Məhkəmə qərarları › İş №e-2(033)-41/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-41/2025

22.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-41/2025 22.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X5 Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 Cavabdeh4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti cavabdehlər Cavabdeh4 qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon Aşağı Çardaxlar kənd ərazisində yerləşən DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci SK-nın 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh4 tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisinin (4x5.5m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin SQ-ın N nömrəli hərbi hissəsinin xidməti ərazisində keçirilmiş sərhəd rejim tədbirləri zamanı Zaqatala rayon Aşağı Çardaxlar kəndi sakini Cavabdeh4 ona kənd təsərrüfatı təyinatlı ayrılmış olan torpaq sahəsinə yaxın ərazidə qanunsuz olaraq təsərrüfat ferması (2-ci SK-nın 14-cü sərhəd zastavasının 35-ci sahəsi) ilə məşğul olması müəyyən edilmişdir. Bu barədə müvafiq aidiyyatı orqanlara müraciət edilmiş, qanunvericiliyin tələbləri vətəndaşa dəfələrlə izah edilmiş, müvafiq izahatı alınmış, müəyyən inzibati tədbirlər görülmüşdür. Lakin vətəndaş Cavabdeh4 bütün bu göstərilənlərə məhəl qoymayaraq qanunsuz ferma fəaliyyətini davam etdirməkdədir. X8 əhatə etdiyi sərhədyani kənddə, kənd təsərrüfatı təyinatı üçün ayrılmış olan torpaq sahəsinə yaxın ərazidə maldarlıq fəaliyyəti ilə məşğul olması və özbaşına müəyyən tikililər tikməsi sərhəd xəttində xidmətin aparılmasına ciddi maneələr və problemlər yaradır. Həmin ərazidə tikintilərin olması maneədi və ərazidə xidmətə ciddi şəkildə mənfi təsir göstərir. Nazirlər Kabinetinin 560 saylı qərarı ilə təsdiq olunmuş 5 nömrəli əlavəyə əsasən sovxoz, kolxoz, fermer təsərrüfatları, idarə və təşkilatın işçilərinə yerlərdə işin görülüb qurtarması (yalnız gün işığında) vaxtın təyin olunması altı aydan çox olmamaq şərti ilə sərhəd dəstəsi rəisinin icazəsi ilə zastava rəisi tərəfindən verilmiş xüsusi buraxılışa əsasən həyata keçirilir. Qanunda qeyd olunan hallar yalnız fəaliyyət növü üçün hüquqi əsasları olan şəxslərə şamil olunur və yalnız gün işığında icazə verilir. Həmin ərazidə gecələmək üçün tikilən və ya yaradılan şərait normativ aktlara ziddir və sərhədlərin mühafizəsinin etibarlı təmin edilməsinə maneə yaradaraq təhlükə altına qoyur. Cavabdeh4 sərhədboyu zolaqda həyata keçirdiyi fermer təsərrüfatının fəaliyyəti qanuna ziddir. Sərhəd zolağında qanunsuz olaraq tikilən ferma və digər tikililərin sökülməsi məqsədilə Cavabdeh2lə dəfələrlə söhbətlər aparılmış, lakin o, tikililəri sökməkdən imtina etmişdir. Belə ki, Aqrar islahat komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh4 2.4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi verilmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, həmin əraziyə bitişik müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) inşa edərək ferma kimi istifadə edir. Ona görə, Cavabdeh4 sərhədboyu rejim ərazisində qanunsuz inşa etdiyi müvəqqəti tikililər - tövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) cavabdehin öz hesabına sökülməlidir. 30 aprel 2025-ci il tarixdə iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və Cavabdeh4 sərhədboyu rejim ərazisində qanunsuz inşa etdiyi müvəqqəti tikililər - tövlə (8/9m), altıaçıq (6x12m), altı açıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 27 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh qadağan olunan ərazidə ov edir və müxtəlif sərhədboyu rejimin qaydalarını pozur. Cavabdeh gecələr də orda qalır və kənar şəxsləri də həmin qurduğu təsərrüfata gətirir. Səhər 08:00-dan 18:00-dək sərhədboyu zolaqda icazəli vətəndaşın olması mümkündür, lakin sonrası üçün xüsusi sənəd tələb olunur. Cavabdehə sənəd alması təklif olunmuşdur, lakin o vaxt rejimini pozur, sənədi də almaqdan imtina edir. Gecə vaxtında qurduğu təsərrüfatda olur. Həmin sərhəddə yerləşən digər fermerlərinin hər birinin sənədi var və maneəsiz öz təsərrüfatlrından istifadə edə bilirlər. Həmin zolaqda yerləşən tikililərin əksəriyyəti də islahatdan əvvəlki tikililərdir. Cavabdehin fəaliyyəti ilə bağlı hər hansı iddiaları yoxdur, onların iddia qaldırmasına əsas cavabdehin mülkiyyətində olan torpaq sahəsində əsaslı tikinti işləri aparmasıdır bu isə sərhədboyu rejim qaydalarını pozur. Həmin tikililərdə axtarış aparmaq üçün məhkəmə qərarının mövcudluğunu zəruri edir bu da Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə təsir göstərir. Sərhəddin müəyyən olunması 05 iyun 1992-ci il tarixli 560 saylı qərarı ilə müəyyən edilir. Səhəd qoşunlarına 1 kilometrlik zolaq verilmişdir. Cavabdehin inşa etdiyi tikililər dövlət sərhədd xəttindən 610 metr ararlıda yerləşir və həmin tikililər rejim zonasına düşür. Cavabdehi başqa şəxslərlə iki dəfə içkili vəziyyətdə həmin sahədə görmüşlər. Cavabdeh həmin zonada o halda qala bilər ki, əgər ona məxsus ferma qeydiyyatda olmuş olsun. Lakin cavabdeh fermada gecələr də qalır və orada içki məclisləri təşkil edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, mülkiyyətində olan torpaq sahəsində məcburiyyət qarşısında yəni torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün həmin tikililəri inşa etdirmişdir. Həmin tikililər ən azından işləyəndən sonra dincəlmək üşün, yemək yemək üçün olan yer kimi nəzərdə tutmuşdur. O, heç vaxt ov fəaliyyəti ilə məşqul olmayıb, bu barədə qarşı tərəfin hər hansı sübutu varsa söyləsin, bu ona atılan şərdir. O, daha sonra qeyd etmişdir ki, bu məsələyə bir dəfə baxılıb və qərar qəbul olunmuşdur. O, həmin sahədə özünə məxsus 20 baş qoyun saxlayır. Həmin ərazidə heç bir qanunsuz hərəkəti olmamışdır. Onun tövləsi iki metr uzunluqdadır, başqa yerdən gəlir yeri yoxdur. Qazancı həmin ərazidən heyvanları saxlmaqla əldə edir. Tövləni o, çayın kənarında kol-kosu təmizləyib inşa etmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İclasın vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi İdarəsinin 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Şəki ərazi şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 2619 saylı müraciəti Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin, Zaqatala RİH-nin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən vətəndaşın və Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazi Aqrar islahat komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmiş 2.4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Bələdiyyə arayışına əsasən Cavabdeh4 4 nəfər ailə üzvünə 2.92 hektar pay torpaq sahəsi verilmiş, lakin texniki səbəblərdən 0.47 hektar torpaq sahəsinin plan ölçü sənədi işlənməmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, ərazinin bir qismində müvəqqəti tikililər - tövlə (8x9 m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5.5m) inşa edərək ferma kimi istifadə edir. Beləliklə də vətəndaş ümumilikdə 3.95 hektar torpaq sahəsindən istifadə edir. Mülkiyyətçi ümumbirgə mülkiyyətinə verilmiş pay torpağının bir hissəsində ferma yaratmaqla və 22 kv.m əsaslı tikili inşa etməklə torpaq Qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdeh4 torpaq qanunvericiliyin tələbləri izah edilmiş, bildiriş verilmiş, inzibati qaydada protokol tərtib edilmiş və qısa müddətdə qanun pozuntusunun aradan qaldırılması nəzərinə çatdırılmış, əks halda qanunvericilidə nəzərdə tutulmuş ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş A456945 nömrəli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlər kəndi ərazisində yerləşən 24581,15 kv.m torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən Cavabdeh4 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən nömrəli çıxarışdan görünür ki, xüsusi mülkiyyət kimi reyestr nömrəsi **********48 olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqları rəsmiləşdirilmişdir. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)- 47/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh4 qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(107)-992/2023 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-47/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi tərəfindən sərhədboyu zolaqda Cavabdeh4 məxsus tikililərə dair sorğuya cavab verilmiş 21 aprel 2025-ci il tarixli xidməti məktubundan görünür ki, Aşağı Çardaxlar sərhəd zastavası səhəd dəstəsinin tərkibində Gürcüstanla Azərbaycan Respublikası arasında dövlət sərhəddinin tapşırılmış sahəsini mühafizə edir. Həmin ərazi üzrə müqabil tərəflə delimitasiya və demarkasiya işləri keçirilməmişdir. Ərazidə dövlət sərhəd xətti şərti olaraq Alazan çayının ortası ilə keçir. Sərhədboyu zolaqda yerləşən Cavabdeh4 məxus təsərrüfat ferması sərhəd zastavasının sol cinahında, 34-cü sahədə dövlət sərhəd xəttindən təqribən 610 (altı yüz on) metr aralıda (X410 31/25//Y460 20/33//) yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ci il tarixli 10/4994 №-li rəyindən görünür ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş, xx.xx.2022- ci il tarixli, A№816639 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala rayonu, Aşağı Çardaxlar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş, mübahisə predmeti olan tikililərin faktiki yerləşmə koordinatları ilə mülki iş materiallarında olan (səh.68) ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, A№816639 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman qırmızı kərpic və çay daşından inşa edilmiş təsərrüfat tikilisinin və taxta materiallarından quraşdırılmış altıaçıqların mübahisə predmeti olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin isə mübahisə predmeti olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən, qırmızı kərpic və çay daşından inşa edilmiş tikilinin əsaslı tikili olduğu müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu 18-ci maddəsinə əsasən sərhəd çaylarının, çöllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsində gəmiçilik, sudan istifadənin başqa növləri, müxtəlif hidroqurğular tikilməsi, digər işlərin görülməsi, Azərbaycan Respublikasının dövlət sərhədində torpaqlardan, meşələrdən, heyvanlar aləmindən istifadə edilməsi, filiz-çıxarma, geoloji axtarışlar və dikər təsərrüfat fəaliyyəti Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə uyğun olmalı və Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının dövlət sərhədində hər növ təsərrüfat fəaliyyətinin qaydası Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir və bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanı ilə razılıq əsasında həyata keçirilir. 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir. Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir. Sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və islah-əmək müəssisələrinin yerləşdirilməsi qadağandır. Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən-edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir. 24.5-ci maddəsinə əsasən sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti olduqda buraxılırlar. həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər görülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən edir. 24.15-ci maddəsinə əsasən sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir. 24.16-cı maddəsinə əsasən sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 3.2-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində, 24-cü maddəsinin 5-ci hissəsinin birinci abzasının ikinci cümləsində və 14-cü hissəsinin birinci cümləsində, 15-ci hissəsində, 25-ci maddəsinin 5-ci (ikinci halda), 6-cı (birinci halda) və 8-ci hissələrində, 30-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsusdur. İddiaçı tələbini özbaşına tikintilərin sərhəd zolağında aparılması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış ekspert rəyi ilə sökülməsi tələb olunan qırmızı kərpic və çay daşından inşa edilmiş təsərrüfat tikilisinin, taxta materiallarından quraşdırılmış altıaçıqların cavabdehlərin ümumi birgə mülkiyyətində olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin isə həmin torpaq sahəsindən kənarda tikildiyi təsdiq edilmişdir. İddiaçı 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikintilərin Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə onun üçün maneə yaratması barədə sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış sübutlarla, isə həmin sahənin dövlətin müstəsna mülkiyyətində deyil, cavabdehlərin ümumi birgə mülkiyyətində olduğu, təyinatının da sərhəd zolağı deyil, kənd təsərrüfatı olduğu təsdiq olunmuşdur. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha torpaq sahəsinin təyinatı, cavabdehlərin ümumi birgə mülkiyyətinə verilməsi, həmin sahənin Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək işində iddiaçı üçün əhəmiyyət daşımadığını təsdiq edir. İddiaçı öz vəzifəsini həmin torpaq sahəsindən istifadə etmədən də icra edə bilər. Belə olan halda onun, həmin sahədə aparılmış tikintinin maraqlarına toxunmasına dair dəlilləri ağlabatan deyil. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında Cavabdeh4 tərəfindən taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisi Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili Cavabdeh4 hesabına sökülməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, Cavabdeh4 tərəfindən aparılan başqa tikintilərin yerləşdiyi 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər cavabdehlərin ümumi birgə mülkiyyətində olduğundan, mülkiyyətçilərin isə torpaq sahəsində binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahələrində başqa şəxslərin tikinti aparmasına icazə vermək səlahiyyəti olduğundan, eləcə də həmin tikintilər Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə iddiaçı üçün maneə yaratmadığından, bununla da onun maraqlarına toxunmadığından, həmin tikintilər hazırkı iddiaçının tələbi ilə sökülə, iddia tələbi qalan hissəllərdə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisi onun öz hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar