Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-196/2023 22.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X3 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X3 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X3 İdarəsi tərəfindən hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və yaşadığı ev öz adınadır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunur. Qaz sayğacının dekabr ayında sərfiyyatı ilə yanvar ayı sərfiyyatı arasında kəskin fərq olduğu üçün Azəriqaz-ın həmin küçəyə nəzarət edən əməkdaşına qaz sayğacına baxış keçirilməsini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının 07-də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğacına baxış keçirildi, dövlət yoxlanışından keçirilməsi məqsədi ilə çıxarıldı və yenisi ilə əvəz edildi. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olundu. Həmin aktda G-4 markalı **********7 nömrəli sayğacın ekranı gövdədən aralanması qeydi yazıldı və aktı "Azəriqaz" İB-in nümayəndələri və o, imzalamışdır. Qaz sayğacı evindən kənarda küçədə yerləşir. Həmin vaxtı qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirmişdir. Bundan sonra qaz sayğacı yoxlanışa aparılmış, lakin yoxlanışın nəticəsi barədə heç bir məlumat verilməmişdir. Yenicə bilmişdir ki, "Azəriqaz" İB tərəfindən ona cərimə olaraq 518,40 manat məbləğində artıq qaz sərfinə görə borc yazılmışdır. O bununla razı deyil. Əvvəlcə bununla bağlı "Azəriqaz" İB-in Zaqatala RQİİ-nə müraciət etmişdir. Müraciətinə cavab olaraq "Azəriqaz" İB-in Zaqatala RQİİ tərəfindən ona 01 dekabr 2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əlavə olunmuş 24 fevral 2022-ci il tarixli MSK- 29/1710-00554-1 nömrəli AKT-dan aydın oldu ki, xx.xx.2022-ci il tarixdə guya qaz sayğacı yoxlanılmış və müəyyən olunmuşdur ki, G-4 markalı **********7 nömrəli sayğacın 20345946 nömrəli plombu kəsilərək G-4 SM/6809 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, guya sərfi qeydə almır. Bundan sonra cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin aktda guya xx.xx.2022-ci il tarixdə istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, G-4 markalı **********7 nömrəli sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, güya sərfi qeydə almır, dəymiş ziyanın hesablanaraq ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. Lakin bununla razılaşmır, çünki tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Həmçinin həmin akt onun iştirakı olmadan tərtib olunmuş və tərəfindən həmin akt imzalanmamışdır. Lakin həmin aktda qeyd edilmişdir ki, guya o həmin aktı imzalamaqdan imtina etmişdir. İstifadə etdiyi sayğac öz həyətində deyil, evdən aralıda küçədə olmuşdur və özü onu gecəgündüz qorumaq imkanı olmamışdır. Ona görə də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 556.68 manat borc vardır. Həmin borcun 38.28 manat hissəsi sayğac üzrə, 518.40 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********7 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********2 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022ci il tarixli 29/1710-00554-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir sərfi qeydə almır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş, cavabdehlərdən Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07 yanvar 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-030554-1 saylı aktdan görünür ki, Dövlət yoxlaması nəticəsində G4 markalı **********7 nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdəri, sərfi qeydə alınır. Mülki işin materiallarında olan cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in rəisi Sübhi Bayramov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən, G4 markalı **********7 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 4x12x90=4320 kub.m. Mülki işin materiallarında olan Cavabdeh İB-nin əməkdaşları E.Həşimov, R.Buqayeva və F.İskəndərli tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 25 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş G4 markalı **********7 nömrəli qaz sayğacı 29/1710-000554-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdəri, sərfi qeydə almır. İddiaçı aktı imzalamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Tələb borcun miqdarının artıq hesablanması ilə deyil, tərəfindən sayğaca heç bir müdaxilə edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı borcun hesablanmasına əsas olmuş aktın onun iştirakı olmadan tərtib olunduğunu iddia etsə də, onun “qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirməsi” barədə iddia ərizəsində qeyd etdikləri aktın onun iştirakı ilə tərtib olunduğunu təsdiq edir. Bundan başqa, aktda sayğacdakı qüsurun iddiaçının təqsirindən yaranması da qeyd edilməmişdir. Bu qeyd edilənlər isə sayğacın sıradan çıxmasına dair aktlarda qeyd edilənlərin işin hallarına uyğun olduğunu təsdiq edir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçının abonenti olduğu Zaqatala şəhəri A.Həmidov küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçsə də sərfiyyat qeydə alınmır. İddiaçı tələbini borcun məbləği ilə deyil, qaz sayğacının evindən kənarda küçədə yerləşməsi, həmin vaxtı qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirməsi ilə əsaslandırmış, lakin sayğacın sıradan çıxdığı dövrdə evində qaz istehlakı olmadığını iddia etməmişdir. Məhkəmə, iddia üzrə onu qeyd etməyi zəruri hesab edir ki, istehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunsa da, quraşdırılmış sayğacın istehlak olunmuş qazı hesablamaması işin mübahisə edilməyən halıdır. İddiaçıya da borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, itirilmiş qazın bərpası üçün hesablanmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə və Cavabdeh Zaqatala X3 İdarəsinə qarşı Cavabdeh Zaqatala X3 İdarəsi tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X3 İdarəsinə qarşı Cavabdeh Zaqatala X3 İdarəsi tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-196/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-196/2023
22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver