdır. Qazdan istifadə Qaydalarına görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh qurum daşıyır. Həmin Qaydalara görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına qaz paylayıcısı, yəni cavabdeh tərəfindən həyata keçirilir. Bundan başqa, cavabdehin qurumu olan X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT onun iştirakı ilə tərtib edilməmiş, onun tərəfindən imzalanmamış, həmin Aktda sadəcə adı qeyd olunaraq “imtina edirəm” qeydi edilmişdir. Göstərilən pozuntunun onun tərəfindən törədilməsi barədə həmin Aktda hər hansı bir ifadə qeyd olunmamışdır. Həmçinin, müdaxilə olunması göstərilən sayğac onun yaşadığı evdən kənarda, yəni, ümumi istifadədə olan yol hissəsində quraşdırılmış olması və bu səbəbdən sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməyini nəzərə alaraq ona müdaxilənin məhz onun və ya ailə üzvləri tərəfindən edilməsi mümkün deyil və hər bir halda əksi sübut olunmalıdır. Bundan əlavə, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib” qeydi onun tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiqi ola bilməz və ya hüquq pozuntusu hesab oluna bilməz. Həmin nöqsan tərəflərdən asılı olmayan səbəblərdən, həmçinin, üçüncü şəxslərin hərəkəti (hərəkətsizliyi) nəticəsində yarana bilər. Buna görə də, qeyd edilən hallar hüquq pozuntusunun onun və ya ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı təqsirli olmağını şübhə altına alır. Ancaq, xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 6480 kub metr həcmində dəymiş ziyan hesablandığı göstərilmişdir. Beləliklə, hesab edir ki, 6480 kub metr həcmində hesablanmış dəymiş ziyanın dəyəri olan 777.60 manat borcun silinməsi haqqında qətnamə çıxarılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X3 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi tələbi barədə” Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********01390 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 783.32 manat borc vardır. Həmin borcun 5.72 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13726426 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5- 11404/Q001 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının sayğacında müdaxilə ehtimalı müəyyən edildiyindən sayğac istismardan alınaraq dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından rəy gəlmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmişdir. Sayğac istismara yararsızdır. Vətəndaş sayğacı dəyişmə aktına imza etsə də, qüsur aktını imzalamaqdan imtina etmişdir. Sayğac isə çöldə olmasına baxmayaraq bildirir ki, sayğaca qeyd edilən formada müdaxilə iddiaçının nəzarətindən kənar edilə bilməz. Belə ki, qeyd edilən sayğac açılmış və üzərində işlənmişdir, bu hal isə iddiaçının xəbərdar olmamasını istisna edir. Mülki iş materiallarında olan sənədlər Mülki işin materiallarında olan “Azəriqaz" X1 RQİİ ilə İddiaçı arasında bağlanmış 28 iyul 2015-ci il tarixli 3473 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan iddiaçı Cavabdeh Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan cavabdeh İddiaçı yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.7-ci bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Zaqatala rayonu, Makov kəndində yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh İB-nin “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-11404/Q001 saylı aktdan görünür ki, Dövlət yoxlaması nəticəsində G4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmişdir. Sayğac istismara yararsızdır. Cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in rəisi Cavid Hacıyevin 30 noyabr 2023-cü il tarixdə qəbul edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 noyabr 2023-cü il tarixli ******* saylı akta əsasən, G4 markalı sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m3/saat günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6x12x90=6480 kub.m. Cavabdeh İB-in əməkdaşları E.Həşimov, H.Nəbiyev və R.Buğayeva tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 30 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş G4 markalı ******* nömrəli qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşunu plomb kəsilmişdir. İddiaçı aktı imzalamamışdır. Mülki işin materiallarında olan 16 oktyabr 2024-cü il tarixli 13726426 nömrəli Elster G-4T DİAFRAQMA Mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********01390 olan, ünvan 2 ünvanda yaşayan İddiaçı 2023-cü ilin noyabr ayı üçün qaz sərfiyyatı üzrə 777,60 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, Zaqatala rayonu, Makov kəndində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 777,60 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən iddiaçı tərəfindən Zaqatala rayonu Makov kəndində istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı sonuncunun yaşadığı ev və həyətyanı sahədə deyil, yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o, bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilsəydi xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırılan vaxt qeyd olunan nöqsanlar aşkar olunardı və istehlakçıya bu barədə məlumat verilərdi. Belə ki, həmin akt istehlakçının iştirakı ilə tərtib olunmuş və o, aktı imzası ilə təsdiq etmişdir. Həmin aktda hər hansı bir müdaxilənin olması qeyd olunmamışdır, yalnız sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Lakin qaz sayğacının yoxlanması barədə tərtib edilmiş aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmişdir, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qaz sayğacın hesablama mexanizmində aşkar olunmuş qüsurun iddiaçı tərəfindən törədildiyi sübut olunmamışdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin və həyətin daxilində deyil, sayğaca müdaxilə olsaydı sayğac dəyişdirilərkən aşkar olunardı və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə iddiaçının hər hansı bir marağının olması da müəyyən edilməmişdir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-in X4 İstismarı İdarəsi tərəfindən istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 777.60 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı (Zaqatala rayonu, Makov kəndi) itirilmiş qaza görə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar