Məhkəmə qərarları › İş №e-2(033)-795/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-795/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-795/2023 19.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 (on iki min) manat borc məbləğinin və 126 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Satıcı) ilə Cavabdeh (bundan sonra “Alıcı”) arasında 02 noyabr 2022-ci il tarixli avadanlıqların nisyə alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” müqavilədə nəzərdə tutulmuş malları '‘Alıcıya’' təhvil verməyi, “Alıcı” isə həmin malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə ödəniş qaydasına.görə, “Alıcı” 2022-ci il noyabr ayında 1000 manat, 2022ci il dekabr ayında 1500 manat və 2023-cü il tarixdə yanvar ayında isə yekun ödəniş olaraq 10,000 manat ‘‘Satıcıya’’ ödəməlidir. Yuxanda qeyd olunan müqavilə əsasında “Satıcı” tərəfindən mallar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə “Alıcı”ya təhvil verilmişdir. “Alıcı” isə yalnız bir dəfə xx.xx.2022-ci il tarixində 500 manat ödəniş həyata keçirmiş, məbləğin qalan hissəsini isə bugünədək ödəməmişdir. Göründüyü kimi, İddiaçı həmin avadanlıqların nisyə alqı-satqısı haqqında müqaviləsi əsasında müəyyən edilmiş şərtlərlə və lazım olan qaydada malları “Alıcı”nın mülkiyyətinə vermək öhdəliyini yerinə yetirmiş, lakin “Alıcı” isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə tərəflərindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh öhdəliyini icra etmək əvəzinə, xx.xx.2023-cü il tarixli aktdan göründüyü kimi, pretenziva məktubunu qəbul etməkdən ümumiyyətlə imtina etmişdir. Bu isə cavabdehin öz öhdəliyini icra etməkdən tamamilə boyun qaçırmasını və qeyri-adekvat münasibətini bariz şəkildə göstərir. 02 noyabr 2022-ci il tarixli avadanlıqların nisyə alqı-satqısı haqqında müqavilə üzrə cavabdehin borc məbləği 12000 (on iki min) manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli avadanlıqların nisyə alqı-satqısı haqqında razılaşmadan görünür ki, İddiaçı müqavilə əsasında texniki avadanlığı Cavabdeh noyabr 2022-ci il tarixdə 1000 manat, dekabr 2022-ci ildə 1500 manat, yanvar 2023-cü ildə 10000 manat ödəniş edilməsi şərti ilə nisyə satılmasını razılaşdırmışdırlar. Həmin razılaşma İddiaçı və Cavabdeh tərəfindən 02 noyabr 2022-ci il tarixdə imzalanmışdır. 23 iyun 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh 02 noyabr 2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməsi və yaranmış bütün borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsində müəyyən edilmişdir ki, müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 02 noyabr 2022-ci il tarixli avadanlıqların nisyə alqı-satqısı haqqında razılaşmasına əsasən 2022-ci ilin noyabr ayında 1000 manat, 2022-ci ilin dekabr ayında 1500 manat, 2023-cü ilin yanvar ayında 10000 manat ödəniş edilmək şərti ilə avadanlıqları İddiaçı Cavabdeh verməyi, Cavabdeh isə onları qəbul edib, avadanlığın qiymətini satıcıya müqavilə üzrə müəyyənləşdirilmiş həcmdə və müddətlər ərzində ödəməyə öhdəsinə götürmüşdür. Həmin razılaşma İddiaçı və Cavabdeh tərəfindən 02 noyabr 2022-ci il tarixdə imzalanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək razılaşma (müqavilə) üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 02 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən ödənişləri hər ay üçün müəyyən edilmiş həcmdə vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. İşin hallarından da görünür ki, Cavabdeh 02 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən İddiaçı xeyrinə 500 manat ödəniş etmiş və razılaşma üzrə onun ödənilməmiş 12000 manat borcu qalmışdır. Bu səbəbdən də, iddiaçı qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Eyni zamanda, cavabdeh məhkəmə iclasına gəlməyərək iddianın rədd olunmasına əsas olan hər hansı sübutu, sənədi məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 12000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 126 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar