Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-790/2023 04.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, iddiaçı “X2”nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı “X2” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 633,95 (altı yüz otuz üç manat doxsan beş qəpik) manat, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə isə 664.35 (altı yüz altmış dörd manat otuz beş qəpik) manat borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Zaqatala rayonu Bəhmətli kəndində yaşayan Cavabdeh məxsus mənzilində 22403 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01460 saylı qaz hesabında ödənilməmiş 633.95 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 633.95 manat hissəsi sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır.1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 633.95 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 11437815 nömrəli sayğacın 10262 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “X2”nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-790/2023 nömrəli 07 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı “X2”nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 08 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin rəisi Qurban Mehdiyev şəxsində, digər tərəfdən ünvan 1i ünvanında yaşayan istehlakçı Cavabdeh müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 23 iyun 2023-cü il tarixli 11437815 nömrəli Elster G4T sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********01460 olan, ünvan 1i ünvanında yaşayan Cavabdeh qeyd olunan tarixə sərfiyyat üzrə 633,95 (altı yüz otuz üç manat doxsan beş qəpik) manat borcu qalmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-899/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək cavabdeh ünvan 1i ünvanda yaşayan Cavabdeh 468,35 (dörd yüz altmış səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X2”nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədə işin hallarında sübut qismində qeyd edilmiş xx.xx.2022-ci il tarixli 11437815 nömrəli Elster G4T sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********01460 olan, ünvan 1i ünvanında yaşayan Cavabdeh qeyd olunan tarixə sərfiyyat üzrə 468,35 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Respublika ərazisində təbii qazın pərakəndə satış tarifinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 3 nömrəli Qərarı Təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndə satış tarifi 1200 m3-dək (ƏDV ilə) 120 manat, 1200 m3-dən 2500 m3-dək 200 manat, 2500 m3-dən çox 250 manat müəyyən edilmiş və bu tarif 2021-ci il 16 oktyabr tarixindən qüvvəyə minmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 3.2.1-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni istehlakçı olan cavabdehi qazla təmin etmiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istehlakçı Cavabdeh yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində sayğac göstərilərinə əsasən aparılmış hesabata əsasən qazdan istifadəyə görə yaranmış 633,95 (altı yüz otuz üç manat doxsan beş qəpik) manat borcu ödənilməmişdir. Lakin Zaqatala Rayon Məhkəməsinin 2(033)-899/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ünvan 1i ünvanda yaşayan Cavabdeh 2022-ci ilin sentyabr ayınadək olan müddət üçün sayğac göstəricisinə əsasən hesablanmış 468,35 (dörd yüz altmış səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X2”nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 2(033)-899/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə borc kimi müəyyən edilmiş məbləğ çıxılmaqla qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 165,6 (bir yüz altmış beş manat altmış qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X2”nə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 165,6 (bir yüz altmış beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X2”nin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X2”nin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-790/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-790/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver