Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-891/2023 25.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədirliyi X1 katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşğıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********96386 SAMSUNG GALAXY A32 markalı telefon üçün 602.52 (altı yüz iki manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 60.48 (altmış manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 663 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********96386 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 663 (altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 853.52 (səkkiz yüz əlli üç manat əlli iki qəpik) manat (yəni 12 ay x 66.96 manat + 50 manat ilkin ödəniş) İmei kodu **********96386 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 663 (altı yüz altmış üç) manat olmaqla ondan 602.52 (altı yüz iki manat əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.48 (altmış manat qırx səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 251 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək Qeyd olunanları nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin ona qarşı yazdığı ərizəsinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı MMC-nin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuşdur və iddia ilə razı deyil. Belə ki, telefon yararsız məhsul olduğuna görə mağazaya qaytarmışdır, lakin mağaza bu günə qədər telefonu təmir edə bilməmiş və telefon onda deyil, mağazadadır. İddiada göstərilən telefonun onda olmasına dair məlumat yalandır, buna dair video çəkilişi də var, məhkəməyə təqdim edir. Telefon onda olmadığına və mağaza ona yararsız məhsul verdiyinə görə onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçı ona yararsız telefon satmaqla aldatmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş xəbərdarlıq-bildiriş adlı məktub ona təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət etmə qaydalarını pozmuşdur. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, məhkəmənin göndərdiyi ərizəni aldığı gündən 10 günlük müddət keçməmişdir. Belə ki, məhkəmə ərizəni göndərdiyi müddətdə o xaricdə olmuşdur. Xaricdən gəldikdən sonra ərizəni almışdır və ərizəyə öz etirazını yazaraq bidirir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə teleqramla müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini, iddialarını müdafiə etdiklərini bildirmiş və qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan telefonu aldıqdan sonra cəmi 3 gün işləmişdir. 3 gündən sonra telefonun ekranı açılmamışdır. Zəng gələndə nömrə görünməmişdir. Buna görə də telefonu geri qaytarmaq üçün aldığı mağazaya yaxınlaşmışdır. Mağazanın müdiri telefonu ancaq sınmış, pis vəziyyətə düşmüş halda götürüb təmir etdiklərini bildirmişdir. O, mağaza müdirinə narazılığını bildirmişdir. Telefon bir dəfə servisə göndərilib geri qaytarılmışdır. İkinci dəfə getdiyi zaman ona bir müddət gözləməyi, təkrar problem yaşansa telefonu dəyişməyi təklif etmişlər. Daha sonra müştəri xidmətlərinə zəng vurmuşdur. Ona mağazaya geri getməyini demişlər. Orada onun şəxsi telefonuna zəng edərək mağaza müdiri ilə danışmış, ondan sonra telefonu geri götürmüşlər və yenisi ilə əvəz ediləcəyini bildirmişlər. 3 ayın ödənişini etmiş, telefonu 3-cü dəfədir ki, servizdədir. Ondan sonra telefon xarab olduğu üçün ödəniş etməmişdir. Bir neçə ay gözləmişdir. Lakin həmin mağazadan heç bir xəbər gəlməmişdir. Ondan sonra başqa mağazadan yeni telefon almışdır. Telefonu ona vermədikləri və telefon yararsız olmaqla 3 dəfə təmir olunduğu halda belə bir əsassız iddia veriblər. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(033)-891/2023 nömrəli qərardadı ilə iddiaçı ABC X2 Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 853,49 manat (12 ay x 66,96 manat + 50 manat ilkin ödəniş məbləğində), İmei kodu 3**********96386, **********96385 SAMSUNG GALAXY A32 DS markalı telefon, 12 aylıq reklam bloklayıcı Awax, Kaspersky internet mühafizə proqramı əldə etmiş, onların dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 12 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə ümumilikdə 602,52 manat əsas borcu və 60,48 manat cərimə olmaqla, cəmi 663 manat borcu ödənilməmişdir. 19 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Sorğu edilməklə əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, e-2(033)-891/2023 nömrəli mülki işin məhkəmə baxışı ilə əlaqədar iddia ərizəsində qeyd olunmuş və cavabdehə təhvil verilmiş İmei kodu **********96386 Samsung Galaxy A32 markalı mobil telefonda Cavabdeh tərəfindən “ekranın donduğu və günlərlə sensorun işləmədiyi” bildirilmişdir. Servisə təhvil verilmiş cihaz mütəxəssislər tərəfindən yoxlanılmış və məhsulda istifadə nəticəsində korlanma aşkar edilmiş, müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə cihaz ödənişsiz təmir edilmiş və qüsur aradan qaldırılmışdır. Qaydalara uyğun olaraq cavabdehə tərəfimizdən dəfələrlə məhsulun geri götürülməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir səbəb göstərmədən məhsulu geri götürməmişdir. Hal hazırda məhsul tam qüsursuz vəziyyətdə servis mərkəzindədir. Müştəri istədiyi zaman məhsulu geri götürə bilər. Sorğu edilməklə əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon Məhkəməsinin icraatında olan "AВС TELECOM” MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi ilə borcun ödənilməsi tələbinə dair 2(033)-891/2023 nömrəli mülki işin məhkəmə baxışı ilə əlaqədar bildiririk ki: xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmış Galaxy A32 DS (SM- A325)6GB markalı, seriya:**********96386 mobil telefon xx.xx.2022-ci il tarixdə servisə qəbul edilmişdir. Bildirilən qüsur: Sensor düzgün işləmir, Wi-Fi qoşulmalarında problem yaşanır. xx.xx.2022-ci il tarixdə müştəri cihazı təhvil almışdır. 2-ci-dəfə cihaz xx.xx.2023-cü il tarixdə servisə qəbul olunmuşdur. Müştəri tərəfindən ekranın donduğunu və günlərlə sensorun işləmədiyini bildirilir. İstifadə nəticəsində yaranmış korlanma aşkar edilib. Aparılan işlər barədə məlumat: Ekran dəyişdirildi, cihaz xx.xx.2023-cü il tarixdə müştəriyə təhvil verildi. Servis arayışından görünür ki, müştəri Cavabdeh məxsus İmei kodu **********96386 Samsung Galaxy A32 markalı mobil telefon xx.xx.2022-ci il tarixdə servisə qəbul olunmuş, müayinə edilmiş qüsur aşkar edilməmiş və xx.xx.2022-ci il tarixdə müştəriyə təhvil verilmişdir. Daha sonra mobil telefon xx.xx.2023-cü il tarixdə servisə qəbul olunmuş, istifadə nəticəsində yaranmış korlanma aşkar edilmiş və xx.xx.2023-cü il tarixdə ekran dəyişdirilib müştəriyə təhvil verilmişdir. Aparılan işlər barədə çıxarışdan görünür ki, müştəri Cavabdeh məxsus İmei kodu **********96386 Samsung Galaxy A32 markalı mobil telefon müştərinin sensorun düzgün işləməməsi və Wifi qoşulmasında nasazlıqla bağlı şikayəti əsasında xx.xx.2022-ci il tarixdə servisə qəbul olunmuş, yoxlanış zamanı qüsur aşkar edilməmiş və xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə mobil cihaz servisə daxil olmuş, istifadə nəticəsində korlanma aşkar edilərək ekran dəyişdirilmiş və xx.xx.2023-cü il tarixdə müştəri təhvil almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 587.2-587.2.2-ci maddələrinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2.lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 663 manat olan, İmei kodu **********96386 SAMSUNG GALAXY A32 markalı telefonu alıcıya verməyi, Cavabdeh da həmin əşyanı təhvil alaraq onun dəyərini 12 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə qeyd edilən alqı-satqı müqaviləsinin predmeti olan mobil cihazı alıcı olan cavabdehə təhvil vermiş, lakin cihazda nasazlıq olduğundan cavabdeh xx.xx.2022-ci il tarixdə həmin cihazı satıcı olan iddiaçıya qüsurların aradan qaldırılması üçün təhvil vermişdir. İddiaçı tərəfin deməsinə görə mobil cihaz yoxlanarkən onda qüsur aşkarlanmamış və xx.xx.2022-ci il tarixdə cavabdeh olan alıcıya təhvil verilmişdir. Cihazda təkrar nasazlıq yarandığından cavabdeh xx.xx.2023-cü il tarixdə mobil cihazın sensoru işləmədiyindən cihazı yenidən satıcı olan iddiaçıya təhvil vermiş və cihazdakı nasazlıq aradan qaldırıldıqdan sonra cihaz xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan telefon cihazında təkrar nasazlıq olduğundan alıcı olan cavabdeh mobil cihazı iddiaçının sahibkarlıq fəaliyyəti kimi alqı-satqı ilə məşğul olduğu dükana təhvil vermiş və cihaz hazırda iddiaçıya məxsus servis mərkəzindədir. İddiaçı iddia tələbi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin öhdəliklərini icra etmədiyini əsas gətirərək müqavilə üzrə yaranmış borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı tərəfindən ona qüsurlu məhsul təqdim edildiyinə və həmin məhsulun hazırda iddiaçıya qaytarıldığına əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, müqaviləni əhəmiyyətli dərəcədə pozulması müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsasdır. Qanunverici müqavilənin tərəfinin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını əhəmiyyətli pozuntu olaraq qeyd edir. Qanunverici eyni zamanda öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi kimi iki hissəyə ayırır və müqavilənin lazımınca icra edilməməsinə nümunə olaraq digər hallarla yanaşı öhdəliyin mallarda qüsurlarla icra edilməsini qeyd edir. Eyni zamanda alqı-satqı müqaviləsinə əsasən satıcının üzərinə keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşyanın verilməsi qoyulur və əşyanın keyfiyyətinə dair şərtlər müqavilədə olmadıqda satıcının üzərinə alıcıya malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşyanın verilməsi öhdəliyi qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilənin predmeti olan, İmei kodu **********96386 SAMSUNG GALAXY A32 markalı mobil telefon 2 dəfə istifadəyə əhəmiyyətli dərəcədə maneçilik törədən qüsurların aradan qaldırılması üçün satıcıya təhvil verilmişdir və bu nöqsanların birincisi müqavilə bağlandıqdan və əşya alıcı olan cavabdehə təhvil verildikdən 4 ay sonra, ikincisi isə 1 il bitmədən baş vermişdir. Qüsurlar iddiaçı tərəfindən aradan qaldırıldıqdan sonra yenidən oxşar qüsurlar ortaya çıxmış və mobil telefon yenidən satıcıya təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə keyfiyyətsiz və adətən istifadə edildiyi məqsədlərə yararsız əşya verildiyindən iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin müqavilə predmetinin keyfiyyətinə dair şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və müqavilə lazımınca icra edilməmişdir. Mülki qanunvericiliyə görə əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması alıcının alğı-satqı müqaviləsinin icrasından imtina etməsi üçün əsas olduğundan məhkəmə belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsi üzrə alıcı olan cavabdehin xx.xx.2022-ci il tarixli müqavilənin icrasından imtinası tam qanuna uyğundur və həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrası ondan tələb edilə bilməz. Məhkəmə daha sonra qeyd edir ki, cavabdeh telefonu aldıqdan sonra 3 dəfə geri qaytarılmış qüsurlu olan telefonun yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, həmin telefon üçün iddiaçı tərəfindən zəmanət verilmişdir. Telefonda problem yarandığından şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməsinə baxmayaraq, telefon yenisi ilə əvəz edilməmişdir. ABC X2 Cəmiyyətinin məhkəməyə ünvanladığı 23 noyabr 2023-cü il tarixli məktubundan da görünür ki, cavabdehə MMC tərəfindən dəfələrlə məhsulun geri götürülməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir səbəb göstərmədən məhsulu geri götürməmişdir. Hal hazırda məhsul tam qüsursuz vəziyyətdə servis mərkəzindədir. Göründüyü kimi, iddiaçı müqavilədə nəzərdə tutulmuş yararlı malı cavabdehə təhvil verməyərək müqavilə üzrə olan öhdəliklərini yerinə yetirməmiş, cavabdehə MMC tərəfindən dəfələrlə məhsulun geri götürülməsi barədə xəbərdarlıq edilməsinə dair sübutlar da təqdim etməmişlər. Bu səbəbdən də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Hazırki işin materiallarından görünür ki, cavabdeh iddianı qəbul etməməklə etirazını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə iddia ərizəsində göstərilmiş arqumentlərlə çıxış etsə də, göstərdikləri işin sənədləri ilə sübut olunmamaqla, iddiaçı tərəfindən də heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhsulun iddiaçı tərəfindən geri alınmasının sübut olunması da nəzərə alındıqda, məhkəmə hesab edir ki, onun dəyərinin yenidən cavabdehdən tələb olunması hüquqdan sui-istifadədir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, suiistifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-891/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-891/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver