Məhkəmə qərarları › İş №e-2(033)-594/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-594/2023

15.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-594/2023 15.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı “kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdehnə və Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı “kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X3 İdarəsi tərəfindən əsassız hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Mosul kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı ev öz adınadır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunur. 2022-ci ilin noyabr ayının 18-də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğacına baxış keçirildi, dövlət yoxlanışından keçirilməsi məqsədi ilə çıxarıldı və yenisi ilə əvəz edildi. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olundu. Həmin aktda heç bir pozuntu yazılmadı və aktı "Azəriqaz" İB-in nümayəndələri və o imzalamışdır. Bundan sonra 2023-cü il martında cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-dən xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin aktda guya istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, G-4 markalı **********0 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğacın membranı hərəkətə gətirən dişli çarx öz oxundan çıxarıldığı, dəymiş ziyanın hesablanaraq ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. Lakin bununla razılaşmır, çünki tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Həmçinin həmin akt onun iştirakı olmadan tərtib olunmuş və tərəfindən həmin akt imzalanmamışdır. Lakin həmin aktda qeyd edilmişdir ki, guya o həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in işçiləri bunu bilərəkdən etmişlər ki, sayğacı laboratoriyaya göndərsinlər. Bu özbaşınalıqlar isə təəssüf ki, cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in işçiləri tərəfindən dəfələrlə baş vermişdir. Məlumat üçün bildirir ki, istifadə etdiyi sayğac öz həyətində deyil, evdən aralıda küçədə olmuşdur və sayğac götürülən zaman onda heç bir zədə aşkar olunmamışdır. Əgər müdaxilə olsaydı, hər halda qaz sərfiyyatında azalma müşahidə olunardı. Son illərin qaz sərfıyyatına (Abonent Saldosuna) baxdıqda da açıqaydın görünür ki, qaz sayğacı yenisi ilə əvəz olunduqdan sonra hesablanmış qaz sərfiyyatı, qaz sayğacı dəyişdirilməmişdən əvvəlki dövrdə hesablanmış qaz sərfiyyatından (aylara görə) ciddi fərqlənməmişdir, yəni sərfiyyatda heç bir ciddi artım olmamışdır. Ona görə də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1558 manat borc vardır. Həmin borcun 2.80 manat hissəsi sayğac üzrə, 1555.20 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********0 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı **********0 nömrəli sayğac, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023cü il tarixli 14-2-2/3-5-3102-1 saylı aktında göstərilmişdir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın membranını hərəkətə gətirən dişli çarx öz oxundan çıxarılıb, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan “Azəriqaz" X1 RQİİ ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 8145 nömrəli «Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan iddiaçı Cavabdeh Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan cavabdeh İddiaçı yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.7-ci bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). Mülki işin materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Zaqatala rayonunun Mosul kəndinə yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-3102-1 saylı aktdan görünür ki, Dövlət yoxlaması nəticəsində G-4 markalı **********0 nömrəli nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın membranı hərəkətə gətirən dişli çarx öz oxundan çıxarılmışdır, sayğac istismara yararsızdır. Mülki işin materiallarında olan cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in baş mühəndisi Taleh Həsənov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, G-4 markalı **********0 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6x24x90=12960 kub.m. Mülki işin materiallarında olan Cavabdeh İB-nin əməkdaşları E.Həşimov, R.Buşayeva və E.Məmmədov tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş G-4 markalı **********0 nömrəli qaz sayğacı 14-2-2/3-5-3102-1 saylı akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın membranı hərəkətə gətirən dişli çarx öz oxundan çıxarılmışdır. İddiaçı aktı imzalamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, Zaqatala rayonunun Mosul kəndində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 1555,20 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən iddiaçı tərəfindən Zaqatala rayonunun Mosul kəndində istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı sonuncunun yaşadığı ev və həyətyanı sahədə deyil, yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilsəydi xx.xx.2022-ci il tarixdə yeni qaz sayğacı quraşdırılan vaxt qeyd olunan nöqsanlar aşkar olunardı və istehlakçıya bu barədə məlumat verilərdi. Belə ki, həmin akt istehlakçının iştirakı ilə tərtib olunmuş və o, aktı imzası ilə təsdiq etmişdir. Həmin aktda hər hansı bir müdaxilənin olması qeyd olunmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanması barədə tərtib edilmiş aktda sayğacın hesablama mexanizmi keçən qazın həcminin qeyd etməməsi, sayğacın membranını hərəkətə gətirən dişli çarxın öz oxundan çıxarılması qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizmində hər hansı bir qusur aşkar olsaydı xx.xx.2022-ci il tarixdə sayğac başqası ilə əvəz olunarkən müəyyən edilməli idi. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə mütəxəssisin apardığı tədqiqat nəticəsində aşkar etdiyi halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin və həyətin daxilində deyil, sayğaca müdaxilə olsaydı sayğac dəyişdirilərkən aşkar olunardı və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə iddiaçının hər hansı bir marağının olması da müəyyən edilməmişdir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt əsasında istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı (Zaqatala rayonu Mosul kəndi) itirilmiş qaza görə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar