Məhkəmə qərarları › İş №e-2(033)-37/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-37/2023

09.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-37/2023 09.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, iddiaçı X5 Cəmiyyətinin nümayəndəsi X8 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şimal-qərb filialının Zaqatala şöbəsi (əvvəlki X2) Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşir. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansındadır. Qeyd edək ki, İddiaçı MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan başqa Cavabdeh tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evinin tikildiyi 0.05 ha torpaq sahəsinin Zaqatala şəhər sakini Cavabdeh tərəfindən zəbt edilməsi onun da imzaladığı xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı MMC tərəfindən cavabdehə Şimal-qərb filialının Zaqatala şöbəsinin ərazisinin zəbt edilmiş 0,0084 ha hissəsinin boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən "xxxx" MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin "xxxx" MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı "Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən "xxxx" MMC-nin Şimal-qərb flialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin "xxxx" MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda e-2(033)-602/2022 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçının iddiasına münasibətdə aşağıda qeyd olunan məsələləri məhkəmənin diqqətinə çatdırmaq istəyir: 1. İddiaçı "xxxx" MMC-nin iddia etdiyi ünvan 3 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli, 117 saylı qərarına əsasən iş üzrə Cavabdeh mülkiyyətinə verilmiş və sonuncunun həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 2465A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi "xxxx" MMC-nin Şimal-qərb flialının Zaqatala şöbəsinin balansında yox, iş üzrə Cavabdeh xüsusi mülkiyyətindədir. 2. İddiaçı "xxxx" MMC-nin iddiasının hüquqi əsası kimi istinad etdiyi texniki pasport, daşınmaz əmlaka dair zəruri texniki ölçüləri özündə əks etdirən sənəddir. Həmin sənəd hüquqmüəyyənedici sənəd olmamaqla bərabər, mübahisə predmet olan torpaq sahəsinin Aztelekom" MMC-nin Şimal-qərb flialının Zaqatala şöbəsinin balansında olmasını müəyyən edə bilməz. 3. İddiaçı "xxxx" MMC-nin sökülməsini tələb etdiyi fərdi yaşayış evi iş üzrə Cavabdeh tərəfindən 1990-cı il tarixdə inşa olunmuşdur. Həmin müddətdən sonra fərdi yaşayış evi işıq, su, qaz, telefon kimi kommunikasiyalarla təchiz edilmiş, mütəmadi olaraq vergi borcları ödənilmiş və iddiaçının ailə üzvləri həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Məhkəmənin hazırıq iclasında kommunal ödənişlər və vergi ödənişləri barədə sübutlar məhkəməyə təqdim olunacaq, həmçinin fərdi yaşayış evinin iş üzrə Cavabdeh tərəfindən 1990-cı il tarixdə inşa olunmasını təsdiq edə biləcək şahidlərin dindirilməsi barədə məhkəməyə vəsatət veriləcəkdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən "xxxx" MMC-nin Şimal-qərb flialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin "xxxx" MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə iddiasının heç bir hüquqi və qanuni əsası yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndələri X9 və Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş üzrə üçüncü şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 5694 olan 17 sentyabr 2010-cu il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, balans saxlayıcı Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi faktiki olaraq 0,411 ha torpaq sahəsi rəsmiləşdirilmişdir. JN seriyalı 2465A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən Zaqatala şəhəri ərazisində 0,05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Aztelekom MMC-nin Zaqatala filialı tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli aktdan görünür ki, Şimal-qərb regional filialının ünvan 5 ünvanında yerləşən torpaq sahəsində Zaqatala şəhər sakini Cavabdeh 0.05 ha (26mx19m) sahəsi olan ərazidə özü üçün fərdi ev tikmişdir və ailə üzvləri (5 nəfər) ilə birlikdə hai-hazıradək həmin evdə yaşayır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin 0.05 ha (26mx19m) hissəsinin 7 (yeddi) təqvim günü ərzində boşaldılaraq Şimal-qərb regional filialının Zaqatala şöbəsinin səlahiyyətli şəxslərinə təhvil verməsi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 18 saylı Zaqatala Ərazi İdarəsinin 04 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi qeydiyyata alınmış 0.411 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları müəyyən edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən Cavabdeh mülkiyyətinə verilmiş JN 2465 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən rəsmiləşdirilmiş 0.05 ha torpaq sahəsinin cizgilərinə əsasən ölçüləri və coğrafi yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi qeydiyyata alınmış 0.411 ha torpaq sahəsinin cizgiləri daxilində Cavabdeh mülkiyyətinə verilmiş JN 2465 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.05 ha torpaq sahəsi yerləşir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 10/7968 nömrəli rəyindən görünür ki, mülk iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi qeydiyyata alınmış 0.411 ha torpaq sahəsinin yerdə (naturada) ölçüləri və koordinatları müəyyən edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən Cavabdeh mülkiyyətinə verilmiş və JN seriyalı 2465A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən rəsmiləşdirilmiş 0.05 ha torpaq sahəsinin cizgilərinə əsasən ölçüləri və coğrafi yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi qeydiyyata alınmış 0.411 ha torpaq sahəsinin cizgiləri daxilində Cavabdeh mülkiyyətinə verilmiş JN 2465 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.05 ha torpaq sahəsi yerləşir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh ünvanlanmış 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh ünvan 8 ünvanında yerləşən "Torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin faktiki istifadə vəziyyətində uyğun elektron kadastr uçot xəritəsinə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etmiş və cavabında elektron uçot işlərinin Zaqatala şəhərində dürüstləşməsi başa çatdıqdan sonra işin icrasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Zaqatala rayonu İcra Hakimiyyəti Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 12 ev 37 saylı evdə yaşayır. Zaqatala Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh məxsus olan ünvan 9 ünvanda yerləşən evin əmlak və torpaq vergi borcunu Cavabdeh ödəyir. xx.xx.2023-ci il tarixədək əmlak və torpaq vergisi borcu yoxdur. Azəriqaz İB tərəfindən 26 may 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, A.Həmidov 5/37A ünvanında yaşayan Novruzov X4 xidmət sahəsi uzrə xx.xx.2006-cı il tarixində **********00371 saylı kod altında kompyuter qeydiyyatına alınmışdır. 05 fevral 2021-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə A.Həmidov döngə 5, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi məqsədi ilə "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh arasında bağlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatlardan görünür ki, abunə Cavabdeh istifadəsində olan ünvan 11 ünvanında yerləşdirilmiş sayğac məlumatlarını əks etdirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.https://www.eqanun.az/framework/897 Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.https://www.e-qanun.az/framework/897 Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9-cu maddəsinə əsasən Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 47-ci maddəsinin 10-cu hissəsinə əsasən torpaq mülkiyyətçilərinin və sahiblərinin bu Məcəllənin 15, 17 və 25-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada torpağı digər şəxslərin istifadəsinə vermək hüquqları vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə Qarşı 18 iyun 2002-ci il tarixli qərarı 139-cu bəndində qeyd edilmişdir ki, Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Qərarın 141-ci bəndində qeyd edilmişdir ki, Məhkəmənin öz təşəbbüsü ilə toplaya bildiyi az miqdarda sübutlar göstərir ki, ərizəçinin qurduğu ev şəhərsalma qaydalarını pozub (bax: b. 50, 51, 131). Üstəlik, ərizəçi də buna etiraz etmir. Lakin etiraf etmək lazımdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı. Qərarın 142-ci bəndində qeyd edilmişdir ki, xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qeyd edilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Önəryıldızın şəhərin planlaşdırılması qaydalarını pozmaqla və hər hansı etibarlı hüquqi sənədi olmadan inşa etdiyi evdə dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan yaşadığından, həmin evə mülkiyyət hüququ mövcuddur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, ünvan 12 ünvanında yerləşən 0,411 ha torpaq sahəsi iddiaçı Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən Zaqatala şəhəri ərazisində 0,05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi də ünvan 13 ünvanında yerləşir. İddiaçı Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək həmin torpaq sahəsinin 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC- yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazla müraciət edərək 0,05 ha torpaq sahəsinin ona torpaq islahatı zamanında Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarı ilə onun mülkiyyətinə verilməsini, torpaq sahəsinin islahatlardan əvvəl də onun istifadəsində olmasını, üzərində yerləşən yaşayış evinin 1990-cı il tarixdə inşa edildiyini, həmin ev tikildiyi gündən ailə üzvləri ilə birgə orada yaşadığını və qaz, su, elektrik enerjisi ilə təchiz edildiyini, torpaq və üzərində yerləşən fərdi yaşayış evi üçün vergiləri mütəmadi olaraq ödədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən Azərbaycan Respublikası R və İTN X7 Zaqatala rayon X1 sahəsinin balansı kimi qeydiyyata alınmış 0.411 ha torpaq sahəsinin cizgiləri daxilində Cavabdeh mülkiyyətinə verilmiş JN 2465 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.05 ha torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edildi ki cavabdeh Novruzov X4 şəhəri, A.Həmidov küçəsi, döngə 5, ev 37 ünvanında yerləşən "Torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin faktiki istifadə vəziyyətində uyğun elektron kadastr uçot xəritəsinə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmiş və cavabında ona elektron uçot işlərinin Zaqatala şəhərində dürüstləşməsi başa çatdıqdan sonra işin icrasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarının qəbul edilməsindən öncə də Cavabdeh qanuni istifadəsində olmuşdur. Belə ki, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin cavabdehə məxsus olması və həmin yaşayış evinin 1990-cı ildə inşa edilməsi işin mübahisəsiz halıdır. Bundan başqa, hazırkı iddia qaldırılanadək 32 ildən artıq müddət ərzində fərdi yaşayış evinə dair dövlət orqanları və ya iddiaçı tərəfindən hər hansı xəbərdarlıq olmamış, əksinə ev təsisçiləri Dövlət olan təşkilatlar tərəfindən elektrik enerjisi, qaz və su təmin edilir. Bu qeyd edilənlər isə cavabdehin inşaatını tamamladığı tikiliyə mülkiyyət hüququnun yarandığını təsdiq edir. Qanunverici tərəfindən də müəyyən edilmişdir ki, torpaq islahatı zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh qanuni əsasla üzərində mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi üzərində sərəncam vermək hüququ əmələ gəlməsə də həmin torpaq sahəsindən müstəqil istifadə etmək, ona sahiblik etmək hüququna malikdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı X5 Cəmiyyətinin hazırki tələbinin təmin edilməsi cavabdehin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Konstitusiya Məhkəməsi Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbi təmin edilə bilməz. İddia tələbi rədd edildiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. İddiaçındən 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar