Məhkəmə qərarları › İş №e-2(033)-913/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-913/2025

26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-913/2025 26.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 368.95 (üç yüz altmış səkkiz manat doxsan beş qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1153/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 368,95 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddiası rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1153/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə öhdəliyinin olmaması baxımından həmin aktda qeyd olunan pozuntunun mövcud olduğu qəbul edilsə belə, bunda istehlakçının təqsirli olub-olmaması müəyyənləşdirilmədiyindən, həmin pozuntu ilə əlaqədar məsuliyyətin istehlakçının üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından da görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 368,95 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1153/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh isə yenidən iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 368.95 (üç yüz altmış səkkiz manat doxsan beş qəpik) manat borcun silinməsini xahiş etmişdir. Halbuki Zaqatala Rayon Məhkəməsinin 2(033)-1153/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin hazırda qanuni qüvvəsini almış qətnaməsi vardır. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş iş üzrə sübut edilmiş hallar məhkəmə tərəfindən təkrarən sübut edilmir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilmiş və ya təkzib edilmiş hallar təkrarən məhkəmə tərəfindən sübut olunarsa bu, preyudisiallıq institunun mahiyyətinə zidd olmuş olar. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Odur ki məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Zaqatala Rayon Məhkəməsinin 2(033)-1153/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi olduğundan İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1 və 114.1.2-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar