Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-202/2023 22.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbini üzrlü hesab edərək uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X5 20 sentyabr 2013-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra Zaqatala rayonu Lahıc kəndi ərazisində həyətyanı torpaq sahəsi və yaşayış evi miras qalmışdır. Həmin həyətyanı torpaq sahəsində qardaşının razılığı ilə yaşayış evi tikmişdir və istifadə edir. Həmin tikdiyi yaşayış evini rəsmiləşdirmək məqsədi ilə vərəsəlik açdırmaq üçün notariusa müraciət etmişdir. Notarius isə ona məktub verərək mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyünü bildirmişdir. Həmin müddəti bərpa etmək üçün məhkəməyə müraciət etməsini bildirmişdir. Notariusun bu fikri ilə razı deyil, ona görə ki, anasından miras qalmış əmlakın bir hissəsini o, faktiki olaraq idarə edir. Belə ki, anasından miras qalmış yaşayış evinin əmlak vergisini, torpaq sahəsinin torpaq vergisini o, ödəmişdir. Həmin vergiləri ödəməsinə dair mədaxil qəbzləri və bələdiyyə arayışı vardır. Bundan başqa, anasından miras qalmış həyətyanı torpaq sahəsində öz vəsaiti hesabına bir mərtəbəli yaşayış evi tikməsinə dair Lahıc kənd sakinlərinin tərtib etdiyi akt vardır. Qeyd olunan sənədlərdən də görünür ki, anasından miras qalmış əmlakdan faktiki olaraq istifadə edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 etirazla müraciət edərək İddiaçı onun həyətyanı torpaq sahəsindən və evindən pay istəməsi əsassız və qanunusuz olduğundan onun “mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı-bacısı İddiaçı, “mirasın qəbul edilməsi vaxtının uzadılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, 20 sentyabr 2013-cü il tarixdə analarının vəfatından sonra mirası faktiki olaraq qəbul etdiyinə görə üçüncü şəxs qismində cəlb edilmişdir. Dövlət Notariusu haqlı olaraq iddiaçının vərəsəliyin açılması tələbini təmin etməmişdir. Bildirir ki, iddiaçı-bacısı İddiaçı iddiası əsassızdır. Anası vəfat etdikdə onun yas mərasimini o özü keçirmiş və sağlığında anası onunla yaşamışdır. Anasının vəfatından sonra 6 ay müddətində qardaş və bacıları tərəfindən heç bir miras tələbi olmamış və vərəsəlik açılması üçün müvafiq orqana müraciət olunmamışdır. İddiaçı bundan əvvəl Bakı şəhərində yerləşən evini 60 min manata sataraq özünə məxsus əşyalar müvəqqəti saxlamaq üçün Bəhmətli kəndində yaşayan xalası qızının evinə yerləşdirmişdir. Xalasıqızı xeyir işi olması ilə əlaqədar əmlakın çıxarılmasını xahiş etmiş, münasibətləri olmasa da qohumların xahişini nəzərə alıb əmlakını müvəqqəti saxlamaq üçün həyətindəki olan köhnə tikilidə yerləşdirməsinə icazə vermişdir. Əşyalarını yerləşdirdiyi ev iddiaçı tərəfindən tikilməmişdir, həmin tikiliyə heç bir vəsait xərcləməmişdir. Sonradan ona məlum olmuşdur ki, onun məqsədi qanunsuz yolla mülk əldə etməkdir. Əmlakın çıxarılmasını tələb etməyinə baxmayaraq iddiaçı əmlakını ordan çıxarmır. Əşyalar hazırda həmin evdədir, baxmayaraq ki, özü həmin evdə yaşamır. Onda olan məlumata görə Zaqatala şəhərində kirayə yaşayır. Zaqatala rayon Lahıc kənd İnzibati Ərazi Dairəsinin verdiyi 263 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan da məlum olur ki, Yasəmən Şahmurovanın ölmünədək həmin evdə Fatma Şahmurovə qeydiyyatda olmamışdır. Fatma Şahmurovanın sübut kmi məhkəməyə təqdim etdiyi bütün sənədlər saxtadır. Sübutların həqiqiliyinin araşdırılmasını xahiş edir. Onun anası Yasəmən Şahmurovadan qalmış pay torpaq sahələrinin bütün vərəsələr arasında bölünməsinə heç bir etirazı yoxdur. Lakin İddiaçı miras qaldığını iddia etdiyi ev özünün vəsaiti hesabına tikilib və illərdir ailəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiklərini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, 20 sentyabr 2013-cü il tarixdə anasının vəfatından sonra mirası faktiki olaraq qəbul etmişdir. Anasının vəfatından sonra həmin torpaq sahəsində olan fərdi yaşayış evində o, ailəsi ilə birgə yaşayır. Anasından miras qalmış torpaq sahəsi üzərində öz vəsaiti hesabına əlavə, hansı ki iddiaçı hazırda mübahisələndirir həmin evi tikmişdir. İddiaçı Fatma Şahmurova onun bacısıdır və bacısına məxsus əşyalar həmin həyətdə yerləşən anasının sağlığında da orada olan köhnə tikilinin yerləşdiyi yerdə sonradan tikilmiş evdə yerləşir. Özü həmin tikilidə yaşamasa da iddiaçının əşyaları bu gündə həmin yeni tikilən evdədir. Həmin tikiliyə o özü daxil olmur, yalnız iddiaçı girib çıxır. Həmin tikilinin ayrıca giriş-çıxış yolu yoxdur. O, həmin tikilinin iddiaçıya verilməsinə etiraz etmir, lakin həmin tikiliyə daxil olmaq üçün ona məxsus torpaq sahəsindən keçmək lazımdır. O, isə iddiaçının onun torpaq sahəsindən istifadə etməklə tikiliyə girib-çıxmasına razı deyil. Necə istəyir həmin tikiliyə girib çıxsın. Tikilinin qapısı bağlıdır, iddiaçının əşyaları oradadır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirdi ki, 2022-ci ildə X4 mülkiyyətində olan torpaq sahəsində 1 mərtəbəli evin tikintisində iştirak edib. O hörmə və suvaq işlərini görüb. Həmin evin tikintisi vaxtı X10 evin, bacısı Fatma üçün tikildiyini bildirmişdir. Evin tikintisi ilə bağlı göstərişi Fatma verirdi və evin tikintisi zamanı çəkilən xərclərin kimin tərəfindən ödəndiyini bilmir, yalnız onlara pulu Mayis evə girib ordan götürdükdən sonra onlara verdiyini bilir. Mayis tikilinin aparılmasına etiraz etmirdi və Fatma ilə çox mehriban idilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, o, X4 mülkiyyətində olan torpaq sahəsində 1 mərtəbəli evin tikintisində iştirak edib. O, tikintidə suvaq və hörmə işlərində İsmayıl Abdullayevlə birgə işləyib. O, həmin tikilidə işə başladıqda binanın yarısının tikilmiş olduğunu bildirir. Tikili ilə bağlı xərcləri Fatma Şahmurova ödəyirdi. Mayis vasitəsi ilə onlar pulu alırdılar. Mayis evin Fatma üçün tikildiyini bildirirdi və həmin tikinti başa çatdıqdan sonra ora Fatmanın əşyaları gəldikdə Fatma özü də əşyalarla birlikdə tikiliyə köçmüşdür. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X7 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və şahidlərin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alıb, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnumunun 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 etiraz ərizəsində iddiaçının mirası qəbul etməməsini bildirsə də, sonradan məhkəmə iclasında verdiyi izahatında anasından miras qalmış torpaq sahəsində yeni tikili tikildiyini, həmin tikilidən iddiaçının istifadə etdiyini, iddiaçının əmlaklarının həmin tikilidə olmasını, qapısının iddiaçı tərəfindən bağlandığını bildirmiş, eyni zamanda həmin tikilinin iddiaçıya verilməsinə etiraz etmədiyini, lakin iddiaçının həmin tikiliyə daxil olmaq üçün ona məxsus-anasından miras qalmış torpaq sahəsindən istifadə etməməsini bildirmişdir. Hazırda isə İddiaçı tərəfindən mirası qəbul etməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxıla bilməz. Ona görə ki, İddiaçı ilkin olaraq iddia ərizəsi ilə müraciət edərək xx.xx.2013cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbini üzrlü hesab edərək uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddianın predmetini dəyişdirərək xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Zaqatala rayonu Lahıc kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı iddianı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu X2 qarşı versə də onun iddiaçı kimi cavabdeh qismində qeyd etdiyi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu X2 qarşı yönəlmiş maddi-hüquqi tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbi həmin ərizədə cavabdeh qismində qeyd edilən Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu X2 yönəlmədiyindən və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulduğundan bu hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-202/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-202/2023
22.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver