Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-241/2024 11.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 35.40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsum, ümumilikdə 1535.40 (bir min beş yüz otuz beş manat qırx qəpik) tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X9 idarə etdiyi “Vaz 21144” markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı-Yevlax yolunun 6-cı kilometri ilə hərəkət edən zaman idarə etməni itirməsi nəticəsində avtomobil yolda beton bordürə dəyərək bir neçə dəfə aşmış, nəticədə X9 hadisə yerində dünyasını dəyişmiş, avtomobildə əyləşmiş X12 və Cavabdeh xəsarət almışlar. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar kimi müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh öz adına qeydiyyatda olan “Vaz 21144” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədilə sərxoş vəziyyətdə olan X5 vermişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində X1 ağır xəsarət yetirilmişdir. Sözügedən xəsarət üçün PME********** saylı sığorta şəhadətnaməsinə və İAS192146 saylı xx.xx.2019-cu il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən M.R.Əhmədova 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 15 dekabr 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «VAZ 21144» minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə PME********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası” müqaviləsi üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İş materiallarında olan 01 iyun 2018-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə X4 əməlinin CM-nin 263.2-ci maddəsindən CM-nin 263- 1.2-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 01 iyun 2018-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 336.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ YPXA-ya göndərilməsi qərara alınmşdır. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli İAS192146 saylı sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 dəymiş “ağır xəsarətə” görə PME********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası” müqaviləsi üzrə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli 3043 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 hesab nömrəsinə 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsinin xx.xx.2018-ci il tarixli, 185 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X8 məhkəmə tibbi müayinəsi — zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol almacıq sümüyünün qapalı yerdəyşən sınığı, sol qaş sol üst göz qapağı və sol almacıq ııahyələrinin əzilmş-cırılmış yaralı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2018-ci il tarixdə, yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının beton maneəyə dəyməsii nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsinin xx.xx.2018-ci il tarixli, 475 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh sidiyinin klininki-laborotor müayinəsi zamanı 0.9 faiz qatılığında etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsinin xx.xx.2018-ci il tarixli, 07 nömrəli ekspert rəyindən görünür ki, X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1 faiz qatılığında etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. İşdə olan xx.xx.2019-cu il tarixli 115-09/19 İTŞ nömrəli məktubdan görünür ki, Cavabdeh oluna “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.2 və 25.2-ci maddələrinə uyğun olaraq ödəniləcək sığorta ödənişinin ondan geri alınacağı izah edilmişdir. İş materiallarında olan Şəki 8 saylı RQİB tərfindən verilmiş AB N 252423 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21144 minik” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan xx.xx.2018-cil tarixli, ƏN-Vİ seriyalı 078705 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 “Vaz 21144 minik” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyi və digər hərəkətlər etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2019-cu il tarixinədək qüvvədədir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında çıxarışdan görünür ki, hadisənin baş verdiyi xx.xx.2018-cil il tarixdə **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari avtoməsuliyyət sığortası qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat idarəsinin 05 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci ildə saat 04:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 6-cı kilometrində 1990-cı il təvəllüdlü Zaqatala rayonu 1-ci Tala kəndində qeydiyyatda olan X11 idarə etdiyi VAZ-21154 miniki markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun ortasındakı beton dairəyə çırpılmış, nəticədə sürücü X11 aldığı xəsarətdən hadisə yerində ölmüş, həmin avtomobilidə olan sərnişinlər 1990-cı il təvəllüdlü, Goranboy rayonunun Veyisli kəndində yaşayan Cavabdeh və 1992-ci ildə Zaqatala rayonun Yuxarı Tala kəndində yaşayan X12 xəsarət almışdırlar. İş materiallarında olan X12 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 30 sentyabr 2019cu il tarixli ərizədən görünür ki, xx.xx.2018-ci il tarixində Bakı-Şamaxı yolunun 6-cı km-də yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbarı sığortası növü üzrə sığortalanmış VAZ 21144 markalı **-LD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X9 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi nəticəsində beton maneəyə dəymişdir. Baş vermiş hadisə nəticəsində AZ AĞİR dərəcəli bədən xəsarəti almışdır. Hesablanmış 1500 manat zərər məbləği ilə razıdır. "xxxx" ASC tərəfindən zərərçəkmiş tərəf kimi ona ödəniləcək 1500 manat məbləğində pulun onun "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 35.40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2.-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaq;... “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə görə yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2019-ci ildə saat 04:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 6-cı kilometrində 1990-cı il təvəllüdlü Zaqatala rayonu 1-ci Tala kəndində qeydiyyatda olan X11 idarə etdiyi “VAZ-21154” miniki markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun ortasındakı beton dairəyə çırpılmış, nəticədə sürücü X11 aldığı xəsarətdən hadisə yerində ölmüş, həmin avtomobilidə olan sərnişinlər 1990-cı il təvəllüdlü, Goranboy rayonunun Veyisli kəndində yaşayan Cavabdeh və 1992-ci ildə Zaqatala rayonun Yuxarı Tala kəndində yaşayan X12 xəsarət almışdırlar. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarla, ********* nömrəli cinayət işi üzrə Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 336.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ YPXA-ya göndərilməsi qərara alınmışdır. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində X1 “az ağır” zərər yetirilmiş, sözügedən xəsarət üçün PME********** saylı sığorta şəhadətnaməsinə və İAS192146 saylı xx.xx.2019-cu il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən X10 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, tərəflər arasında «subroqasiya hüququ» ilə bağlı hüquq münasibətləri yaranmış, bununla da sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etməsinə dair «subroqasiya hüququ» sığortaçıya keçmişdir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə, mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35.40 (otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,222, 233.1, 284-6, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1500 (bir min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35.40 (otuz beş manat qırx qəpik), cəmi 1535.40 (bir min beş yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-241/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-241/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver