Məhkəmə qərarları › İş №e-2(033)-397/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-397/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-397/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 676 (altı yüz yetmiş altı) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi olan 706 (yeddi yüz altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 943 (doqquz yüz qırx üç) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 676 (altı yüz yetmiş altı) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 676 (altı yüz yetmiş altı) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 706 (yeddi yüz altı) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 10 yanvar 2025ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5928065 saylı 28 mart 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 319 (üç yüz on doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş və 31 (otuz bir) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 288 (iki yüz səksən səkkiz) manat məbləği 12 ay müddətinə, aylıq 24 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5928611 saylı 30 iyul 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 624 (altı yüz iyirmi dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş və 48 (qırx səkkiz) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 576 (beş yüz yetmiş altı) manat məbləği 12 ay müddətinə, aylıq 48 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh ilə 28 mart 2021-ci il tarixində bağlanmış ZQK5928065 saylı müqavilə üzrə ödənilməmiş 200 manat, 30 iyul 2021-ci il tarixində bağlanmış ZQK5928611 saylı müqavilə üzrə ödənilməmiş 624 manat əsas qalıq borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, ZQK5928065 saylı 28 mart 2021-ci il tarixli və ZQK5928611 saylı 30 iyul 2021-ci il tarixli borc müqavilələrinə əsasən İddiaçı məişət avadanlıqlarını alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlıqların dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlıqları verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ZQK5928065 saylı 28 mart 2021-ci il tarixli və ZQK5928611 saylı 30 iyul 2021-ci il tarixli borc müqavilələrinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ZQK5928065 saylı 28 mart 2021-ci il tarixli müqaviləyə əsasən 200 manat, ZQK5928611 saylı 30 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 476 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh ZQK5928065 saylı 28 mart 2021-ci il tarixli müqaviləyə əsasən 200 (iki yüz) manat, ZQK5928611 saylı 30 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 476 (dörd yüz yetmiş altı) manat olmaqla, cəmi 676 (altı yüz yetmiş altı) manat məbləğində əsas borc alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar