Məhkəmə qərarları › İş №e-2(033)-373/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-373/2022

18.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-373/2022 18.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və cavabdeh X3 nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh X1rşı qalıq borc adı altında yazılmış borcun hesabdan silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 518,40 manat pulun silinməsinə və vəkilə ödənilmiş 100 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı evin həyətinin giriş darvazasından bayırda, yəni ictimai yol hissədə quraşdırılmış və ploblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşildiyini, nəticədə təbii qaz itkisinin yarandığını aşkar edib, sayğacı yenisi ilə əvəz ediblər. Qaz sayğacı küçədə yerləşdirildiyi üçün, onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət abonentin üzərinə qoyula bilməz. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı il təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdeh qəsdən ona 31.01.2022-ci il tarixli ******* nömrəli akt yazaraq ona suni borc yaratmışlar. Həmin qərarda qeyd edilir ki, dəymiş ziyan hesablanaraq dəyəri ödənilsin. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və Azəriqazın bildiriş xəbərdarlıqlarında qalıq borc kimi 518,40 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. O məhkəməyə müraciət etmək üçün sənədlər toplamaq üçün vəkilə müraciət etmişdir. Vəkilə ödənilmiş xidmət haqqı da cavabdehdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X9 izahatında göstərdi ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda onun qaz hesabında 518,40 manat borcu vardır. Həmin borc dəymiş ziyana görə hesablanmış borc məbləğidir. Məhz İddiaçı həmin hissədə borcu mübahisələndirir. Qeyd etmək istəyir ki, Cavabdeh Zaqatala X12 İdarəsinin mütəxəssisləri tərəfindən 19.01.2022-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, 11474020 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşildiyindən sayğac açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. Açılmış sayğac yoxlanılarkən istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Ona görə də, 31 yanvar 2022-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Hazırda İddiaçı borcu 518,40 manat təşkil edir. Həmin məbləğ dəymiş zərərə görə yaranmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 19.01.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh Zaqatala X12 İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı, 11474020 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, sayğacın alt hissəsinin deşici alətlə deşildiyindən sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün açılaraq götürülmüş və sayğacın əvəzində yeni **********414 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 31 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X10 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, 29/1710-00406-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanaraq dəyərinin ödənilməsi qeyd olunmuşdur. 31 yanvar 2022-ci il tarixli Qaz sayğacının yoxlanılması barədə 29/1710-00406-1 nömrəli aktın 26-cı sətrindən görünür ki, zavod nömrəsi 11474020 olan Elster G-4 tipli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi qeyd edilmişdir. 31.01.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 31.01.2022-ci il tarixli 29/1710-00406-1 nömrəli aktına əsasən G-4 markalı 11474020 nömrəli sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib. Nəticədə təbii qaz itkisi yaranmış, G4 markalı 11474020 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x12x90=4320 m3. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 22402 nömrəli, 08.01.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyev şəxsində, digər tərəfdən ünvan 1i ünvanında yaşayan istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 17 fevral 2022-ci il tarixli **********4 nömrəli Zenger G4T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********01470 olan, ünvan 1i ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 518,40 manat borcu vardır. 17 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkilə xidmət müqabilində bank vasitəsilə 100 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaları” 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh Zaqatala X12 İdarəsinin abonenti kimi müqavilə bağlamaqla özü Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Cavabdeh Zaqatala X12 İdarəsinin mütəxəssisləri tərəfindən 19.01.2022-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, 11474020 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Sayğacın alt hissəsinin deşici alətlə deşildiyindən sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. 31 yanvar 2022-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edilərək, dəyərini vaxtıvaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 518,40 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 518,40 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G-4 markalı, 11474020 nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X10 İdarəsinin əməkdaşları tərəfindən sayğacın alt hissəsi deşici alətlə deşildiyindən növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. G-4 markalı, 11474020 nömrəli qaz sayğacının “sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib” əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarıldıqdan sonra “sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” Azəriqaz İB-nin Zaqatala X10 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Həmçinin qeyd edilən akt İddiaçı tərəfindən imzalanmamış, imzalanmaqdan imtina etmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 4320 kubmetr qazın dəyəri olan 518,40 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X10 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X10 İdarəsinin 31 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 518,40 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilənin olması X11 əməkdaşları tərəfindən aşkar olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Göründüyü kimi, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək X3 Zaqatala X10 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 518,40 manat borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh X3 Zaqatala X10 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc İddiaçı hesabından silinsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən iddiaçı tərəfindən vəkilə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar