Məhkəmə qərarları › İş №e-2(033)-431/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-431/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-431/2022 11.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi, Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh İstesalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 691,20 manat pulun silinməsinə, yeni sayğac üçün ödədiyi 91,21 manat pul və vəkilə ödənilmiş 100 manat xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlıvaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı evin həyətinin giriş darvazasından bayırda, yəni ictimai yol hissədə quraşdırılmış və ploblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacın mexaniki zərbə nəticəsində ekranının sındığını, nəticədə təbii qaz itkisinin yarandığını aşkar edib, sayğacı yenisi ilə əvəz ediblər. Qaz sayğacı küçədə yerləşdirildiyi üçün, onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət abonentin üzərinə qoyula bilməz. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı il təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdehlər qəsdən ona akt yazaraq ona süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və uAzərıqaz”ın bildiriş xəbərdarlıqlarında qalıq borc kimi 691,20 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Həmin qaz sayğacı üçün ödənilmiş 91,21 manat da ona geri qaytarılmalıdır. O məhkəməyə müraciət etmək üçün sənədlər toplamaq üçün vəkilə müraciət etmişdir. Vəkilə ödənilmiş xidmət haqqı da cavabdehlərdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq Cavabdeh Zaqatala X6 İdarəsi tərəfindən hesablanmış 691,20 manat borcun silinməsi, 91,21 manat pul və 100 manat xidmət haqqının cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi X4 izahatında göstərdi ki, İddiaçı oğlu istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda onun qaz hesabında 695,58 manat borcu vardır. Həmin borcun 691,20 manat hissəsi dəymiş ziyana görə hesablanmış borc məbləğidir. Məhz İddiaçı oğlu həmin hissədə borcu mübahisələndirir. Qeyd etmək istəyir ki, Cavabdeh Zaqatala X8 İdarəsinin mütəxəssisləri tərəfindən 16.07.2018-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən qopduğu müəyyən edilmişdir. Açılmış sayğac yoxlanılarkən istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Ona görə də, 07.08.2018-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir, iddiaçının sayğacı dəyişdirilmiş və sayğacın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı borcu 691,20 manat təşkil edir. Həmin məbləğ dəymiş zərərə görə yaranmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 533 nömrəli 04.06.2014-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin Tarıverdiyev Namiq şəxsində, digər tərəfdən istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 16 iyul 2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh Zaqatala X8 İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 07.08.2018ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdədən qopmuşdur. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. 15.08.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdədən qopmuşdur, Nəticədə təbii qaz itkisi yaranmış, qaz işlədicilərindən PQ-3-nin saatlıq qaz sərfi 0 8 m3/saat. orta günlük iş rejimi 6 saat hesabat müddəti 180 gün ; Radiator sobanın saatlıq qaz sərfi 0 8 m3/saat. orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi və sayğacın dəyərinin ödənilməsi qərara alınmışdır.0,8x6x180=864 m3 0 8x18x180=2592 m3 Cəmi 3456 m3. 06 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********01640 olan, ünvan 1i ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 2018-ci il üçün 691,20 manat, 2022-ci ilin aprel ayı üçün ayın sonuna 695,58 manat borcu qalmışdır. 16.07.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfidən 91,21 manat Azəriqaz İstehsalat birliyinin hesabına ödənilmişdir. E-manat ödəniş sistemi tərəfindən verilmiş 5472 nömrəli qəbzdən görünür ki, Zaqatala rayon Vəkil Bürosunun hesabına 100 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdırıb iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh Zaqatala X8 İdarəsinin abonenti kimi müqavilə bağlamaqla özü ünvan 1ində yaşayır. Cavabdeh Zaqatala X8 İdarəsinin mütəxəssisləri tərəfindən 16 iyul 2018-ci il tarixdə iddiaçının istifadəsində olan G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. 07.08.2018-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən qopması müəyyən edilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 691,20 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 691,20 manat borcun hesabından silinməsi, yeni sayğac üçün ödədiyi 91,21 manat pulun və vəkilə ödənilmiş 100 manat xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G-4 markalı, ******* nömrəli qaz sayğacının sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən qopması əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən akt İddiaçı oğlu tərəfindən imzalanmamış, akta adı yazılmaqla kifayətlənmiş, qarşısında isə Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən “imtina” qeydi yazılmışdır. Göstərilən pozuntunun İddiaçı oğlu tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X7 əməkdaşları tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən qopması və ona görə sayğacın yeni sayğacla əvəz edilməsi bildirilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən qopması Azəriqaz İB-nin Zaqatala X6 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı oğlunun sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı oğlu və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 3456 kubmetr qazın dəyəri olan 691,20 manat məbləğin silinməsini və ödəmiş olduğu sayğacın dəyərinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X6 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdədən qopub” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X6 İdarəsinin 07.08.2018-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “qaz sayğacının sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdəsindən qopması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı oğlu tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 691,20 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X7 əməkdaşları tərəfindən aşkar olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı oğlunun barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 691,20 manat borc İddiaçı hesabından silinməli və onun tərəfindən sayğac üçün ödənilmiş 91,21 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Qanunvericilikdə vəklin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 100 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X5rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 691,20 (altı yüz doxsan bir manat iyirmi qəpik) manat borc İddiaçı hesabından silinsin. Cavabdehndən 91,21 (doxsan bir manat iyirmi bir qəpik) sayğacın dəyərinin əvəzi və 100 (bir yüz) manat xidmət haqqının əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar