Məhkəmə qərarları › İş №e-2(033)-393/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-393/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-393/2024 06.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 adına Zaqatala rayonu, Bəhmətli kəndində olan xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq çıxarış ilə rəsmiləşdirilmiş, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair aralarında bağlanmış 12 fevral 1996-cı il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3, X5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Zaqatala rayonu, Bəhmətli kəndində 1.6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlər ilə aralarında 12 fevral 1996-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər ailə üzvlərinə məxsus pay torpaq sahəsinin ona satılmasını razılıq ərizəsində imzaları ilə təsdiq etmişlər. Həmin vaxtdan sonra torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmişdir. Hal-hazırda torpaq sahəsini özü istifadə edir. 2020-ci ilin yanvar ayında cavabdehlər ona bildirmişlər ki, torpaq sahəsinin mülkiyyətçilərindən X7 vəfat etdiyi üçün vəfat etmiş şəxsin əmlakına vərəsəlik işi açılmalı və daha sonra torpaq alqı satqı oluna bilər. Vərəsəlik işinə və çıxarış alınmasına pulları olmadığı üçün məcburiyyət qarşısında qalaraq yenidən cavabdehlərə 300 manat pul vermişdir. Lakin cavabdehlər yenə də müxtəlif bəhanələr gətirərək torpaq sahəsini rəsmiləşdirməkdən imtina etmişlər. Cavabdehlər ona satmış olduqları torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsindən imtina etdikləri üçün alqı-satqı müqaviləsinin etibarlı hesab olunmasına dair müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələləbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 19 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq göstərdi ki, 1996-cı ildə Nəzir Eminovdan aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona və ailəsinə məxsus Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 1,65 ha torpaq sahəsini 3000 000 köhnə Azərbaycan manatına almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsinin dövlət aktı olmadığından alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirə bilməmişlər. Dövlət aktları gəldikdən sonra həmin torpaq sahəsinə Çıxarış almaq istəmişlər, lakin cavabdehlərin qardaşı Cavabdeh4 olmadığından bu mümkün olmamışdır. Torpaq sahəsi ona satılarkən Cavabdeh4 da iştirak etmiş və o müqaviləyə imza etmişdir. Cavabdeh4 Rusiya Federasiyasına getmiş və artıq 2 ildir ki, ailə üzvlərinin ondan məlumatı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 03 may 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının çağırılıb dindirildiyini nəzərə alaraq, işə baxılmasına onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərərk göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı ilə aralarında 12 fevral 1996-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və onlara məxsus 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ailə üzvlərinin hər birinin razılığı əsasında satmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiyni bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək göstərmişdir ki, onlara məxsus torpaq sahəsini satarkən alqı-satqı müqaviləsinə imza etmişdir. Qardaşı Cavabdeh4 da müqaviləni imzalamışdır. Qardaşı ilə əlaqələri yoxdur, sonuncu dəfə 2 il əvvəl onunla əlaqələri olmuşdur. O. Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh X6 məlum olan axırıncı yaşayış yeri üzrə Zaqatala RİHB-ın Bəhmətli kənd İƏD üzrə nümayəndəliyinə məhkəmə bildirişi göndərmiş, məhkəmə bildirişinin nümayəndəlikdə alındığını təsdiq edən xəbərnamə məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli 16 mart 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 183 nömərli reystr kitabının 85 nömərli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Bəhmətli Bələdiyyəsinin 14 dekabr 2023-cü il tarixli 129 saylı arayışından görünür ki, Cavabdeh3 və onun ailə üzvlərinə verilmiş Zaqatala rayonu Bəhmətli kəndində 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq vergilərini 2000-ci il tarixdən İddiaçı tərəfindən ödənilir və onun istifadəsindədir. İş materiallarına əlavə edilmiş 12 fevral 1996-cı il tarixli müqavilədən görünür ki, X7, Cavabdeh3, X8, Cavabdeh4 və X3 mülkiyyətlərində olan 1,65 ha torpaq sahəsini 3 000 000 manata İddiaçı satmışlar. İş materiallarına əlavə edilmiş AZ-İ 874413 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 iyul 1996-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 079240 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 nikahlarını 10 yanvar 2004-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Cumayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Bəhmətli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh4 2005-ci ildən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Onun haqqında ailə üzvlərində və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zaqatala rayonu Bəhmətli Bələdiyyəsi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 12 saylı arayışdan görünür ki, 1996-cı ildə Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Zaqatala rayon Bəhmətli kəndində 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3, X5, Cavabdeh2, Emiov atiq Nəzir oğluna və Cavabdeh1 qıızna torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmişdir. 2003-cü ildə təkrar islahatı zamanı həmin şəhadətnamələr geri yığılıb əvəzinə A N-434030 nömərli dövlət aktı verilmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tariхədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar mə`lum olmayan (birgə mülkiyyət) növləri vardır. 43-cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, daşınmaz əşyanın (əmlakın) alqısatqısı haqqında əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə xx.xx.2006-cı il tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 məхsus olmuşdur. Sonuncular xx.xx.1996-cı il tarixli müqaviləni tərtib etmək yolu ilə ümumi birgə mülkiyyətlərində olan 1,65 ha torpaq sahəsini 3 000 000 manata iddiaçıya satmışlar. Torpaq sahəsinin alqı-satqısını özündə əks etdirən sadə yazılı formada sənəd tərtib olunsa da, notariatda təsdiq edilməli olan əqd bağlanmadan mülkiyyətçilər torpaq sahəsini iddiaçıya təhvil vermişlər. X7 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Alqı-satqının bağlandığı vaxtdan keçən 28 ildən artıq müddət ərzində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir, vergiləri onun tərəfindən ödənilir. Göründüyü kimi, xx.xx.1996-cı il tarixli müqavilənin tərtib olunduğu zaman mülkiyyətчilərin ümumi birgə mülkiyyətlərində olan 1,65 ha torpaq sahəsini üzərində sərəncam verərək iddiaçıya satmaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları olmuş, müqavilə qanuna zidd olmamış, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. İddiaçı əmlakın dəyərinin ödənilməsi üzrə öhdəliyini tamamilə icra etmişdir. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin və mərhum X1 əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmada ifadə olunan təqsiri ucbatından baş vermişdir. Sonuncunun həmin müqavilə üzrə subyektiv vəzifəsi mahiyyəti etibarı ilə şəxsə bağlı bir vəzifə olmadığından, əmlak xarakterli bu subyektiv vəzifə olaraq onun ölümü ilə xitam olunmamış, miras kütləsinə (miras passivi) daxil olmaqla vərəsəlik qaydasında cavabdehlərə keçmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,6599 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini İddiaçı satması ilə əlaqədar onların arasında olan 12 fevral 1996-cı il tarixli müqavilə etibarlı sayılaraq, bağlanmış hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,6599 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini İddiaçı satmaları ilə əlaqədar onların arasında olan 12 fevral 1996-cı il tarixli müqavilə etibarlı sayılaraq, bağlanmış hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar