Məhkəmə qərarları › İş №e-2(033)-856/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-856/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-856/2025 29.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Salyan rayonu, Dayıkənd kəndində doğulmuş və Zaqatala rayonu Sərhəd Qoşunları Hərbi Hissəsində xidmət edən Cavabdeh 1350 manat pulun və 33 man manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında mənzili vardır. Həmin mənzilə ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2019 qeydiyyat tarixli Çıxarış verilmişdir. O, cavabdeh ilə xx.xx.2033-cü ilədək hər ay 270 manat kirayə haqqı ödəməklə, Zaqatala rayon 2 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixində 3M-191 reyestr nömrəli Kirayə müqaviləsi bağlamışdır. Lakin cavabdeh evdən çıxmış və son 5 ayın kirayə pulunu ödəməyib. Cavabdehin ona 1350 manat kirayə haqqı borcu vardır. Dəfələrlə ondan kirayə haqqını ödəməsini tələb etsə də, müxtəlif bəhanələrlə kirayə haqqını ödəməkdən imtina edib. Cavabdeh Zaqatala rayonu Sərhəd Qoşunları Hərbi Hissəsində xidmət edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1350 manat pulun və 33 manat dövlət rüsumunun ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edtmişdir. Həmin iddia ilə əlaqədar aşağıdakı halları məhkəmənin nəzərinə çatdıraraq, hesab edir ki, iddia ona olan münasibətdə əsassızdır və təmin edilməli deyil. O, iddiaçı ilə xx.xx.2033-cü ilədək hər ay 270 manat kirayə haqqı ödəməklə, Zaqatala rayonu 2 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 3M-191 reyestr nömrəli kirayə müqaviləsi bağlamışdır. Kirayə müqaviləsinin 8ci bəndinə əsasən - müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Kirayə müqaviləsi mart ayının 29-da bağlandığı üçün kirayə pulunu da hər ayın 29-da iddiaçıya tam ödəmişdir, borcu qalmamışdır. O, 13 yanvar 2025ci il tarixdən 19 mart 2025-ci il tarixədək 02 (iki) ay müddətinə Dövlət Sərhəd Xidməti Akademiyasına göndərilmişdir. Əmrdən çıxarışı etiraz ərizəsinə əlavə edir. 14 aprel 2025ci il tarixdə hərbi hissəyə xidmətə qayıtmışdır. Əmrdən çıxarışı etiraz ərizəsinə əlavə edir. Hərbi xidmətə qayıtdıqdan sonra başqa ünvanda kirayə qalır. Belə vəziyyətdə iddia tələbi təmin edilməli deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin yanvar ayında çıxdığını və onun ödənməmiş 5 aylıq kirayə haqqının olduğunu bildirmişdir. Onun tələbinin əsası elə kirayə müqaviləsi üzrə borcdur və o bundan sonra dəymiş zərərdə tələb edəcəyini bildirir. Cavabdeh etirazın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, İddiaçı tərəfindən onun barəsində guya 5 ay (2024-cü ilin avqust ayından dekabr ayına qədər) kirayə haqqını ödəmədiyinə dair iddia irəli sürülmüşdür. Lakin bu iddia tamamilə əsassızdır və sübutlarla təkzib olunur. O, həmin müddətə dair kirayə haqqını tam şəkildə ödəmiş və bu, həm təqdim etdiyi səs yazısı ilə, həm də tərəflər arasında mövcud olan xx.xx.2023 tarixli kirayə müqaviləsi ilə təsdiqlənir. Həmin müqaviləyə əsasən: Mənzilin aylıq kirayə haqqı 270 manat təşkil edir; Müqavilənin heç bir bəndində kirayəçinin mənzildə təmir aparmaq və ya təmirə görə məsuliyyət daşıması ilə bağlı öhdəlik yer almamışdır; Əksinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci və 744-cü maddələrinə əsasən, icarəyə verilən əmlakın istismara yararlı vəziyyətdə saxlanması icarə verənin (ev sahibinin) vəzifəsidir. Görünür ki, ev sahibi guya 5 aylıq kirayə borcu iddiası ilə məhkəməyə müraciət etsə də, əsl məqsədi, mənzildən çıxandan sonra öz hesabına apardığı təmir işlərinin xərclərini ona ödətməkdir. Bu isə həm müqavilə şərtlərinə, həm də qanunvericiliyə ziddir. Qeyd edir ki, o mənzili təmiz və istifadə üçün yararlı vəziyyətdə təhvil vermişdir və ev sahibinin sonradan etdiyi dəyişikliklər və xərclər tamamilə onun şəxsi təşəbbüsünə əsaslanır. İddiaçı, birbaşa məhkəmə zalında, məhkəmə binasının daxilində, eləcə də məhkəmə binasının həyətində, onun ünvanına açıq şəkildə şərəf və ləyaqətini alçaldacaq, insan nüfuzuna yaraşmayan ifadələr səsləndirmişdir. Bu ifadələr məhkəmə prosesinin gedişində iştirak edən şəxslərin (hakim, katib və ya digər tərəflər) və ümumiyyətlə ictimayyətin yanında deyilmiş və ona mənəvi zərbə vurmuşdur. Qarşı tərəfin bu cür davranışları Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnun və Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilən şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması prinsipinin pozulmasıdır. O bu təxribatlara heç bir emosional və ya fiziki reaksiya verməmiş, qarşı tərəflə mübahisəyə girməmiş və özünə hakimiyyətə hörmət prinsiplərinə uyğun şəkildə aparmışdır. Qarşı tərəfin məhkəmə prosesindən istifadə edərək, onu ictimai şəkildə alçaltmaq cəhdləri, həm hüquqi baxımdan qəbuledilməz, həm də prosessual etika və davranış normalarına ziddir. Bu davranışlar təkcə ona deyil, həmçinin məhkəmənin nüfuzuna da kölgə salır. Qarşı tərəfin prosessual və etik normaları pozan hərəkətləri müvafiq qaydada qiymətləndirilməsini, qarşı tərəfin davranışları barəsində hüquqi tədbirlərin görülməsi üçün zərurət yaranarsa, aidiyyəti üzrə (prokurorluq orqanlarına və ya hüquq-mühafizə orqanlarına) məlumat verilməsini, əlavə olaraq ona qarşı yönəlmiş təhqir və alçaldıcı ifadələrin rəsmi qeyd altına alınaraq iş materiallarına əlavə edilməsinin təmin olunmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Cavabdeh onun iş yoldaşıdır. Kursda Bakı şəhərində olduğu müddətdə Əliyar 100 manat pul göndərmişdir həmin vəsaiti o iddiaçının ərinə çatdırmışdır. O əvvəldə iddiaçının ərinə 300 manat pul verib. İşin halları İddiaçı ilə X1 arasında 29.033.2023-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsindən görünür ki, Kirayəyə verən" Davudova X3 şəhəri, Cəfər Cabbarlı küçəsi ev 3, mənzil 39 ünvanında yerləşən, ümumi sahəsi 43.68 kv.m olan mənzili Kirayəçi Cavabdeh kirayəyə verir. Kirayəyə götürən" Cavabdeh "Kirayəyə verən" İddiaçıaylıq 270 manat 00 qəpik (iki yüz yetmiş manat sıfır qəpik) kirayə haqqı ödəyir. Kirayə müddəti xx.xx.2033 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman 3 səs yazısı aşkar və həmin yazılarda da aşağıda qeyd edilənlər müəyyən edilmişdir, Bədir (iddiaçının əri) Şəmistan gətirdi pulu verdi sözünü cavabdehə deyir. Fatma və Ağamirzə arasında keçən söhbətdə də Ağamirzə tərəfindən göndərilmiş pulun çatdırılması barədə məlumatlar yer alır. Sonrakı yazıda Bədir dayıya metrodan çıxdığını bildirir, o da cavabdehdən maaşını alıb-almamasını öyrənir, Ağamirzə maaşı almadığını, aldan kimi ona ödəniş edəcəyini və işığı qazı ödəyəcəyini və 270 manat kirayə haqqını ödəyəcəyini və 100 manat digər xərc olmaqla cəmi 370 manat ödəyəcəyini bildirmişdir. Bədir kişi razılaşmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu

8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı cavabdeh X1 arasında xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43.68 kv.m olan mənzili aylıq 270 manat kirayə haqqı qarşılığında cavabdehin istifadəsinə vermişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək bağlanmış və müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilə bilmə imkanı nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh tərəfindən 5 aylıq kirayə haqqının ödənməməsinə istinad edərək hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə iddiaya münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən 5 aylıq kirayə haqqının ödənməməsini əsas gətirsə də buna dair sübutları təqdim edə bilməmiş, lakin cavabdeh X1 iddiaçı və onun həyat yoldaşı ilə aralarında keçən aralarında olan kirayə münasibətlərinə xitam verildikdən sonra onun Bakı şəhərində olduğu müddətdə aparılan telefon danışıqlarına dair səs yazılarını təqdim edərək iddiaçıya 370 manat borcunun olduğunu etiraf etmiş və həmin borcdan 100 manatı X2 vasitəsi ilə ödədiyini bildirmiş və sonuncu şahid kimi dindirilərkən iddiaçının həyat yoldaşına X1 tərəfindən verilmiş 100 manatı ödəməsini təsdiq etmişdir. İddiaçı iddia tələbinin əsaslılığına dair şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş və iddianın təmin edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 33 manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

Qət etdi

İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. 33 (otuz üç) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar