Məhkəmə qərarları › İş №e-2(033)-302/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-302/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-302/2024 19.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirib aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 426 AZN borcun, 63.9 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Rec group" MMC ilə Cavabdeh arasında bağlanmış REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 466 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə “Rec group" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən “Rec group" MMC-nin Cavabdeh qarşı olan 466 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 426 manat əsas borcu, 63.9 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 12 yanvar 2024cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları “Rec group" MMC ilə Cavabdeh arasında bağlanmış REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, “Rec group" MMC alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 466 manat dəyərində olan malı Cavabdeh nisyə satmağı, Cavabdeh isə satılmış əşyaya görə ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə (12 ay) və qaydada (aylıq ödəniş 38.83 manat) pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.3-cü bəndindən görünür ki, satıcının alıcıya qarşı Müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-yə və ya digər üçüncü şəxslərə güzəşt etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı qalan borcun ödənilməsini qecikdirildiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, dəyəri 466 manat olan məişət avadanlığı ilkin ödəniş edilmədən tam dəyəri 12 ay müddətinə ödənilmək şərti ilə 11 ayın hər ayı 39 manat, sonuncu ayı isə 37 manat müəyyən edilməklə Cavabdeh verilməlidir. xx.xx.2022-ci il tarixli tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, “Rec group" MMC REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində nəzərdə tutulan malı alıcı Cavabdeh təhvil vermişdir. Müştəri qismində “Rec group" MMC ilə faktor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli R-1278/22 saylı faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor İddiaçı QSC borclu barəsində müştəri “Rec group" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəri “Rec group" MMC-yə pul vəsaiti verir, müştəri “Rec group" MMC isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. R-1278/22 saylı xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olunan 27 dekabr 2022-ci il tarixli R-12xx/xx-0026 nömrəli sazişdən görünür ki, “Rec group" MMC və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti aralarında bağlanan R-1278/22 saylı xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olaraq cədvəldə olan məlumatlar əsasında saziş bağlamışdırlar və bu saziş R-1278/22 saylı xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əlavədir və onun ayrılmaz tərkib hissəsidir. Həmin sazişin tərkib hissəsi olan borclular haqqında məlumat və digər şərtlər cədvəlindən görünür ki, Cavabdeh ilə 12 ay müddətinə bağlanmış REC000279 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 466 manat məbləğ güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə yaranmış borcu 3 gün müddətində tam olaraq ödəmədiyi təqdirdə, müqavilə üzrə qalıq borc məbləğin vaxtından əvvəl alınması və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin məcburi qaydada tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, REC000279 saylı xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixə Ferrum Kapital MMC-yə 426 manat əsas borcu, 63.9 manat cərimə borcu, cəmi 489.9 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, REC000279 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC dəyəri 466 manat olan məişət avadanlığını alıcıya vermiş, Cavabdeh ilkin ödəniş etmədən onu qəbul edib, avadanlığın qiymətini 12 ay ərzində- 11 ay 39 manat, sonuncu ay isə 37 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürmüşdür. R-1278/22 saylı xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olunan 27 dekabr 2022-ci il tarixli R-12xx/xx-0026 nömrəli sazişə əsasən REC000279 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh yaranmış öhdəlikləri "xxxx" MMC tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən Cavabdeh məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində REC000279 saylı xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixli R-1278/22 saylı faktorinq müqaviləsinə əlavə sazişə əsasən REC000279 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələbi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə güzəşt etmişdir. Bu səbəbdən də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdehndən tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 426 manat məbləğində əsas borc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin 63.9 manat məbləğində cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericinin cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 63.9 manat cərimə qismən, 42.6 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 426 manat məbləğində əsas məbləğ üzrə borc, 42.6 manat cərimə borcu olmaqla, cəmi 468.6 manat borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 426 (dörd yüz iyirmi altı) manat məbləğində əsas borc, 42.6 (qırx iki manat altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 468.6 (dörd yüz altmış səkkiz manat altmış qəpik) manat borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar