Məhkəmə qərarları › İş №e-2(033)-901/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-901/2025

12.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-901/2025 12.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X8 qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : Ərizənin dəlilləri Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixli X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Muğanlı kəndində yaşayır. xx.xx.2007-ci il tarixdə X7 adlı övladı anadan olmuşdur. Övladı anadangəlmə qüsurludur. Əqli cəhətdən geri qalmışdır. Övladına “Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu diaqnozu” qoyulmuşdur. Hazırda övladının 18 yaşı tamam olmuşdur. Övladı yetkinlik yaşına çatana qədər qanuni nümayəndəsi olaraq bütün hüquq və vəzifələri onun tərəfindən həyata keçirilirdi. Yetkinlik yaşına çatdığı üçün hüquq və vəzifələrinin həyata keçirilməsində iştirak edə bilmir. Övladına xx.xx.2024-cü il tarixdən 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin tarixdən pensiya hesablanmış, pensiya kartına mədaxil edilmişdir. Lakin bank tərəfindən övladının üzərində qəyyum təyin edilmədiyindən pensiya kartı ona verilmir. Övladı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin olunmalıdır. Bunun üçün övladının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Zaqatala rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İşin halları Zaqatala RİHB Muğanlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 27.042007-ci il tarixli AZ-İ seriyalı 910597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X2 atası X3, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2025-cü il tarixli məlumatına əsasən X5 xx.xx.2005-ci il tarixdə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə sağlamlıq imkanları məhdud şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 653 nömrəli rəyində göstərilmişdir ki, X4 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1) qeyd olunur. X4 qeyd olunan əqli gerilik əlamətləri anadangəlmə olmaqla şəxsin həyatı boyu davam edir, sabit xarakter daşıyır və hər hansı müalicə nəticəsində yaxşılaşma ehtimalı qeyd olunmur. X1 qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 20.042007-ci il tarixdə anadan olmuş X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 653 nömrəli rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik ciddi davranış pozuntusu nəticəsində müəyyən edilir. X4 qeyd olunan psixi xəstəlik tibbi sənədlərə əsasən anadangəlmə meydana gəlmişdir. X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məkhəmə qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, X2 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş və orada yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bundan başqa, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2007-ci il tarixdə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş və orada yaşayan xəstə - X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar