Məhkəmə qərarları › İş №e-2(033)-796/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-796/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-796/2022 05.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Süleyman oğlunun və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış elektrik borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Süleyman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 1801,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Süleyman oğlunun iddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərişıq ASC" tərəfindən 18 iyul 2022-ci il tarixdə barəsində akt tərtib olmuşdur. Aktda qeyd olunur ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttinə kənar xətt qoşulmuşdur. Kənar xətt amper maşa ilə ölçüldü. Akta əsasən 1801.80 manat borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Qeyd edir ki, elektrik sayğacı binanın həyətində yerləşir. Həmin sayğacın yerləşdiyi qutuda onun sayğacından əlavə həmin ərazidə yaşayan sakinlərin sayğacları da vardır. Həmin sayğacların yerləşdiyi qutu bağlı olmaqla yanaşı kilid (qıfıl) ilə bağlanır. Nəzarətçi mühəndis tərəfindən akt tərtib olunmamışdan əvvəl sayğaca baxış keçirilmiş və istifadə olunan elektrik sərfiyyatına uyğun olaraq qəbz verilmişdir. Həmin qəbzə əsasən borc ödənilmiş, daha sonra idarənin əməkdaşları gələrək bildirmişlər ki, sayğaca kənar xətt qoşulmuşdur. Onun tərəfindən sayğaca kənar xəttin qoşulması qeyri mümkündür. Qeyd etdiklərini məhkəmə iclasında ətraflı şəkildə sübutlarla təsdiq edəcəyək. Elektrik enerjisindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı vardır. Həmin qərarın 7.6-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin qərarın 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qərarın 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin enerji təchizatı müəssisəsi tərəfindən əsassız borc hesablanması kifayət etməmiş, elektrik enerjisini kəsdikləri üçün məcburiyyət qarşısında qalaraq 1800 manat məbləğ tərəfindən ödənilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazla məhkəməyə müraciət edərək İddiaçı Süleyman oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış 1801.80 manat borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Süleyman oğlu cavabdeh "xxxx" ASCyə qarşı “əsassız olaraq hesablanmış 1801.80 manat borcun silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiada qeyd edilən ünvan 2ndə yerləşən obyekt "xxxx" ASC-nin enerji satış bazasında Süleyman Süleymanovun adına olmaqla **********03841 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ Süleyman Süleymanova aiddir. İddiaçı Süleyman oğlunun iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bildirirlər ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.Quliyev, H.Həsənov və M.Xəlilov tərəfindən iddiada qeyd olunan ünvan 1ndə yerləşən obyektə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək kənar xətt vasitəsilə birbaşa qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttdən keçən yükə uyğun 150 gün üçün 0.13 manatla 13860 kvt.s, dəyəri 1801.80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və hesablanmış məbləğ istehlak edilmiş, lakin dəyəri ödənilmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı Süleyman oğlu tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R260070 saylı aktla razılaşaraq hesablanmış məbləğin 1800.00 manatını "xxxx" ASCnin ödəmişdir. İddiaçının xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 134.25 manat borcu vardır. “EEİQ"-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, Zaqatala rayonu Qarabağ küçəsində yerləşən obyektə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R260070 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Süleyman oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Süleyman oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X9 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsində işləyir. Sayğaclara nəzarət onların işinin bir hissəsidir. İddiaçını tanıyır və iddiaçının yaşadığı ərazidə sayğaclara o nəzarət edir. Həmin ərazinin sayğacları açarla bağlı olan qutuda yerləşir. Həmin qutunun açarı da iddiaçının qonşusunda olur. Qonşu tərəfindən isə həmin açar ancaq ona verilir. Hər ayın 10-u həmin sahədə sayğaclara baxış keçirib bildiriş tərtib edir. İyul ayının 10-u da həmin sahəyə baxış keçirildikdə əlavə xətt olmamışdır və həmin tarixdə o, 50 manata yaxın bir məbləğdə elektrik enerjisindən istifadəyə dair borcun olması barədə bildiriş tərtib edərək iddiaçıya vermişdir. İddiaçı orada obyekt işlədir və həmin obyektə evə çəkilən işıqdan istifadə edir. 18 iyul 2022-ci il tarixdə rəhbərliyin tapşırığı ilə yenidən iddiaçının sayğacına baxış keçirməli olmuşlar, ona görə ki, həmin sayğac yenisi ilə əvəz olunmalı idi. Həmin sayğacı açıb çıxaran zaman hər hansı qanunsuz xətt aşkar etməmişlər. Sonradan çıxarılmış sayğacın yerinə bir neçə saat sonra yeni sayğac quraşdırdıqda qanunsuz quraşdırılmış xətt görmüşlər. “Həmin sayğacın açılan zaman xətti görməməsi, yenisi quraşdırılan zaman qanunsuz xətt görməsi” ilə bağlı suala cavab olaraq yəqin fikir vermədiyini, diqqətindən qaçdığını göstərmişdir. Hazırda akt tərtib edilən şəxs kimi İddiaçı tanıdığını, Süleyman Süleymanov adlı şəxsi tanımadığını bildirmişdir. Uzun illərdir ki, həmin sayğacdan da İddiaçı istifadə etdiyini bildirdi. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, X9 Cəmiyyətində sahə rəisi vəzifəsində işləyir. İddiaçının yaşadığı ünvanda yerləşən elektrik sayğacı üzrə borc olduğundan həmin ünvanda yoxlama aparılması qərara alınmış və 18 iyul tarixdə sayğaca baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək kənar xətt vasitəsilə birbaşa qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 150 gün üçün 0.13 manatla 13860 kvt.s, dəyəri 1801.80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Akt istehlakçı kimi qeydiyyatda olan Süleyman Süleymanovun adına deyil, akt həmin ünvanda yaşayan və sayğac üzrə elektrik enerjisindən istifadə edən İddiaçı Süleyman oğlunun adına tərtib edilmişdir. Onun sayğacda olan pozuntunun necə və hansı şəraitdə yaranmasından xəbəri yoxdur. Onu ancaq pozuntu aşkar etdikdən sonra akt tərtib etmək üçün çağırmışlar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, X9 Cəmiyyətində mühəndis vəzifəsində işləyir. O X5 ilə oxşar məzmunda ifadə verərək onun qeyd etdiklərini təsdiq etdi. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, o usta kimi işləyir və sobaların quraşdırılması və təmiri ilə məşğul olur. İddiaçı tərəfindən işlədilən kafeyə bir pizza bişirilməsi üçün nəzərdə tutulan soba alınmış və həmin kafeyə yerləşdirilmişdir. Sayğaclar yerləşən qutunun kənarına qədər xətt çəkmiş, lakin sayğaca giriş qadağan olunduğundan, eyni zamanda həmin qutunun bağlı olduğundan və sayğaca xətt quraşdırılmasının da məsuliyyəti olduğundan həmin xətti sayğaca quraşdırmamış, xəttin uc hissəsini qutunun kənarında saxlamışdır. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 rəisi tərəfindən təsdiq edilmiş cəmiyyətin əməkdaşları Quliyev E.V, Həsənov H.F və Xəlilov M.Q. tərəfindən tərtib edilmiş 18 iyul 2022-ci il tarixli 260070 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttində kənar xətt qoşulmuşdur. Kənar xətt ampermaşa ilə ölçüldü. İ-25.0 A olduğu müəyyən edilmişdir. Kənar xətt ləğv edilmişdir. Aktda istehlakçı kimi İddiaçı Süleyman oğlu, abonent kodu **********03841 saylı kod qeyd edilmiş, məişət abonenti qrafasında İddiaçı qeydi edilməklə akt həmin şəxs tərəfindən imzalanmamışdır. xx.xx.2022-ci il tarixli 260070 nömrəli akta əsasən 22 iyul 2022-ci il tarixli Şimalqərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 1 ünvanında yaşayan Süleyman Süleymanovun istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın giriş xəttinə müdaxilə edərək kənar xətdən istifadə olunur. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5.5 kVt x 150 gün x 24 sx 0,7 =13860kVt.s) 13860 kVt.s x 0,13=1801,80 manat ödənilməlidir. Tətbiq edilən hüquq «Elektrik enerjisidən istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenergetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsi 1.2-ci bəndindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Acırqayev X2 şəhəri, Qarabağ küçəsi ünvanında fərdi yaşayış evində yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə yoxdur və o "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonenti deyildir. O həmin ünvanda yaşasa da və həmin fərdi yaşayış evinə verilən elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün orada elektrik sayğacı quraşdırılsa da sayğac üzrə məlumatların abonent kodu **********03841 olan Süleymanov Süleyman oğluna aid olduğu elektrik enerjisindən istifadəyə görə yaranmış borca dair bildirişlərdə öz əksini tapsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il aktda İddiaçı Süleyman oğlu göstərilmiş və akt da onun adına yazılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları Quliyev E.V, Həsənov H.F və Xəlilov M.Q. tərəfindən ünvan 2ndə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Eyni zamanda həmin aktda əks olunan məişət abonenti qrafasında İddiaçı qeydi edilməklə aktın onun tərəfindən imzalanmadığı görünür. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə istehlakçı İddiaçı Süleyman oğluna sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0.113 manatla 13860 kvt.s, dəyəri 1801,80 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçının yaşadığı ünvan 2ndə yerləşən mənzilə elektrik enerjisinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən hesablanmış borca əsasən dayandırıldığından akt üzrə yaranmış 1801,80 manat borc İddiaçı sayğac üzrə bütün məlumatların və hesablaşma sənədlərinin Süleyman Süleymanova aid olduğu üçün ona məxsus abonent kodundan istifadə etməklə ödəmişdir. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli, R260070 saylı akta əsasən hesablanmış 1801,80 manat borcu silnməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddiaçının subyektiv hüququ olmadığından və həmin akt tam əsaslı qəbul edildiyindən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, şahid qismində dindirilmiş X6, "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsində işləyir. Sayğaclara nəzarət onların işinin bir hissəsidir. İddiaçını tanıyır və iddiaçının yaşadığı ərazidə sayğaclara o nəzarət edir. Həmin ərazinin sayğacları açarla bağlı olan qutuda yerləşir. Həmin qutunun açarı da iddiaçının qonşusunda olur. Qonşu tərəfindən isə həmin açar ancaq ona verilir. Hər ayın 10-u həmin sahədə sayğaclara baxış keçirib bildiriş tərtib edir. İyul ayının 10-u da həmin sahəyə baxış keçirildikdə əlavə xətt olmamışdır və həmin tarixdə o, 50 manata yaxın bir məbləğdə elektrik enerjisindən istifadəyə dair borcun olması barədə bildiriş tərtib edərək iddiaçıya vermişdir. İddiaçı orada obyekt işlədir və həmin obyektə evə çəkilən işıqdan istifadə edir. 18 iyul 2022-ci il tarixdə rəhbərliyin tapşırığı ilə yenidən iddiaçının sayğacına baxış keçirməli olmuşlar, ona görə ki, həmin sayğac yenisi ilə əvəz olunmalı idi. Həmin sayğacı açıb çıxaran zaman hər hansı qanunsuz xətt aşkar etməmişlər. Sonradan çıxarılmış sayğacın yerinə bir neçə saat sonra yeni sayğac quraşdırdıqda qanunsuz quraşdırılmış xətt görmüşlər. “Həmin sayğacın açılan zaman xətti görməməsi, yenisi quraşdırılan zaman qanunsuz xətt görməsi” ilə bağlı suala cavab olaraq yəqin fikir vermədiyini, diqqətindən qaçdığını göstərmişdir. Hazırda akt tərtib edilən şəxs kimi İddiaçı tanıdığını, Süleyman Süleymanov adlı şəxsi tanımadığını bildirmişdir. Şahid qismində dindirilmiş X4 isə fərdi qaydada usta kimi işləyir və sobaların quraşdırılması və təmiri ilə məşğul olur. İddiaçı tərəfindən işlədilən kafeyə bir pizza bişirilməsi üçün nəzərdə tutulan soba alınmış və həmin kafeyə yerləşdirilmişdir. O, sayğaclar yerləşən qutunun kənarına qədər xətt çəkmiş, lakin sayğaca giriş qadağan olunduğundan, eyni zamanda həmin qutunun bağlı olduğundan və sayğaca xətt quraşdırılmasının da məsuliyyəti olduğundan həmin xətti sayğaca quraşdırmamış, xəttin uc hissəsini qutunun kənarında saxlamışdır. Məhkəmə ilk öncə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etirazda qeyd etdiyi iddiaçının subyektiv hüququnun olmaması məsələsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan da görünür ki, Zaqatala rayonu Qarabağ küçəsində yerləşən 2 nömrəli mənzilə **********03841 kodlu abonent Süleymanov Süleymana verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulan sayğac faktiki olaraq İddiaçı Süleyman oğluna məxsus yaşayış mənzilinə verilən elektrik enerjisinin hesablanması üçün istifadə edilir və həmin sayğacdan İddiaçı tərəfindən istifadə olunması "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 iyul 2022-ci il tarixli aktında məişət abonenti və istehlakçı kimi iddiaçının adının qeyd edilməsi ilə sübuta yetirilir. Eyni zamanda Süleymanov Süleyman adlı abonetə məxsus **********03841 abonent kodu ilə İddiaçı Süleyman oğlu tərəfindən ödənişlərin edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən Zaqatala rayonu Qarabağ küçəsində yerləşən İddiaçı Süleyman oğluna məxsus 2 nömrəli mənzilə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulan abonent Süleyman Süleymanovun adına qeydiyyata alınmış sayğac məlumatları üzrə iddiaçı barəsində tərtib edilmiş 18 iyul 2022-ci il tarixli akta əsasən hesablanmış 1801,80 manat borcun silinməsi barədə iddiaçının iddia qaldırmağa subyektiv hüququ mövcuddur. İşdən də göründüyü kimi, tərtib edilmiş aktla İddiaçı Süleyman oğluna məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının giriş xəttindən kənar xəttin qoşulduğu aşkarlanmış və 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildən bayırda, yəni ictimai yol hissədə quraşdırılmış, həmin ərazinin sayğacları açarla bağlı olan qutuda yerləşir. Həmin qutunun açarı da iddiaçının qonşusunda olur. Qonşu tərəfindən isə həmin açar ancaq nəzarətçiyə verilir. İddiaçının və ya hər hansı digər şəxsin həmin sayğaclar yerləşən qutuya müdaxilə etmək imkanı yoxdur. Həmçinin mübahisələndirilən akt tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sonradan iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır. Məhkəmə mübahisə ilə əlaqədar tətbiq edilməli olan tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nda (bundan sonra mətndə «Elektrik enerjisidən istifadə Qaydaları») müəyyən olmuş hüquq normalarına istinad etməyi zəruri hesab edir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, 18 iyul 2022ci il tarixli 260070 nömrəli akt üzrə ona hesablanmış 1801,80 manatı mübahisələndirir. İş materiallarından da görünür ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulmuş sayğac üzrə hesablamanın aparılmasına əsaslardan biri kimi elektrik enerjisi istifadəçisinin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi göstərilmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı-satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktdan da görünür ki, 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, ilk növbədə iddiaçı ilə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanmadığı halda cavabdeh təşkilatın nümayəndələri 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt tərtib edərkən istehlakçı və məişət abonenti kimi İddiaçı Süleyman oğlunu qeyd etmişlər. Bundan başqa qeyd «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırılmış olsun. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Süleyman oğlu cavabdehin etiraz ərizəsində göstərdiyi kimi tərtib olunmuş xx.xx.2022-ci il tarixli, R260070 saylı aktla razılaşaraq deyil, işığı kəsildiyindən işığının bərpası üçün hesablanmış məbləğin 1800.00 manatını "xxxx" ASC-yə ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin olması, elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən və 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akt qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində hər bir tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının dövlətə məxsus cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış debutor borcların silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh Azərişıq ASC-nin, yəni debitor borcları hesablamış dövlət müəssisəsinin üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə öhdəliyinin olmaması baxımından həmin aktda qeyd olunan pozuntunun mövcud olduğu qəbul edilsə belə, bunda istehlakçının təqsirli olub-olmaması müəyyənləşdirilmədiyindən, həmin pozuntu ilə əlaqədar məsuliyyətin istehlakçının üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Məhkəmə sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh etiraz ərizəsində mübahisələndirdyi halları sübut edəcəyi dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Süleyman oğlunun barəsində tərtib etdiyi 18 iyul 2022ci il tarixli 260070 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1801,80 manat borc hesabdan silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Süleyman oğlunun barəsində tərtib etdiyi 18 iyul 2022-ci il tarixli 260070 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1801,80 (bir min səkkiz yüz bir manat səksən qəpik) manat borc hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar