Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-547/2023 04.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi, Məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdehnə və X10 İstismar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala X8 İdarəsinin Zaqatala üzrə müavini Vəfadar Ağayev tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsinə, qanunsuz hesablanmış 1500 (bir min beş yüz) manat qaz borcunun silinməsinə və iddia ərizəsinə görə ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 sakinidir. Evinə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı yaşadığı evin həyətinin giriş darvazasından bayırda, yəni ictimai yol hissədə quraşdırılmış və plomblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh Zaqatala X8 İdarəsinin Zaqatala üzrə müavini Vəfadar Ağayev tərəfindən 31 mart 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacda nasazlıq aşkar etdilər və sayğacı çıxarıb apardılar. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehlər qəsdən ona dəymiş ziyanın bərpasına dair tələbnamə yazaraq ona suni borc yaratmışlar. Həmin tələbnamə cavabdeh Vəfadar Ağayev tərəfindən təsdiq edilmişdir. Tələbnamədə qeyd edilir ki, itirilmiş qazın bərpası hesabat aparılsın və hesablanmış məbləğin ödənilməsi təmin edilsin. Qaz sayğacı küçədə yerləşdirildiyi üçün, onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət onun üzərinə qoyula bilməz. Bundan başqa Qaz idarəsi ilə bağladığı müqaviləyə əsasən sayğacın təhlükəsizliyi və işlək vəziyyətdə saxlanılması, onun yenisi ilə əvəz olunması məsuliyyəti onun vəzifəsi deyildir. Cavabdeh ona qaz borcunun 1500 manat olduğunu bildirmişdir. Cavabdeh tərəfindən ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan başqa sənəd təqdim edilməmişdir. Aktın məzmununu oxumaq demək olar ki, mümkün deyildir. Həmin aktdan başqa ona heç bir sənəd təqdim edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh X10 İdarəsinə qarşı qanunsuz hesablanmış 1500 manat qaz borcunun silinməsi və iddia ərizəsinə görə ödənmiş 35 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq Cavabdeh Zaqatala X8 İdarəsi tərəfindən hesablanmış 1500 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi X2 izahat verərək göstərdi ki, 5 ildən artıq istismar olunan qaz sayğacları yoxlanılır. İddiaçıya məxsus fərdi yaşayış evinə verilən qazın hesablanması üçün quraşdırılmış sayğac 14 iyun 2022-ci il tarixdə yoxlanılmış və qaz sayğacının zədələndiyi aşkar edildiyindən sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğac laboratoriyaya göndərilərək onun vəziyyəti yoxlanmış və istismara yararsız olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən istifadə edilmiş qazla bağlı hesabat aparılmış və hesabat əsasında onun tərəfindən 12960 kub metr qaz istifadə edildiyi qənaətinə gəlinərək həmin qazın dəyəri müəyyən edilmişdir. O, iddianın rədd olunmasını xahiş edir. İşin halları 14 iyun 2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh X10 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan C-4T markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni Zenner tipli C-4T markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X8 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, 14-2-2/3-5-3102-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, G4 markalı ******* nömrəli sayğacın normal qaz buraxma qabiliyyəti 6 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. 6x24x90=12960 m3 Cəmi 12960 m3. 04 iyul 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan, ünvan 1i ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 2023-cü ilin mart ayı üçün 1555,20 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1 və 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Topalov X7 rayonu Mosul kəndi ünvanında yerləşən fərdi yaşayış evinin qazla təchiz edilməsi məqsədi ilə Cavabdeh X10 İstismar İdarəsi ilə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlayaraq Cavabdeh X10 İstismar İdarəsinin abonenti olmuşdur. Cavabdeh X10 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən 14 iyun 2022-ci il tarixdə iddiaçının istifadəsində olan C-4T markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması müəyyən edilmişdir. İddiaçı təbii qazdan istifadə etdiyini və dəyərini vaxtı-vaxtında ödədiyi halda ona 1555,20 manat debitor borcunun olduğu müəyyən edilmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 1500 manat borcun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış C4 markalı, ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X8 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. C4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarıldıqdan sonra “hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” Azəriqaz İB-nin Zaqatala X8 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Həmçinin qeyd edilən akt İddiaçı tərəfindən imzalanmamış, imzalamaqdan imtina etmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 12960 kubmetr qazın dəyəri olan 1555,20 manatın bir hissəsi olan 1500 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X8 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X8 İdarəsinin xx.xx.2023-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “qaz sayğacının sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında təbii qazın sərf olunması da inandırıcı deyildir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X9 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilərək Cavabdeh Zaqatala X8 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1500 manat borc İddiaçı hesabından silinməlidir. Məhkəmə iddia tələbinin 35 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edildiyindən 35 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala X8 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1500 (bir min beş yüz) manat borc İddiaçı hesabından silinsin. İddia tələbi “35 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməsin. İddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinin hesabına ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-547/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-547/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver