Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-19/2024 01.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanına gedən dalanda Cavabdeh tərəfindən qanunsuz aparmış tikilinin sökülməsi və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evləri vardır. Onlar həmin ünvanda yaşayırlar və cavabdehlə qonşudurlar. Onların evlərinə gedən yol dalandan ibarətdir. Bu fakt ərizəyə əlavə etdikləri evlərin texniki pasportunda evlərinə gedən yolun ox işarəsi ilə göstərilməsi ilə sübuta yetirilir. Lakin həmin dalan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdeh onlardan xəbərsiz və icazəsiz olaraq həmin dalanda qanunsuz olaraq tikinti aparır. Qeyd olunan mübahisə ondan ibarətdir ki, Cavabdeh onların evlərinə gedən yolda, yəni dalanda tikinti aparılmasını davam edərsə onların evlərinə gedən yol bağlanır. Bununla da cavabdeh mülkiyyətçiləri öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum etmiş olur və onların mülkiyyət hüquqları pozulur. Cavabdehə dəfələrlə qanunsuz tikilini sökməsi və evlərinə gedən yolu bağlamaması barədə xəbərdarlıq etsələr də heç bir müsbət nəticə verməmişdir. Cavabdeh onların xəbərdarlığına əhəmiyyət verməyərək narahatçılıq yaratmaqda davam etmişdir. Cavabdeh könüllü olaraq qanunsuz tikilini sökmədiyi üçün onlar məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşlar və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 14 mart 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, qonşularının iddia etdikləri torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. O, xx.xx.2001-ci il tarixində H.Z.Tağıyev 31 ünvanda yerləşən (hal-hazırda sökülən) evini satın alarkən, ona verilən “Qeydiyyat vəsiqəsi”ndə evi ilə bərabər sözü gedən torpaq sahəsi də göstərilmiş və 2001-ci ildən indiyədək (22 il) həmin torpağın sahibi olaraq torpaq vergisi ödəmişdir. Evini aldığı zaman evin altındakı qonşularının dalan adlandırdıqları sahə onlara 80 sm cığır (yol) buraxılmaqla ona məxsus taxta hasarla bağlı vəziyyətdə olmuşdur. O, satın aldığı, evinə köçdüyü gündən bu həyətə sahiblik etmişdir. 2012-ci ilin mart ayında o, həmin taxta hasarı sökərək, qonşulara əvvəlki qədər yol (cığır) buraxaraq, onun yerində qırmızı kərpicdən normal otaq tikdirmiş, həyətinin qalan hissəsinə isə müəyyən miqdar pul xərcləyərək abadlaşdırmışdır. Lakin 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşmüş və qəzalı evi sökülərkən, həmin sözü gedən qonşuları onun orada olmamasından istifadə edərək, evinin altındakı tikilini də ondan xəbərsiz sökdürmüşlər. Sözügedən ərazi heç bir zaman qonşularına məxsus olmamışdır. Qəzalı evinin yerinə verilən, tikiləcək yeni evinin layihəsini bu torpaqlarda yerləşdirmək mümkün olmadığı üçün yeni evi Aşağı Tala kəndində mülkiyyətində olan torpağında inşa edilmişdir. Hal-hazırda isə qonşuları evinin bu torpaqda tikilmədiyini səbəb göstərərək, onu həyətinə girməyə qoymamışlar. Həyətinə girdikdə şərəfini, şəxsiyyətini alçaldan ifadələr işlədərək, ona hədə qorxu gələrək həyətindən qovmağa cəhd etmişlər. Qonşuları sökülmüş evi və oradakı torpağı ilə bağlı tamamilə yanlış mühakimələr söyləyərək xx.xx.2019-cu il tarixində ona verilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin bu torpağın ona məxsus olduğunu təsdiq edən №1466294 Çıxarışın saxta olduğunu iddia edirlər. xx.xx.2022-ci il tarixində təkrar olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi sözügedən qonşularının iştirakı ilə həmən torpaq sahəsinin (00077 ha) koordinatlarını yerdə müəyyən edərək ona məxsus olduğunu təsdiq edən “AKT” tərtib edərək onlara tanıtmışlar. Onların bu ünvandan köçdüklərindən bəri sözügedən qonşuları evindən sökülməyib qalan, qəzalı olmayan tikilini fiziki xətər yetirməklə qəzalı vəziyyətə salmışlar, həyətində olan nə vardısa söküb-dağıdıb yox etmişlər, torpağına isə özlərinə məxsus tikinti və söküntü materialları yığmaqla zəbt etmişlər. Onların bu hərəkətlərinə görə xx.xx.2023-cü il tarixdə o, öz torpağını qorumaq məqsədi ilə qonşularına giriş-çıxış üçün 1m enində yol buraxaraq həyətini bağlamış və bu torpaqda başqa heç bir tikinti işi aparmamışdır. Lakin maddi imkanı olarsa, bu torpaq onun şəxsi mülkiyyəti olduğu üçün burada tikinti aparmağı planlaşdırır. O, ümumtəhsil məktəbində müəllim vəzifəsində çalışır. Artıq 1 ildir ki, qonşularının bu məsələyə belə yanaşmağı səbəbindən o, yollarda gəzmək məcburiyyətində qalmışdır. ünvan 3 ünvanında qonşularının ona məxsus torpağı ilə bağlı törətmiş olduqları münaqişəyə son qoyulmasına, qonşu X2 bu istiqamətə yolu olmadığı üçün həyətindən yol kimi giriş-çıxışına qadağa qoyulmasına, mübahisə səbəbindən çəkdiyi maddi zərərin cavabdehlərdən alınıb ona ödənilməsinə və iddiaçıların ona qarşı zorbacasına hərəkətlərinə hüquqi qiymət verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, bütün sənədlərdə cavabdeh tərəfindən zəbt edilmiş sahə dalan kimi qeyd edilmişdir. Həmin dalan üç metr enində olmuş, lakin cavabdeh tərəfindən onlara giriş-çıxış üçün bir metr məsafə qoyularaq qalan hissəsi isə şiferlərlə çəpərlənmişdir. Həmin dalandan üç ailə istifadə edir. Bu sahə 77 kvm-dan ibarətdir və orada heç bir tikinti işlərinin aparılması mümkün deyil. Keçmiş dövrdə oradan at arabaları işləmişdir. Cavabdeh tərəfindən həmin yolun zəbt edilməsi qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, ona məxsus ünvan 4 ünvanda yerləşən evinə gedib- gəlmək üçün cavabdeh tərəfindən bir hissəsi zəbt edilmiş dalandan istifadə edir. Onun yaşayış evinin texniki pasportunda evinə giriş üçün həmin dalan qeyd edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, digər iddiaçılarla qonşudur. Ona məxsus ünvan 5 ünvanda yerləşən evinə gedib-gəlmək üçün mübahisəli dalandan istifadə edir. Lakin həmin dalan cavabdeh tərəfindən zəbt edilərək çox hissəsi şiferlərlə bağlanmışdır. Onun yaşayış evinin hüquqmüəyyən edici sənədlərində də evinə gedib-gəlmək üçün yol kimi həmin dalan göstərilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, ünvan 4 ünvanda yerləşən evi alarkən evin altında dalan olmuşdur. Həmin dalanın yerləşdiyi torpaq sahəsi evlə birlikdə ona satılmış və həmin sahə onun xüsusi mülkiyyətidir. O, aldığı evə köçməmişdən əvvəl iddiaçılar evlərinə gedib-gəlmək üçün 77 kvm-dan ibarət cığırdan istifadə etmişlər. Dalanın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da o, iddiaçılara yol kimi istifadə etmələri üçün 1 metr yer qoymuşdur, qalan hissəsini isə bağlamışdır. Hazırda iddiaçılar evlərinə gedib-gəlmələri üçün yol mövcuddur. Bu səbəbdən iddiaçıların iddiaları əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri X12 küçəsi 31 saylı ünvanda 0,242 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri X12 küçəsi 29 saylı ünvanda 0,06014 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri X12 küçəsi 31 saylı ünvanda 0,0077 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X8, X10 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18 yanvar 2019-cu il tarixdə tərtib edilmiş AN 341283 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,0077 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdır. Həmin Torpaq sahəsinin kadastr göstəriciləri döngə nöqtələri 1, 2, 3, 4; müvafiq olaraq X 637711,8998, Y 4610612,6601, 1-2 döngə nöqtələr arası məsafə 3.7 m, X 637714,7302, Y 4610615,0432, 2-3 döngə nöqtələr arası məsafə 21,1 m, X 637728,2438, Y 4610598,8382, 3-4 döngə nöqtələr arası məsafə 3.6 m, X 637725,49, Y 4610596,5195, 4-1 döngə nöqtələr arası məsafə 21.1m-dir. İş materiallarında olan JN-833A KOD 40201004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə X13, X5, X7 və X1 mülkiyyətinə Zaqatala şəhərində 0,01 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-834A KOD 40201004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə X9, İddiaçı3, X11, İddiaçı1 və X6 mülkiyyətinə Zaqatala şəhərində 0,01 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tədqiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 4 ünvanda yerləşən 0,0077 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə digər mülkiyyətçilərlə yanaşı cavabdehə məxsusdur. Cavabdeh həmin torpaq sahəsini qonşu torpaq sahələrindən təcrid edərkən, iddiaçıların hazırda yol kimi istifadə etdikləri 1 metr enində gediş-gəliş yolu saхlamış, qalan hissəsini isə öz ümumi birgə mülkiyyətlərindəki torpaq sahəsi olaraq şiferlə bağlamaqla, qonşu torpaq sahələrindən təcrid etmişdir. İddiaçılar tələblərini saхlanılan 1 metr enində gediş-gəliş yolunun yetərli olmadığını, bu yolun əvvəllər 3 metr enində dalan olması ilə əsaslandırsalar da, tələblərinin əsası kimi istinad etdikləri həmin halın təsdiqi üçün sübut təqdim etməmişlər. İş üzrə sübutlarla, iddiaçıların hazırda gediş-gəliş yolu kimi istifadə etdikləri 1 metr enində yolun evlərinin texniki sənədlərində nəzərdə tutulması və həmin sənədlərə görə eninin 3 metr olması, bununla da cavabdehin hasar tikilisini dalanda inşa etməsi, nəticədə iddiaçıların evlərinə gediş-gəlişlərinə maneəçilik yaranması halları təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçıların hazırda gediş-gəliş yolu kimi istifadə etdikləri 1 metr enində yolun evlərinin texniki sənədlərində nəzərdə tutulması və həmin sənədlərə görə eninin 3 metr olması, bununla da cavabdehin hasar tikilisini dalanda inşa etməsi, nəticədə iddiaçıların evlərinə gediş-gəlişlərinə maneəçilik yaranması halları təsdiq edilmədiyindən, iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanına gedən dalanda sonuncu tərəfindən qanunsuz aparmış tikilinin sökülməsi tələbinə dair iddiaları rədd edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-19/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-19/2024
01.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver