Məhkəmə qərarları › İş №e-2(033)-497/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-497/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-497/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu X3 katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1540,40 manat əsas borcun, 35,41 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə 1576,21 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 2ndə Cavabdeh Abdulxalıq oğluna məxsus mənzilində №15106 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh Abdulxalıq oğlunun **********10000 saylı qaz hesabında ödənilməmiş 1540.40 manat borc vardır. Hal-hazırda tələb olunan 1540.40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1540.40 manat həcmindəki borc Cavabdeh Abdulxalıq oğlunun yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 12532396 nömrəli sayğacın 7021 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək qazın borc pulunu silinməsini və ona qazın pulunun ailəsində 2 nəfər olduqları nəzərə alınmaqla adambaşına hesablanmasına qərar verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında İddiaçıın əməkdaşları tərəfindən sayğacı smart sayğacı ilə onun iştirakı olmadan dəyişdirilmişdir. Sayğacın dəyişdirilməsini qazın kəsilməsindən üç gün sonra bilmişdir. İddiaçıın Zaqatalada yerləşən idarə rəhbəri İlkin ilə görüşmüş, narazılığı bildirmişdir. Onun iştirakı olmadan sayğacı dəyişdirilməsi səbəbini öyrənməyə çalışmışdır. İdarənin rəisi İlkin çox üzrxahlıq eləmiş və ona kömək edəcəyəni, rayonda təzə olduğunu bildirmiş və müqaviləni imzalamasını xahiş etmişdir. O da rəisin yalanlarına inanmışdır. 15 gündən sonra böyük məbləğdə əvvəlki sayğac borcundan bəlkə də qalıq borcunun on mislində qəbz gəlmişdir. Yenidən qaz idarəsinə getdikdə idarənin rəisindən eyni ifadələri eşitmiş, bu dəfə idarənin satış şöbə rəisi Akifi çağırmış və göndərmişdir ki, onun adına olan qaz pulunu ödəsin. Akif əlində beş manatlıq qəbz ilə qayıtmış və söz vermişdilər ki, yenə kömək edəcəklər. Heç bir kömək olmadı. Qış ayları gəlmiş, məbləğ çoxalmış, o qazın pulunu ödəyə bilməmişdir. 2020-ci ilin əvvəlləri Qaz idarəsinin satış şöbəsinin təzə rəisi Elçin gəlmişdir ki, qaz sayğacı dəyişiləcək. Zaqatalada olan elektron sayğaclar mexaniki sayğaclar ilə dəyişdirilir. 15 gündən sonra əvvəlki yüksək qalıq borc ilə qəbz gəlmişdir. O, borcları ödəyə bilmir. Qaz idarəsi bu vaxta qədər nəyi gözləyirdilər, niyə vaxtında məhkəməyə müraciət etməyiblər? 1993-cü ildən heç bir yerdə işləmir, yaşına görə işə qəbul etmirlər, təqaüdə də yaşı çatmır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(033)-497/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərar alınmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 15106 nömrəli, 04 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin rəisi Xaliq Namazov şəxsində, digər tərəfdən ünvan 1 ünvanında yaşayan istehlakçı Cavabdeh müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2023-cü il tarixli 12532396 nömrəli Elster G4T sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanında yaşayan Cavabdeh qeyd olunan tarixə sərfiyyat üzrə 1540,40 manat borcu qalmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqında 10 aprel 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonentin ərizəsinə əsasən istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış smart tipli G4 markalı STS**********6 nömrəli sayğac mexaniki G4 markalı 12532396 nömrəli sayğacla əvəz edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Respublika ərazisində təbii qazın pərakəndə satış tarifinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 3 nömrəli Qərarı Təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndə satış tarifi 1200 m3-dək (ƏDV ilə) 120 manat, 1200 m3-dən 2500 m3-dək 200 manat, 2500 m3-dən çox 250 manat müəyyən edilmiş və bu tarif 2021-ci il 16 oktyabr tarixindən qüvvəyə minmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 3.2.1-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni istehlakçı olan cavabdehi qazla təmin etmiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istehlakçı Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğac göstəricilərinə əsasən aparılmış hesabata əsasən qazdan istifadəyə görə yaranmış 1540,40 manat borcu ödənilməmişdir. İddiaçı qeyd edilən borcu Cavabdeh tələb edir, cavabdeh isə qazdan istifadə üçün hesablanmış qaz borcunun silinməsini və qazın dəyərinin həmin ünvanda yaşayan şəxslərin sayına görə hesablanması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin qazın dəyərinin həmin ünvanda yaşayan şəxslərin sayına görə hesablanması barədə etirazının dəlillərinə münasibətdə qeyd edir, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalara əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz sayğacları quraşdırılır və istehlakçının qaz sərfiyatı qaz sayğacının göstəricilərinə uyğun qaz paylayıcısı tərəfindən hesablanır. Qazdan istifadə qaydalarına əsasən qaz sərfiyatının hesablanılmasının fərqli bir qaydası, yəni həmin ünvanda yaşayan şəxslərin sayına görə hesablanması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi xüsusatlar iddianın rədd edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qazdan istifadəyə görə yaranmış 1540,40 manat borcu tələb etməkdə haqlıdır və iddia tələbi təmin olunmalı, “X5”nə ödənilməmiş qalan 1540,40 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X5”nə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən 35,41 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh 1540,40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X5”nin xeyrinə ödənilsin. Cavabdeh 35,41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “X5”nin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar