Məhkəmə qərarları › İş №e-2(033)-713/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-713/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-713/2023 13.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi. İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********40656 Realme C21Y markalı telefon, X4 üçün 489.5 (dörd yüz səksən doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 48.5 (qırx səkkiz manat əlli qəpik) manat cərimə, ümumilikdə 538 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********40656 Realme C21Y markalı telefon, X4 almış və nəticədə 538 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 526.5 manat (12 ay x 40.8 manat + 36.9 manat ilkin ödəniş) olan İmei kodu **********40656 Realme C21Y markalı telefon, X4 üçün ümumilikdə, 538 manat olmaqla, ondan 489.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" MMC ona qarşı "kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********40656 REALME C 221Y markalı telefon, X4 üçün 489,5 manat ödənilməmiş hissə, 48,5 manat cərimə olmaqla ümumilikdə 538 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş hazırda e-2(033)- 713/2022 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçının iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir: İddiaçının iddia tələbi mobil telefonun alınması ilə bağlı yaranmış borc pul tələbi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Mülki Məcəllənin 600.1-600.5-ci maddələri təşkil edir. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsində deyilir ki, Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.3-cü maddəsində deyilir ki, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı alıcıya lazımi keyfiyyətli məhsul verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ərizəsində iddia edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı satılmış əşyanı güya ona tam və qüsursuz şəkildə təhvil vermişdir. Halbuki, iş üzrə iddiaçı (müqavilə üzrə Satıcı) "xxxx" MMC ona müqavilədə nəzərdə tutulmuş məişət texnikası olan mobil telefonu xx.xx.2022-ci il tarixdə təhvil verdikdən sonra həmin telefonda qüsur aşkar olundu. Bununla bağlı xx.xx.2022-ci il tarixdə satıcının nümayəndəsi Fariz Şirbidova müraciət edərək malın qüsurlu olduğunu bildirmişdir. Satıcı, ondan həmin mobil telefonu təhvil alaraq servisə göndərəcəklərini bildirdi. O, əvvəlcə buna etiraz olaraq qüsurlu malı almaq istəmədiyini bildirdi. Lakin satıcının nümayəndəsi etirazına məhəl qoymayaraq aralarında bağlanmış müqaviləyə əsasən telefonda aşkar olunmuş qüsurlar ancaq servis tərəfindən aradan qaldırılacağı, həmin qüsurun aradan qaldırılması mümkün olmadığı təqdirdə dəyişdiriləcəyini bildirdi. Lakin o, satıcının nümayəndəsinə telefonunda aşkar olunmuş qüsurun aradan qaldırılsa belə telefonu almaqdan imtina edəcəyini bildirdi. Buna baxmayaraq həmin telefon servisə göndərildi. Təxminən 15 gündən sonra ona zəng edilərək telefonun servisdən gəldiyini və telefonun qüsurunun aradan qaldırıldığı bildirildi. Lakin o, qüsurlu telefonu almaqdan imtina etdiyini bildirdi, yəni müqavilənin ləğv edilməsini tələb etdi. Lakin satıcının nümayəndəsi bununla razı olmadı və o, telefonu geri təhvil almaqdan imtina etdi. Beləliklə mübahisə predmeti olan mobil telefon tərəfindən təhvil alınmamış və satıcıya geri qaytarılmışdır. Lakin iddiaçı "xxxx" MMC məhkəməyə əsassız iddia ərizəsi verərək ondan təhvil almadığı telefonun pulunu tələb edir. Bununla da iddiaçı onun istehlakçı hüquqlarını pozur. Belə ki, "İstehlahçıların hüquqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Qanunun bu tələbindən göründüyü kimi, qanunverici istehlakçıya "müqavilənin ləğv edilməsini və hətta çəkdiyi zərərin ödənilməsini" tələb etmək hüququ vermişdir. Eyni zamanda Qanunun sözügedən bəndindən görünür ki, istehlakçının göstərilən hüquqlardan birini seçmək hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 16-cı maddəsinə əsasən ('İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı) Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İddiaçının ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli 04661113 nömrəli müqavilənin 3.11-ci bəndinə əsasən müştəri 2.1-ci bənddə göstərilən "Mal'lardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa, hər hansı səbəbdən malı qaytararsa və ya başqa növ/model mala dəyişdirərsə, bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu "Mal"ı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin həmin "Mal"ın dəyərini tam şəkildə ödəməlidir. Halbuki İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 04661113 nömrəli müqavilənin 3.11-ci bəndi müştəriyə malın qaytarılmasını nəzərdə tutsa da özlüyündə istehlakçı hüquqlarını məhdudlaşdıran müqavilə şərtidir və Qanunun 16-cı maddəsinə əsasən etibarsız sayılmalıdır. Çünki qanuna əsasən satıcının istehlakçıya qüsursuz mal verməsi onun borcu olduğu kimi, istehlakçının da malda qüsur aşkar etdiyi halda malı şərtsiz olaraq geri qaytarması və müqavilənin ləğvini tələb etməsi onun hüququdur. Qanunun tələbindən görünür ki, istehlakçı olaraq onun müqavilənin ləğv edilməsi və satılan malın geri qaytarmaq hüququ olduğu halda iddiaçı ona həmin malın alınmasını və malın qiymətinin ondan tutulmasını məcbur etmək fikrindədir. Halbuki o, həmin telefonun nisyə alqı-satqısı müqaviləsinin ləğv edilməsini və geri qaytarılmasını tələb edir. Göründüyü kimi, iddiaçının iddiasının heç bir hüquqi və qanuni əsası yoxdur. Ona görə də, iddiaçının ona qarşı "borc pul" tələbinə dair iddiası rədd edilməlidir. Çünki həmin mobil telefon lazımi keyfiyyətdə olmadığı üçün geri qaytarılmışdır. Həmin telefon hal-hazırda iddiaçı "xxxx" MMC-nin Zaqatala şəhərində yerləşən "Kontakt Home" Zaqatala mağazasındadır. Odur ki, iddiaçı "xxxx" MMC-nin ona qarşı "borc pul" tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı ilə aralarında bağlanmış alqısatqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsini qəbul etmədiyini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(033)-713/2023 nömrəli qərardadı ilə iddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04661113 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 526.49 manat məbləğində İmei kodu İmei kodu **********40656 Realme C21Y markalı telefon, X4 əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 06 iyun 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə ümumilikdə 489.5 manat əsas borcu və 48.5 manat cərimə olmaqla, cəmi 538 manat borcu ödənilməmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. ABC X1 Cəmiyyətinin məhkəməyə ünvanladığı 13 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı Realme C21Y markalı telefon servis mərkəzində araşdırılmış, göstərilən cihazda heç bir qüsur müəyyən olunmamış, telefonun proqram təminatı yenilənmiş və hal-hazırda tam qüsursuz vəziyyətdədir. Cavabdeh telefonu əldə etdiyi mağazaya vermiş və tərəflərindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq geri götürməmişdir. Hazırda həmin telefon mağazadadır və istədiyi zaman maneəsiz olaraq götürə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.2-587.2.2-ci maddələrinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2.lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "İstehlahçıların hüquqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanunu 7.1 və 7.2-ci maddələrinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara tərəflərin iştirakı ilə tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə iclası zamanı tərəflərin təqdim etdiyi sübutların və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, 04661113 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 526.49 manat məbləğində İmei kodu **********40656 Realme C21Y markalı telefon, X4 alıcıya vermiş, ona digər xidmətlər göstərmiş, Cavabdeh isə onu qəbul edib, avadanlığın və xidmətlərin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh özünün xeyrinə 489.5 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək alğı-satqı müqaviləsi üzrə Cavabdeh «Realme C21Y» markalı mobil telefonu lazımı keyfiyyətdə verməmişdir. Daha sonra isə zəmanəti üzrə həmin telefon xx.xx.2022-ci il tarixdə təmir olunması üçün «texniki servis mərkəzi» tərəfindən təhvil alınmış, sonra isə təmir olunaraq mağazaya geri qaytarılmışdır. Cavabdeh də telefonu aldıqdan 3 gün sonra geri qaytarılmış qüsurlu olan telefonu götürməkdən imtina edərək, onun yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, həmin telefon üçün iddiaçı tərəfindən zəmanət verilmişdir. Telefonda problem yarandığından şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməyinə baxmayaraq, telefon yenisi ilə əvəz edilməmişdir. ABC X1 Cəmiyyətinin məhkəməyə ünvanladığı 13 sentyabr 2023-cü il tarixli məktubundan da görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı Realme C21Y markalı telefon servis mərkəzində araşdırılmış, göstərilən cihazda heç bir qüsur müəyyən olunmamış, telefonun proqram təminatı yenilənmiş və hal-hazırda tam qüsursuz vəziyyətdədir. Cavabdeh telefonu əldə etdiyi mağazaya vermiş və tərəflərindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq geri götürməmişdir. Hazırda həmin telefon mağazadadır və istədiyi zaman maneəsiz olaraq götürə bilər. Göründüyü kimi, iddiaçı müqavilədə nəzərdə tutulmuş yararlı malı cavabdehə təhvil verməyərək müqavilə üzrə olan öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyildir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Hazırki işin materiallarından görünür ki, cavabdeh iddianı qəbul etməməklə etirazını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə iddia ərizəsində göstərilmiş arqumentlərlə çıxış etsə də, göstərdikləri işin sənədləri ilə sübut olunmamaqla, iddiaçı tərəfindən də heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhsulun iddiaçı tərəfindən geri alınmasının sübut olunması da nəzərə alındıqda, məhkəmə hesab edir ki, onun dəyərinin yenidən cavabdehdən tələb olunması hüquqdan sui-istifadədir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, suiistifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ABC X1 Cəmiyyətinin ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar