Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-58/2025 12.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 Əli qızının katibliyi Cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 686 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Abbaszadə Hı̇ dayət Rövşən oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN MRAC kondisioner almış və nəticədə 686 (altı yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1145.52 (bir min bir yüz qırx beş manat əlli iki qəpik) manat ( 18 ay x 63.64 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC kondisioner üçün ümumilikdə 686 (altı yüz səksən altı) manat olmaqla, ondan, 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində HOFFMANN MRAC kondisionerdən və ZƏMANƏT +1 il xidmətindən imtina etmiş və 522 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 522 manat, ümumilikdə, 522 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 02 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı MMC məhkəməyə ona qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuş və iddia ilə razı deyildir. Belə ki, o, xx.xx.2022-ci il tarixli müqavilə ilə HOFFMANN MRAC markalı kondisioner almışdır. Ancaq aldığı vaxtdan kondisioner düzgün işləməmişdir. O, bununla bağlı "ABC-TELECOM” MMC-yə müraciət etmiş, gəlib baxıb ona bildirdilər ki, kondisionerin qazı qurtarmışdır. Yeni alınmış kondisionerin qazının qurtarması inandırıcı olmasa da o öz xərci ilə kondisionerə qaz vurdurmuşdur. Lakin bir neçə gün sonra yenə kondisioner işləməmişdir. Belə olan halda o "xxxx" MMC-yə müraciət edərək kondisioneri qaytarmaq istəmişdir. Lakin "xxxx" MMC malın geri qaytarılması üçün verilən müddəti qəsdən uzadaraq kondisioneri geri götürməmiş və bilərəkdən vaxtı uzatmışdır ki, 14 gün keçsin və o kondisioneri geri qaytara bilməsin. Bundan sonra o kondisionerdən imtina etməsinə baxmayaraq, yenə də vaxtı qəsdən uzadaraq '‘ABC-TELECOM” MMC 2023-cü ilin yanvar ayında gəlib kondisioneri çıxarıb təmir üçün apardılar. Lakin iddia ərizəsində kondisioneri götürdükləri vaxtı düzgün göstərməmiş və 2023-cü ili may ayında kondisioneri apardıqlarını yazmışlar. Hesab edir ki, kondisionerdən imtina etməsinə baxmayaraq "ABC- TELECOM” MMC-in gəlib vaxtında kondisioneri təhvil almamasının səbəbi vaxtı uzadaraq ona borc yükləmək fikri olmuşdur. Bununla da "ABC-TELECOM” MMC onu aldadaraq həm düzgün işləməyən yararsız kondisioneri ona satmaqla, həm vaxtı uzadaraq geri götürməməklə, həm də ona qanunsuz olaraq borc yükləməklə onun hüquqlarını pozmuşdur. Kondisioner onda olmadığına və mağaza ona yararsız məhsul satdığına görə onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçı ona yararsız kondisioner satmaqla aldatmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş xəbərdarlıq-bildiriş adlı məktub ona təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət etmə qaydalarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-in ona qarşı yazdığı ərizəsinin rədd olunmasını xahiş etmişdir. Zaqatala rayon məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin izahatları 26 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh kondisioneri vaxtında qaytarmalı idi. Lakin o uzun müddət keçdikdən sonra iddiaçıya müraciət etmişdir. Tərəflərindən kondisioner aparılmışdır, kondensioner bir müddət sonra satılmışdır, satışdan əldə olunan pul cavabdehin borcundan silinmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən aldadılmışdır. Belə ki, o iddiaçıdan inverter motorlu kondisioner almaq istəmiş, lakin sonuncu tərəfindən ona sadə motorlu kondisioner satılmışdır. Həmçinin kondisionerin qazı az olduğundan tərəfindən əlavə 40 manatlıq qaz doldurtmuşdur. Noyabr ayının 8-də o, kondisioner sifariş etmiş və həmin ayın 11-də iddiaçının əməkdaşları gəlib kondisioneri mağazasında quraşdırmışlar. Kondisioner üç gün işlədikdən sonra dayanmışdır. O, qaynar xəttə zəng etmiş və servisdən Anar adlı şəxs gələrək kondisionerin qazının az olduğunu bildirmişdir. O, kondisionerə öz hesabına qaz vurdurmuş, lakin iki gün işlədikdən sonra kondisioner yenə də dayanmışdır. O, kondisioneri qaytarmaq istədiyi üçün dəfələrlə iddiaçıya müraciət etmiş və 50 gün keçdikdən sonra Bakı şəhərindən servis gələrək kondisioneri söküb aparmışlar. 10 gün keçdikdən sonra servisdən ona zəng edilərək bildirilmişdir ki, kondisioner auksiona çıxarılmış və dəyəndirilmişdir. Dəyəri 1149 manat olan kondensionerdən 500 manat çıxılmışdır. Qalan məbləği isə o 1 ay ərzində ödəməlidir. O, bundan imtina etdiyini onlara bildirmişdir. Hazırda onda olmayan kondisionerə görə pul ödəməyə razı deyildir. Kondisionerin iddiaçı tərəfindın aparılması barədə onda heç bir sənəd yoxdur. O, kondensionerin hərracda olan satış qiyməti ilə də narazıdır. Ona iddiaçı tərəfindən yazılmış borcun silinməsini istəyir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1 il zəmanətlə "xxxx" MMC-dən kredit yolu ilə alqı-satqı qiyməti 1101,6 (bir min bir yüz bir manat altmış qəpik) manat (18 ay x 63,64 manat + 0 manat ilkin ödəniş) olan İMEİ HOFFMANN MRAC markalı kondisioner əldə etmiş və onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3.9-cu bəndinə əsasən əşyada hər-hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər-hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Müqavilənin 3.10-cu bəndində əsasən müştəri ABC-in razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən bir tərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan silinir. İş materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, 07 noyabr 2022-ci il tarixdə satılmış istehsal tarixi 2022-ci il olan, split sistemli, təsir sahəsi 30-40 kvm olan, rəngi mirror, xarici blok çəkisi 26 kq, daxili blok çəkisi 9 kq, xarici blok ölçüləri 49.5x72x27sm, daxili blok ölçüləri 29,7x80,2x18,9sm olan HOFMANN MRAC-12/HEB (MİRROR) (340F******************) kondisioneri mütəxəssis Tural Sadıxov tərəfindən 500 manat dəyərində qiymətləndirilmişdir. Əmtəə görünüşündə cızıqlar vardır. İş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 623,52 manat ödənilməmiş hissə, 62,48 manat cərimə, ümumilikdə 686 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 02 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öz razılığı əsasında HOFFMANN MRAC kondisioner və 1 illik zəmanət qaytarılmışdır. Cavabdeh HOFMANN markalı kondisionerin 500 manat və zəmanətin 22 manat dəyərləndirilməsi və həmin məbləğin onun borcundan silindiyi bildirilmiş, qalan borcun isə ödəməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünastlıq ekspertizası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Hofman MRAC-12/HEB markalı kondensionerin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 454.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh alqı-satqı qiyməti 1145.52 manat ( 18 ay x 63.64 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC HOFFMANN MRAC markalı kondisioner verilərək tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin kondisioner nasaz olduğundan iddiaçı tərəfindən geri alınmış və 11 may 2023-cü il tarixdə auksiona çıxardılaraq kondisioner 500 manat dəyərində, zəmanət xərci isə 22 manat dəyərində qiymətləndirilmişdir. Həmin məbləğ cavabdehin borcundan silinmiş və sonuncunun iddiaçıya 623.52 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən həmin borc məbləği cavabdehdən tələb olunsa da sonuncu iddia tələbinə etiraz edərək onda mövcud olmayan kondisionerə görə pul ödəməyəcəyini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Hofman MRAC-12/HEB markalı kondensionerin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığı üçün məhkəmə təkrar məkəmə əmtəəşünastlıq ekspertizanın keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 623.52 manat borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində qeyd olunur ki, əşyada hər-hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hərhansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Müqavilənin 3.10-cu bəndində əsasən müştəri ABC-in razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən bir tərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan silinir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında və etirazında öz razılığı ilə kondisioneri iddiaçıya qaytardığını bildirmiş, iddiaçı tərəfindən isə 11 may 2023-cü il tarixli qiymətləndirmə aparılaraq istehsal tarixi 2022-ci il olan, split sistemli, təsir sahəsi 30-40 kv.m olan, rəngi mirror, xarici blok çəkisi 26 kq, daxili blok çəkisi 9 kq, xarici blok ölçüləri 49.5x72x27sm, daxili blok ölçüləri 29,7x80,2x18,9sm olan HOFMANN MRAC-12/HEB (MİRROR) (340F******************) kondisionerinin 500 manat dəyərində olması müəyyən edilmişdir. 1 illik zəmanət 22 manat dəyərləndirilmişdir. Həmin məbləğlər cavabdehin 1145.52 manat borcundan silinmiş və onun iddiaçı qarşısında 623,52 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 623,52 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, 62,48 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 62,48 manat cərimə 10 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623,52 manat ödənilməmiş hissə və 10 manat cərimə borcu olmaqla cəmi 633,52 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 623,52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla cəmi 633,52 (altı yüz otuz üç manat əlli qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-58/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-58/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver