Məhkəmə qərarları › İş №e-2(033)-602/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-602/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-602/2023 11.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi, Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına borc kimi yazılmış 862,64 manat pulun silinməsinə, ondan alınmış 188,08 manat pulun cavabdehlərdən alınıb ona qaytarılmasına və vəkilə ödənilmiş 150 manat xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlıvaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı evin həyətinin giriş darvazasından bayırda, yəni ictimai yol hissədə quraşdırılmış və ploblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralandığını və sayğacın istismara yarasız olduğunu aşkar etmişlər. Qaz sayğacı küçədə yerləşdirildiyi üçün, onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət abonentin üzərinə qoyula bilməz. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdehlər qəsdən ona akt yazaraq ona süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilatın nümayəndələri 2022-ci ilin iyul ayında onun hesabına 1036,92 manat guya dəymiş ziyana görə borc yazmışlar. Bu borcdan onun xəbəri olmamışdır. 2022-ci ilin dekabr ayında sərf etdiyi qazın dəyəri 25,92 manat olduğu halda nəzarətçinin təklifi ilə o qabaqcadan ödəniş olaraq 214 manat pul ödəmişdir. Lakin indi ona məlum olmuşdur ki, həmin 214 manatın 188,08 manat hissəsi qanunsuz olaraq yazılmış 1036,92 manat pulun əvəzinə ödənilmişdir. Bu da onun hüquqlarını pozmaqda davam edir. Bundan başqa hesabında 862,64 manat guya borc göstərir. Bu borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəmədən tələbi ondan ibarətdir ki, cavabdeh tərəfindən ona yazılmış 862,64 manat borc silinsin və ondan qanunsuz olaraq borc əvəzinə alınmış 188,08 manat pul isə cavabdehdən alınaraq ona qaytarılsın. O məhkəməyə müraciət etmək üçün sənədlər toplamaq üçün vəkilə müraciət etmişdir. Vəkilə ödənilmiş xidmət haqqı da cavabdehlərdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Azəriqaz İstehsalat Birliyi etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 862.64 manat borcun silinməsi və 338.08 manat məbləğin geri qaytarılması tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirirəm ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 927.92 manat borc vardır. Həmin 927.92 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-02466-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 862.64 manat borcun silinməsi tələbi və 338.08 manat məbləğin geri qaytarılması barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq Cavabdeh Zaqatala X10 İdarəsi tərəfindən hesablanmış 862,64 manat borcun silinməsinə və 188,08 manatın qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddiann rədd olunmasını xahiş etdi.. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 5092 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyev şəxsində, digər tərəfdən ünvan 1i ünvanında yaşayan istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 13 iyun 2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh X12 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, onun ünvanından həmin sayğac açılaraq götürülmüş və sayğacın əvəzində yeni G4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X10 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, 29/1710-02466-1 saylı akta əsasən sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb. Sayğac istismara yararsızdır. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb, qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın normal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. 4x24x90=8640 m3 Cəmi 8640 m3. 11 iyul 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan, ünvan 1i ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 2022-ci il üçün 1036,80 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdırıb tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Novruzov X7 rayonu Mosul kəndi ünvanında yerləşən fərdi yaşayış evinin qazla təchiz edilməsi məqsədi ilə Cavabdeh X12 İstismar İdarəsi ilə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 5092 nömrəli müqavilə bağlayaraq Cavabdeh X12 İstismar İdarəsinin abonenti olmuşdur. Cavabdeh X12 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən 13 iyun 2022-ci il tarixdə iddiaçının istifadəsində olan G4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması müəyyən edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə etdiyini və dəyərini vaxtı-vaxtında ödədiyi halda, ona xx.xx.2022-ci il tarixli aktla 1036,80 manat borcun hesablandığı müəyyən edilmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 1036,80 manat borcun ödənilməmiş olan 862,64 manat hissəsinin hesabından silinməsinə və ödənilmiş artıq 188,08 manat pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış G4 markalı, ******* nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X10 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G4 markalı, ******* nömrəli qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən aktda istehlakçının nümayəndəsi qrafasında İddiaçı qeydi edilmiş və həmin qrafanın qarşısında imza edilmişdir. Göstərilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından aralıda, bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X11 əməkdaşları tərəfindən istehlakçı olan iddiaçıya heç bir məlumat verilməmiş, sayğacın yeni sayğacla əvəz edilməsi bildirilmiş, sonradan iddiaçı tərəfindən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması Azəriqaz İB-nin Zaqatala X10 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat məbləğin ödənməmiş olan 862,64 manat hissəsinin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X10 İdarəsinin aktına əsasən “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb, sayğac istismara yararsızdır.” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X10 İdarəsinin xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması və sayğacın istismara yararsız olması” özüözlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 1036,80 manat zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə həmin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini şübhə altına alır. Belə bir şübhənin olmaması üçün cavabdeh təşkilatın nümayəndələri həmin sayğacı açarkən bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən həmin müdaxilənin olması nəticəsində sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Qeyd edilən əsaslarla məhkəmə həmin sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin fikri ilə razılaşmır və sayğac çıxarılan zaman istehlakçı tərəfindən sayğaca müdaxilə X11 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi akt üzrə hesablanmış 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat məbləğin ödənməmiş olan 862,64 manat hissəsinin silinməsi hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin 188,08 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmiş hallardan görünür ki, 2022-ci il iyun ayı üçün akt əsasında İddiaçı borcu 1036,80 manat müəyyən edilmişdir. Həmin akt əsasında hesablanmış zərərin 862,64 manat hissəsi iddiaçı tərəfindən ödənməmiş və iddiaçının tələbi əsasında həmin məbləğin onun hesabından silinməsi tələbi təmin edilmişdir. Həmin akt üzrə iddiaçı tərəfindən qaytarılmasını tələb etdiyi 188,08 manat yox, 174,16 manat ödəniş edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli ******* nömrəli akt üzrə hesablanmış 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat məbləğin iddiaçı tərəfindən ödənmiş 174,16 manat hissəsi cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 150 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 150 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Zaqatala X10 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036,80 manat borcun ödənilməmiş 862,64 manat hissəsi İddiaçı hesabından silinməli, həmin akt üzrə iddiaçı tərəfindən ödənilmiş 174,16 manat pul vəsaiti və iddiaçı tərəfindən hüquqi yardımın alınması üçün çəkilmiş 150 manat vəkil xərci cavabdehlər Cavabdehnə və X12 İstismar İdarəsindən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala X10 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borcun 862,64 (səkkiz yüz altmış iki manat altmış dörd qəpik) manat hissəsi İddiaçı hesabından silinsin. Cavabdehndən 174,16 (bir yüz yetmiş dörd manat on altı qəpik) manat pul vəsaiti və iddiaçı tərəfindən hüquqi yardımın alınması üçün çəkilmiş 150 (bir yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar