Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-629/2022 06.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 130,22 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 10:28 radələrində Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə ilə idarə etdiyi “Daewoo Espero” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər C- MİC-1223/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusa "xxxx" MMC-nin 4371 saylı zərər aktına əsasən, 130.22 (yüz otuz manat iyirmi iki qəpik) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 130.22 manat dəymiş zərərin məbləği olaraq, zərəçəkmiş şəxs "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən “İveco Urbanway” markalı. **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus tam sığorta olunduğundan. "xxxx" MMC-yə Mülki Məcəllənin 931-ci maddəsinə əsasən sığorta ödənişi həyata keçirilmişdir. “Daewo Espero” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2020-ci il tarixli, 1939 saylı ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 130.22 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Nərimanov rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 078-31995 saylı arayışından və xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə verindən yayınma) maddəsi ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları İcbari Sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, xx.xx.2018-ci il tarixdə bağlanmış PXA********** nömrəli sığorta müqaviləsinə əsasən X5 məxsus “Daewo Espero” minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 il müddıətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Nərimanov rayon DYPŞ polis leytenantı X7 tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh “Daewo Espero” minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixdə X3 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən X8 tərəfindən verilmiş Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında ƏN-İV seriyalı 898930 nömrəli etibarnamədən görünür ki, Cavabdeh Daewoo Espero” minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün səlahiyyətlər verilmişdir. “Baku Bus» tərəfindən verilmiş “Zərər aktı”-ndan görünür ki, “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 130,22 (bir yüz otuz manat iyirmi iki qəpik) manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC-in PXA63772 nömrəli Sığorta aktından aydın olur ki, X5 məxsus PXA ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “DAEWOO ESPERO” markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2019-ci il tarixdə Bakı şəhəri Təbriz küçəsində “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş və bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi nəticəsində sığorta alan "xxxx" ASC-nin hesabına 130,22 manat sığorta ödənişi edildiyi qeyd edilmişdir. C-MİC-1215/19- C-MİC-1242/19 nömrəli Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığorta təminatı almışdır. "xxxx" ASC-in xx.xx.2020-ci il tarixli Sığorta aktından aydın olur ki, xx.xx.2019-ci il tarixdə Bakı şəhəri Təbriz küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" MMCyə məxsus C-MİC-1223/19 nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 130,22 manat sığorta ödənişi həyata keçirilməlidir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, sığorta ödənişi kimi 130,22 manat vəsait "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 1939 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 63772 nömrəli sığorta aktı üzrə 130,22 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-yə ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi "xxxx" ASC tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta edilmiş «DAEWOO ESPERO» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Təbriz küçəsində hərəkətdə olarkən, C-MİC-1223/19 nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığorta təminatı verilmiş “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncu avtomobilinə maddi zərər dəymişdir. Nərimanov rayon DYPŞ polis leytenantı X7 tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilmişdir. “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər zərər aktına əsasən 130,22 manat müəyyən edilmiş, sığorta aktı tərtib edilmiş və həmin vəsait "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən “Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Sığorta hadisəsi nəticəsində hesablanmış sığorta ödənişi "xxxx" ASC tərəfindən PXA63772 nömrəli sığorta aktına əsasən xx.xx.2022-ci il tarixli 1939 nömrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin hesabına ödənilmişdir. İşdən görünür ki, Nərimanov rayon DYPŞ polis leytenantı X7 tərəfindən xx.xx.2019cu il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Cavabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda cavabdeh məhkəməyə gəlməyərək iddianın rədd olunmasına əsas ola biləcək hər hansı sənədi, sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 130.22 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8 və 63.1-ci maddələrinə əsasən, yəni avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayınan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericiliyin şərh edilən normalarına və işdə olan sənədlərə əsaslanaraq, hesab edir ki, vurulan maddi zərərin əvəzi olan 130,22 (bir yüz otuz manat iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişi xx.xx.2019-cı il tarixdə «DAEWOO ESPERO» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edən Cavabdeh subroqasiya hüququ əsasında iddiaçı "xxxx" ASC-in xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulan maddi zərərə görə ödənilmiş 130,22 (bir yüz otuz manat iyirmi iki qəpik) manat pul subroqasiya hüququ əsasında alınıb iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İddia təmin edildiyindən iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 130,22 (bir yüz otuz manat iyirmi iki qəpik) manat zərər məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-629/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-629/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver