Məhkəmə qərarları › İş №e-2(033)-791/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-791/2025

17.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-791/2025 17.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X7 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X10 İdarəsi tərəfindən mülkiyyətçisi olduğu Zaqatala rayonu, Keboloba kəndində yerləşən evin qazdan istifadə ilə bağlı, qanunsuz olaraq hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik debutor borcun əsassız olması səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətçisi olduğu Zaqatala rayonu Keboloba kəndində yerləşəm ona məxsus yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşım X5 ona zəng edərək evinin çöl hissəsində olan sayğacın özlərini qaz idarəsinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən çıxarılaraq aparılması və yeni qaz sayğacının qoyulması barədə ona məlumat verdi. Həmin vaxtdan təxminən 5-6 ay keçdikdən sonra qaz idarəsinin nəzarətçisi Telman adlı şəxs ona yaxınlaşaraq demişdir ki, evinin çöl hissəsində olan və götürülmüş sayğaca müdaxilə barədə akt tərtib edilmişdir. Həmin vaxt nəzarətçi ondan akta imza etməyini tələb etsə də, o həmin akta imza etməkdən imtina edərək aktda öz qeydini aparmışdır. Həmin akta qeyd etmişdir ki, sayğac evinin giriş qapısından 15 metr kənarda yolun əks tərəfində yerləşdiyi üçün sayğaca tərəfindən nəzarət edilməsi mümkün deyil. Həmçinin o, ona bildirir ki, o və ailə üzvlərindən heç kim sayğaca müdaxilə edə bilməz. Çünki onların ümumiyyətlə belə şeylərdən başı çıxmır. Əlavə olaraq aylıq ödənişlərində də heç bir fərq olmadığı açıq aşkar görünməkdədir. Bundan sonra o, həmin halla bağlı problemin aradan götürülməsi üçün Cavabdeh ASC-nin sabiq rəhbəri Ruslan Əliyevə çoxsaylı şikayətlər və müraciətlər etmişdir. Məktubla müraciətlərinə cavab olaraq ona işin araşdırılacağı bildirilsə də, təəsüf ki, müraciətlərinə heç bir müsbət və ya mənfi cavab verilmədi. 2025-ci ilin martın 19-da istifadə etdiyim ********** nömrəsinə bildiriş gəldi. Bildirişdə onun 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində pulun Cavabdeh ASC-yə borcu olduğu qeyd edilmişdi. xx.xx.2025-ci il tarixdə Azəriqaz ASC-nin rəhbərliyinə yenidən belə bir qanunsuz halla bağlı müraciət ünvanladı. xx.xx.2025-ci il tarixdə müraciətinə mənfi cavab gələrək, hadisə ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi ona tövsiyə edildi. Təkrarən bildirir ki, onun və ya ailə üzvlərinin həmin sayğaca müdaxilə etməsi mümkün deyil. Bundan əlavə olaraq bildirir ki, o, 44 günlün vətən müharibəsinin veteranıdır. Zabit rütbəsi ilə vətənə borcumu həyata keçirmişdir. Dövlət tərəfindən hərbi xidmətə görə və vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Bununlada fəxr edir. Bu yaxınlarda sayğaca müdaxilə olunduğu üçün qazdan istifadə ilə bağlı ona Zaqatala Qaz İİ-dən təkrarən ona bildirilmişdir ki, guya onun həmin təşkilata 1036 (bir min otuzaltı) manat 80 (səksən) qəpik manat debutor borcum var. Göründüyü kimi, Cavabdeh Zaqatala X12 İdarəsi qanunsuz və əsassız olaraq ona 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik debutor borc hesablamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X6 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10352926 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı 10352926 nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********1 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-106-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz sərfi 4 m3 saat, günlük iş rejimi 24 saat nəzərə alınmaqla və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı oğlu iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1036.80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X6 etirazın məzmununa uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair xx.xx.2017-cı il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən ünvan 1i ünvanında yaşayan istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh Zaqatala X10 İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan Zaqatala rayonu Kebeloba kəndi ünvanında quraşdırılmış G-4 markalı, 10352926 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlaması səbəbi ilə çıxarılmış, sayğacın elektron mexanizminin zədələnməsi müəyyən edilmiş və sayğacın əvəzində yeni **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Zaqatala rayonu Kebeloba kəndi nömrəli mənzildə Cavabdeh Zaqatala X8 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib. xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-106-1 nömrəli aktın 34-cü sətrindən görünür ki, zavod nömrəsi 10352926 olan Zenner G-4 tipli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib. Sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-106-1 nömrəli aktına əsasən G-4 markalı 10352926 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib. Nəticədə təbii qaz itkisi yaranmış, G4 markalı 10352926 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.4x24x90=8640 m3 Cavabdeh 11 aprel 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə baxılmış və 1036,8 manat məbləğin silinməsnin yalnız icra vərəqəsi əsasında mümkün olması bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********3 nömrəli Zenner G4T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********00420 olan, Zaqatala rayonu Kebeloba kəndi ünvanında yaşayan İddiaçı qalıq və aktlar üzrə 1036.80 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh Zaqatala X10 İdarəsinin abonenti kimi müqavilə bağlamaqla ünvan 2i ünvanında yerləşən mənzildə cavabdeh tərəfindən satılan qazda istifadə barədə razılığa gəlmişdirlər. Cavabdeh Zaqatala X10 İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan mənzildə istifadə edilən qazın həcminin müəyyən edilməsi üçün istifadə olunan G-4 markalı, 10352926 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün açılmış, onun əvəzinə yeni sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt, akt əsasında isə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, həmin akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilməsi müəyyən edilmişdir. İddiaçı ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 1036.80 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında qazdan istifadə qaydalarını pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 1036.80 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus Zaqatala rayonu Kebeloba kəndində fərdi yaşayış evindən quraşdırılmış G-4 markalı, 10352926 nömrəli qaz sayğacı Cavabdeh Zaqatala X8 İdarəsinin əməkdaşları tərəfindən sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu müəyyən edilmişdir. G-4 markalı, 10352926 nömrəli qaz sayğacının “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib” əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir. Qeyd edilən aktda istehlakçının nümayəndəsi qrafasında İsmayılova Zəhra. qeydi edilmiş və həmin qrafanın qarşısında imza edilmişdir. Göstərilən pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin qapısından bayırda, yəni ictimai hissədə quraşdırılmışdır. Həmçinin sayğac çıxarılan zaman X9 əməkdaşları tərəfindən istehlakçı olan iddiaçıya heç bir məlumat verilməmiş, sayğacın yeni sayğacla əvəz edilmiş, sonradan iddiaçı tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması Azəriqaz İB-nin Zaqatala X8 İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Həmçinin qeyd edilən akt göstərilən pozuntunun İddiaçı və ya onun ailə üzvü tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməsini nəzərə alaraq müdaxilənin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış 8640 kub metr qazın dəyəri olan 1036.80 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nın Zaqatala X8 İdarəsinin aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nın Zaqatala X8 İdarəsinin xx.xx.2023-ci il tarixdə təsdiq edilmiş aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində, həmçinin tərəflərdən asılı olmayan səbəblərdən yarana bilər. Qeyd edilən hallar hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi, əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Azəriqaz X1 X8 İdarəsinin tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036.80 manat borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Cavabdeh Azəriqaz X1 X8 İdarəsinin tərtib etdiyi ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar