Məhkəmə qərarları › İş №e-2(033)-193/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-193/2023

01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-193/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi, Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X7 İdarəsi tərəfindən mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən evin qazdan istifadə ilə bağlı, itirilmiş qazın bərpası adı altında hesablanmış 1036,80 manat debutor borcun əsassız olması səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında ailəsinə və ona məxsus yaşayış evi vardır. Həmin ünvanda keçmiş həyat yoldaşı Arzu Şabanova, övladları Qurban Qurbanov və Tamerlan Qurbanov yaşamaqdadır. Keçmiş həyat yoldaşının ona deməsinə görə təxminən 2022-ci il iyul ayının əvvəllərində 14 radələrində qeydiyyatda olduğu, lakin yaşamadığı evin qarşısında səs-küy eşidib çölə çıxmışdır. Həmin vaxt o evin qarşısına çıxdıqdan sonra görmüşdür ki, 4 nəfər şəxs onların istifadəsində olan qaz sayğacını yerindən sökürlər, keçmiş həyat yoldaşı Arzu Şabanova həmin şəxslərdən özlərini təqdim etmələrini tələb etmiş, lakin onlar onun sözlərinə əhəmiyyət verməyərək, həmin qaz sayğacını söküb yeni sayğac qoymuşlar. Bundan sonra götürülmüş köhnə sayğacı isə gəldikləri avtomobilin baqajına qoymuşlar. Həmin şəxslərdən biri Arzu Şabanovaya yaxınlaşaraq sayğaca müdaxilə edildiyini bildirmişdir. O da öz növbəsində bununla bağlı heç bir məlumatının olmadığını onlara bildirmişdir. Əlavə olaraq bildirmək istəyir ki, qaz sayğacı evin çölündə yerləşməkdə idi. Bundan sonra onlar yenidən yeni qoyulmuş sayğacı söküb yenidən köhnəsini yerinə taxaraq çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə təxminən 12 radələrində təkrarən ünvan 1 ünvanında ailəsinin yaşadığı evin qarşısında keçmiş həyat yoldaşı yenidən səs eşitmiş, çölə çıxdıqdan sonra əvvəllər də özlərini təqdim etməyən şəxsləri görmüşdür. Həmin vaxt onlar keçmiş həyat yoldaşına qaz idarəsinin işçiləri olduqlarını bildirərək “sayğacı dəyişməyə gəlmişik, siz sayğaca müdaxilə etmisiniz, sayğac ekspertizaya getməlidir” deyərək sayğacı yenisi ilə dəyişərək çıxıb getmişlər. Təxminən həmin hadisədən 10 gün sonra onun adına yuxarıda qeyd olunan hallara görə 1130 manat qaz borcunun yarandığını öyrənmişdir. O bildirmək istəyir ki, həmin ünvanda 8 ildən artıqdır ki yaşamır. Azəriqaz İB-nin ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktında güya onun istifadəsində olan qaz sayğacın ekranının alt hissəsinin deşilməsi qeyd edilmişdir. Bildirmək istərdi ki, sayğac evin çöl hissəsində yerləşmişdir, nə o, nə də ki, orada yaşayan keçmiş həyat yoldaşının və ya övladlarının belə bir hərəkət etmələri mümkün deyil. Yoldaşının da, övladlarının da ümumiyətlə sayğac və digər şeylərdən başı çıxmır, onun və ya onların həmin sayğaca müdaxilə etməsi də mümkün deyil. Yuxarıda qeyd etdikləri hallar da nəzərə alınsa, yəni sayğacın evinin çöl hissəsində yerləşməsi, onun 2 dəfə dəyişdirilməsi, qaz idarəsinin işçilərinin rəsmi qaydada şəxsiyyətlərini təqdim etməmələri, özbaşına hərəkətləri və sair halları nəzərə alsa güman etmək olar ki, məhz onlar qaz sayğacına müdaxilə etmişlər. Bundan başqa ehtimal etmək də olar ki, yaşadıqları Zaqatala rayonunda tez-tez güclü yağış, dolu və külək baş verir, rayonda il ərzində baş vermiş güclü yağış, dolu və külək zamanı evinə çəkilmiş qaz xəttinin üzərində yerləşən sayağac məhz bu səbəbdən zədələnmiş hala düşmüşdür. Qeyd etmək istəyir ki, həmin qaz sayğacı evinin qarşısında yerləşmişdir və o ona heç bir müdaxilə etməmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, Azəriqaz İB xx.xx.2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda güya onun və ya etibarnamə üzrə nümayəndənin iştirakı ilə aktda göstərilən hərəkətlər həyata keçirilmişdir. Lakin bildirmək istəyir ki, aktda onun və ya etibarnamə ilə nümayəndənin iştirakı qeyd olunsa da həmin akt tərtib olunarkən o orada olmamış, o və ya etibarnamə üzrə hər hansı bir nümayəndəsi həmin akta imza etməmiş, kimin onun adından imza etdiyi barədə ümumiyyətlə məlumatı olmamışdır. Hətta onun qohumlarından kiməsə imza etdirmələri üçün belə olsa tərəfindən hüquqlarının təmsil olunması ilə əlaqədar etibarnamənin mövcud olması lazımdır, lakin o həmin ünvanda yaşayan ailə üzvlərindən heç bir kəsə hüquqlarının təmsil olunması ilə bağlı etibarnamə verməmişdir. Bundan başqa ******* nömrəli, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda da eyni qanun pozuntusu baş vermiş, eyni hallar təkrarlanmışdır. Belə ki, o təkrarən bildirir ki, 8 ildən artıqdır ki, o həmin ünvanda yaşamır. Bu yaxınlarda sayğaca müdaxilə olunduğu üçün qazdan istifadə ilə bağlı ona bildiriş təqdim edilmişdir. Bildirişdə 1036,80 manat debutor borcunun olduğu qeyd edilmişdir. Halbuki, həmin ünvanda yaşayan ailə üzvləri hər ay qazdan istifadəyə görə yaranmış borcu mütəmadi olaraq ödəmiş və onların bu qədər borcunun yaranması mümkünsüz idi. Məsələ ilə bağlı, Cavabdeh Zaqatala X8 İdarəsinin aidiyyatı vəzifəli şəxsləri ilə əlaqə saxlayan zaman məlum olmuşdur ki, həmin debutor borc 2022-ci ildə sayğac dəyişdirildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən hesablanmışdır. Göründüyü kimi, Cavabdeh Zaqatala X8 İdarəsi qanunsuz və əsassız olaraq ona 1036,80 manat debutor borc hesablamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Azəriqaz İstehsalat Birliyi etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1063.20 manat borc vardır. Həmin borcun 26.40 manat hissəsi sayğac üzrə, 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan g4 markalı ******* nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-02940-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq Cavabdeh Zaqatala X5 İdarəsi tərəfindən hesablanmış 1036,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Vüsal Heydərov etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddiann rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, X3 nümayəndəsi Vüsal Heydərov etirazda məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 19442 nömrəli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin Qurban Mehdiyev şəxsində, digər tərəfdən istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 27 iyul 2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh Zaqatala X7 İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni G4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X5 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, 29/1710-02940-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir, qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın normal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.4x24x90=8640 m3 Cəmi 8640 m3. 06 yanvar 2022-ci il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan, ünvan 1 ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 2022-ci il üçün 1036,80 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdırıb iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Qurbanov X4 şəhəri, S.Qazıyeva küçəsi, ev 52 ünvanında yerləşən fərdi yaşayış evinin qazla təchiz edilməsi məqsədi ilə Cavabdeh Zaqatala X7 İdarəsi ilə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 19442 nömrəli müqavilə bağlayaraq Cavabdeh Zaqatala X7 İdarəsinin abonenti olmuşdur. Cavabdeh Zaqatala X7 İdarəsinin mütəxəssisləri tərəfindən 27 iyul 2022-ci il tarixdə iddiaçının istifadəsində olan G4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi müəyyən edilmişdir. İddiaçı mənzilində yaşayan keçmiş həyat yoldaşı və uşaqlarının təbii qazdan istifadə etdiklərini, dəyərini vaxtı-vaxtında ödədikləri halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün 1036,80 manat debitor borcunun olduğu müəyyən edilmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 1036,80 manat borcun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G4 markalı, ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X5 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G4 markalı, ******* nömrəli qaz sayğacının sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən aktda istehlakçının nümayəndəsi qrafasında İddiaçı Qeydi edilmiş və həmin qrafanın qarşısında imza edilmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X6 əməkdaşları tərəfindən istehlakçı olan iddiaçıya heç bir məlumat verilməmiş, sayğacın yeni sayğacla əvəz edilməsi bildirilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi Azəriqaz İB-nin Zaqatala X5 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X5 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır.” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X5 İdarəsinin xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “qaz sayğacının sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 1036,80 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X6 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh Zaqatala X5 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036,80 manat debitor borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh Zaqatala X5 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat debutor borcu İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar