Məhkəmə qərarları › İş №e-2(033)-425/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-425/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-425/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, iddiaçı “X3”nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı “X3” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 196,06 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 432 manat, cəmi 628,06 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə isə 658,46 manat borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz" İB, Zaqatala RQİİ-nin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında 22 fevral 2022-ci il tarixə ödənilməmiş 628,06 manat borc vardır, həmin borcun 196,06 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 432 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən yaranmış 196,06 manat borc həmin ünvanda istismarda olan Zenner G4T markalı **********9 saylı sayğacın 1268 m3 göstərici ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 432 manat həcmindəki borc cavabdehin yaşadığı Zaqatala rayonu Yengiyan kəndindəki ünvanında istismarda olmuş G-4 markalı ******* nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, "Azəriqaz" İB, Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 04 avqust 2021-ci il tarixdə cavabdehin yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu 30 noyabr 2021-ci il tarixli 29/1710-04964-1 saylı rəydə “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 kub.m., orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 4320 kub.m. həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “X3”nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 10 dekabr 2015-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin rəisi Osman Beybutov şəxsində, digər tərəfdən Zaqatala rayonu Yengiyan kəndi ünvanında yaşayan istehlakçı Cavabdeh müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 04.08.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Zaqatala X6 İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni G-4 markalı, **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində İddiaçı Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı Zaqatala rayonu Yengiyan kəndi ünvanında yerləşən fərdi yaşayış evində Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 30.11.2021-ci il tarixli 29/1710-04964-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub, nəticədə təbii qaz itkisi yarandığı aşkar olunmuşdur. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 kub.m. ziyan hesablanmışdır. 05 avqust 2021-ci il tarixli **********9 nömrəli Zenner G4T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan, Zaqatala rayonu Yengiyan kəndi ünvanında yaşayan Cavabdeh qeyd olunan tarixə sərfiyyat üzrə 196,06 manat, qalıq və aktlar üzrə 432 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Respublika ərazisində təbii qazın pərakəndə satış tarifinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 3 nömrəli Qərarı Təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndə satış tarifi 1200 m3-dək (ƏDV ilə) 120 manat, 1200 m3-dən 2500 m3-dək 200 manat, 2500 m3-dən çox 250 manat müəyyən edilmiş və bu tarif 2021-ci il 16 oktyabr tarixindən qüvvəyə minmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”ın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni istehlakçı olan cavabdehi qazla təmin etmiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istehlakçı Cavabdeh yaşadığı Zaqatala rayonu Yengiyan kəndi ünvanında yerləşən fərdi yaşayış evində sayğac göstərilərinə əsasən aparılmış hesabata əsasən qazdan istifadəyə görə yaranmış 196,06 manat borcu ödənilməmişdir. İddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, göründüyü kimi, Cavabdeh məxsus Zaqatala rayonu Yengiyan kəndi ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı İddiaçı Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G-4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Müəyyən olunur ki, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evindən aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac növbəti dövlət yoxlaması üçün çıxarılmış, sayğac çıxarılan zaman X5 əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Qeyd edilən akt Cavabdeh tərəfindən imzalanmışdır. Lakin sonradan cavabdeh tərəfindən qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi Azəriqaz İB-nin Zaqatala X4 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Bununla bağlı da akt tərtib edilmiş, həmin akt Cavabdeh tərəfindən imzalanmamış, Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən “imtina” qeydi yazılmışdır. Göstərilən pozuntunun Cavabdeh tərəfindən törədilməsi barədə isə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən sayğacın cavabdehin yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən Cavabdeh sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz Cavabdeh və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 4320 kubmetr qazın dəyərini cavabdehdən tələb etməkdə haqlı deyildir. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X4 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub” qeydinin cavabdehin hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, İddiaçı İB-nın Zaqatala X4 İdarəsinin 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun cavabdeh və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı Cavabdeh təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda Cavabdeh tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də cavabdehin qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi İddiaçı İB-nin tələb etdiyi 432 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın-iddiaçının üzərinə düşür. Lakin, iş üzrə iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca Cavabdeh tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün iddiaçı təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca cavabdeh tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə iddiaçının nümayəndəsi tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı iddiaçı tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunmadığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və bu hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən 15,20 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməli, 15,20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, “X3”nə ödənilməmiş qalan 196,06 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X3”nə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 196,06 (bir yüz doxsan altı manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X3”nin xeyrinə ödənilsin. Cavabdeh 15,20 (on beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X3”nin hesabına ödənilsin. İddiaçı “X3”nin dövlət rüsumu olaraq ödədiyi 15,20 (on beş manat iyirmi qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar