Məhkəmə qərarları › İş №e-2(033)-225/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-225/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-225/2023 18.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin Zaqatala Sukanal sahəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin Zaqatala Sukanal sahəsi tərəfindən hesablanmış 400,66 (dörd yüz manat altmış altı qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Zaqatala şəhəri, Kiçikxanlı küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin evi xx.xx.2021-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Həmin evdə aldığı gündən hələ yaşamamış və kommunal xidmətlərdən istifadə etməmişdir. Həmin evi alarkən evin kommunal borclarının olubolmaması barədə məlumat aldıqda evin heç bir kommunal borcunun olmadığı məlum olmuşdur. Buna baxmayaraq həmin fərdi yaşayış evinə içməli suyun verilişi dayandırılmışdır. Bununla bağlı Zaqatala Sukanal sahəsinə müraciət edərək suyun verilişinin bərpa edilməsini xahiş etmişdir. Zaqatala Sukanal sahəsindən adını bilmədiyi əməkdaşı gələrək suyun verilişini bərpa etmiş, lakin suyun verilişinin nə üçün dayandırıldığını bildirməmişdir. Yəni borcun olması ilə bağlı heç bir məlumat verməmişdir. Bundan bir ay sonra Azərsu ASC-nin bildiriş kağızı gəldikdə öyrənmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evinin (abonent kodu **********550 olan) 400,66 manat su borcu hesablanmışdır. Bu borcun haradan yaranması ona məlum deyildir. Bununla bağlı **********550 saylı abonentə heç bir xəbərdarlıq məktubu verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Bununla bağlı Zaqatala rayon Sukanal sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə müraciət etmişdir. Ona verilmiş abonent kartının çıxarışından görünür ki, həmin ünvanda su sayğacında hesablanmış su borcu 2020-ci il üzrə 20,7 manat olmuşdur. Bundan sonra 2022-ci il üzrə 400,66 manat olmaqla cəmi 421,36 manat hesablanmışdır. Beləliklə görünür ki, cavabdeh təşkilat ona əsassız olaraq borc yazmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 izahatında göstərdi ki, ünvan 2 ünvanında quraşdırılmış su sayğacı üzrə abonent Fayzat Talıbovadır. Onunla xx.xx.2013-cü il tarixdə həmin fərdi yaşayış evinə göstəriləcək xidmətlərlə bağlı müqavilə hazırlanmış, lakin istehlakçı tərəfindən müqavilə imzalanmamışdır. 2013-2016-cı illərdə həmin abonent tərəfindən istifadə olunan su və kanalizasiya xidmətləri ödənmiş və 2016-cı ildən sonra idarənin əməkdaşları həmin evdə yaşayış olmadığını bildirmiş və bu səbəbdən sayğac göstəricilərinə nəzarət edilməmişdir. xx.xx.2022-ci il tarixdə sayğac göstəriciləri Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yoxlanarkən su sərfiyyatının olduğu müəyyən edilmiş və hesablanaraq ünvan 2 ünvanında sərf edilmiş və ödənilməmiş suyun dəyərinin 400,66 manat olması müəyyən edilmişdir. İddia tələbini qəbul etmir, qeyd edilən borcun sayğac göstəriciləri əsasında hesablandığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən şahid X10 izahat verərək göstərdi ki, o, etibarnamə əsasında X1 əvəzində notariat ofisində satıcı kimi iştirak etmiş, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və ümumi sahəsi 94,50 kv.m fərdi yaşayış evini müqavilə əsasında İddiaçı satmışdır. Həmin fərdi yaşayış evində 9 ildən çoxdur ki, ümumiyyətlə yaşayış olmamış, evi ona tapşırdıqlarından ara-bir gəlib evi yoxlamışdır. Həmin müddət ərzində də sudan istifadə etməmişdir. Bundan başqa, onlar evi satan zaman kommunal ödənişləri etmişlər. Onların su idarəsinə hər hansı məbləğdə borcları olmamışdır. İşin halları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 noyabr 2013-cü il tarixdə bağlanmış (Azərsu ASC və istehlakçı tərəfindən imzalanmamış) Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə əsasən xidmət ünvanı K.Xanlı ev 18 A, abonent kodu isə **********5500. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və ümumi sahəsi 94,50 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 məxsus olmuşdur. AN-İ ******* nömrəli 06 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ünvan 3 ünvanında yerləşən 0.04 ha olan torpaq sahəsini və ümumi sahəsi 94.5 kv.m. olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və ümumi sahəsi 94,50 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, ünvan 4 ünvanında xx.xx.2013-cü il tarixli müqavilə əsasında abonent Fayzat Talıbovaya göstərilən xidmətlər üzrə xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə 400, 66 manat borc yaranmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, Fayzat Talıbovanın 2022-ci ilə kimi 400,66 manat borcu vardır. Zaüqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 968015 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 1.6-cı bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 1.12-ci bəndinə əsasən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda STKM-in qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunu 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Həmin tarixədək həmin əmlak X4 mülkiyyətində olmuşdur. İddiaçı hazırda mülkiyyətində olan Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən göstərilən xidmətlərlə təmin edilməsi məqsədi ilə 01 noyabr 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə tərtib edilmiş, lakin həmin müqavilə onun tərəfləri olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və istehlakçı tərəfindən imzalanmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş abonent kartı ilə müəyyən edilmişdir ki, Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə əsasında müştəri Fayzat Talıbovaya xidmət göstərilmiş və xx.xx.2020 və xx.xx.2022-ci il tarixlər arasında olan müddət üçün ona 400,66 manat sayğac göstəriciləri üzrə borc hesablanmışdır. Göründüyü kimi, İddiaçı silinməsini tələb etdiyi borc 06 aprel 2021-ci il tarixdən onun mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən göstərilən xidmətlər üçün suölçən cihaz göstəricilərinə əsasən xx.xx.2020 və xx.xx.2022-ci il tarixli zaman kəsiyi arasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış borc məbləğidir. Məhkəmə araşdırmasında Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə təqdim edilsə də, həmin müqavilə nə cavabdeh qurumun nümayəndəsi, nə də istehlakçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” ilə müəyyən edilir ki, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış və həmin Qaydaların 1 və 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun tərtib edilmiş alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bu isə o deməkdir ki, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında xidmətlərin göstərilməsi ilə bağlı bağlanmış müqavilə yazılı əqd formasında tərtib edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsində yer alan yazılı əqdin anlayışından müəyyən olunur ki, yazılı əqd əqdin məzmununu ifadə etməklə yanaşı əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilmədən bağlandığından Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2013-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə etibarsız əqd olduğundan həmin əqd onun tərəfləri üçün hüquqi nəticə yarada bilməz. Etibarsız əqd hüquqi nəticələr yaratmadığından məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə əsasında Zaqatala şəhəri Kiçikxanlı küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə göstərilmiş xidmətlər nəticəsində 400,66 manat borc da daxil olmaqla hər hansı öhdəliyin yaranması qanuni və əsaslı hesab edilə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh ASC-nin tələb etdiyi suölçən cihazın göstəriciləri üzrə borcun hesablanmasının əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Azərbaycan Respublikası "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin ünvan 6 ünvanında yerləşdirilmiş suölçmə cihazının göstəriciləri üzrə tərtib edilmiş **********550 abonent kodlu abonent kartı məlumatlarında xx.xx.2020-xx.xx.2022-ci il tarixlər üçün hesablanmış 400,66 manat borc abonentin hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikası "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin ünvan 6 ünvanında yerləşdirilmiş suölçmə cihazının göstəriciləri üzrə tərtib edilmiş **********550 abonent kodlu abonent kartı məlumatlarında xx.xx.2020-xx.xx.2022-ci il tarixlər üçün hesablanmış 400,66 (dörd yüz manat altmış altı qəpik) manat borc abonentin hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar