Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-598/2022 22.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi, Məhkəmə iclas katibi X2 İddiaçı və onun nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən yazılmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimənin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək X11 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən yazılmış 432 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında qaz sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. 2022-ci ilin fevral ayında kommunal ödənişləri ödəmək üçün kənd poçt şöbəsinə yaxınlaşdıqda adında itirilmiş qazın bərpası üçün 4320 kub.m. sayğaca görə cərimə borcunun olduğunu öyrənmişdir. Aydınlaşdırmaq üçün X11 idarəsinə müraciət etdikdə məlum oldu ki, yazılan cərimənin qaz sayğacına müdaxilə və itirilmiş qazın bərpası ilə əlaqədar olduğunu öyrənmişdir. Aktda göstərilir ki G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Bildirmək istəyir ki, sayğac onun həyətyanı sahəsindən kənarda yerləşir və sayğaca hər hansı zərərin vurulması barədə məlumatı yoxdur. Əgər belə bir hal qaz paylayıcı tərəfindən müəyyənləşdirilmişdirsə mövcud qanunvericiliyin müvafiq hissəsinə əsasən ona məlumat verməklə akt tərtib olunmalıdır. Ancaq qaz paylayıcı orqan mövcud qanunvericiliyin tələblərinə əməl etmədən sayğacını yenisi ilə əvəz edib və ona heç bir akt təqdim etməyib. Yuxarıda da vurğuladığı kimi sayğacın yaşayış sahəsindən kənarda, hər kəs üçün əlçatan yerdə quraşdırılması nəzarət imkanını tamamilə aradan qaldırır. Bundan başqa sökülmüş köhnə sayğacın kim tərəfindən hansı vasitələr ilə, hansı şəraitdə sökülməsi və harda zədələnməsi barədə onda və heç bir ailə üzvündə məlumat yoxdur. Əlavə olaraq bildirmək istəyir ki, 2012-ci ilin sentyabr ayından bu günə qədər istifadə etdiyi aylıq qaz sərfiyyatının miqdarında statistik ortadan kənarlaşma yoxdur. Bu da onun tərəfindən sayğaca heç bir müdaxilə olmadığına dəlalət edən əsas faktorlardandır. Bir nüansı xüsusi olaraq diqqətə çatdırmaq istəyir ki, kənd ərazisində yaşaması odun sobalarından daha çox istifadə etməyinə şərait yaratdığı üçün bu illər ərzində qazdan istifadəyə ehtiyacı çox aşağı olub və bu hal sayğaca müdaxilə etmə ehtimalını tamamilə ləğv edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Azəriqaz X3 X9 İdarəsinin Hüquq Şöbəsinin rəisi X1 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli 29/1710-04414-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq Cavabdeh Zaqatala X9 İdarəsi tərəfindən hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X8 iddiaçı ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, Azəriqaz X3 X9 İdarəsinin Hüquq Şöbəsinin rəisi X1 etirazda məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 16289 nömrəli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin Osman Beybutov şəxsində, digər tərəfdən istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 21 sentyabr 2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh X11 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan Elster markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni Zenner markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2021ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin 29/1710-04414-1 sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir, nəticədə təbii qaz itkisi yaranmış, qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın normal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.4x12x90=4320 m3 Cəmi 4320 m3. 06 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********01220 olan, ünvan 1i ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 2021-ci il üçün 432 manat, 2022-ci ilin iyun ayı üçün ayın sonuna 252 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdırıb iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh X11 İstismar İdarəsinin abonenti kimi müqavilə bağlamaqla özü ünvan 1ində yaşayır. Cavabdeh X11 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən 21 sentyabr 2021-ci il tarixdə iddiaçının istifadəsində olan Elster markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi müəyyən edilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 252 manat borc, 2021-ci il üçün aktlar üzrə 432 manat borcu olduğu müəyyən edilmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 432 manat borcun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış Elster markalı, ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. Elster markalı, ******* nömrəli qaz sayğacının sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən akt İddiaçı tərəfindən imzalanmamış, akta adı yazılıb, “imtina etdi qeydi” yazımaqla kifayətlənilmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X10 əməkdaşları tərəfindən istehlakçı olan iddiaçıya heç bir məlumat verilməmiş, sayğacın yeni sayğacla əvəz edilməsi bildirilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi Azəriqaz İB-nin Zaqatala X9 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 4320 kubmetr qazın dəyəri olan 432 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X9 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X9 İdarəsinin xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “qaz sayğacının sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 432 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X10 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh Zaqatala X9 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 432 manat borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh Zaqatala X9 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 432 (dörd yüz otuz iki) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-598/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-598/2022
22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver