Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-819/2025 02.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2007-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş və yaşayan X2 və 27 fevral 2009-cu il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş və yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Ərizədən görünür ki, Ərizəçi məhkəmədən iki halın müəyyən edilməsini xahiş edir. Bunlardan biri 25 yanvar 2007-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, digəri isə 27 fevral 2009cu il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində doğulmuş və yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu iki halın müəyyən edilməsinə dair ərizəyə bir icraatda baxıla bilməz. Belə ki, ərizədə ərizəçi həm X2, həm də X1 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi xahiş edilir. Göründüyü kimi, ərizəçi iki müxtəlif şəxsin fəaliyyət qabiliyyətli olmamasını iddia edərək, hər iki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi dair ərizə ilə məhkəməyə müraciət etmişdir, halbuki, iki müxtəlif şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə tələbə iki ayrı ərizə əsasında baxılmalı və hər ərizə üçün ayrılıqda dövlət hesabına rüsum ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1-ci və 152.1.7-ci maddələrinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 108.1 və 108.1.1-ci maddələrin əasən iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 112.1 və 112.1.10-cu maddələrinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Buna görə də, Ərizəçi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Ərizəçi göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-819/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-819/2025
02.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver