Məhkəmə qərarları › İş №e-2(034)-114/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-114/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-114/2023 20.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 532 manat məbləğində əsas borc, 118 manat məbləğində dəbbə pulu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu ilə birlikdə 680.40 manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində MOB03-3659 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 624 manat dəyərində "xxxx" markalı telefon verilmişdir. MOB03-3659 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə ilkin ödenişsiz olmuş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 624 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 52 manat ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) xx.xx.2022 – 52 azn, 2) xx.xx.2022 – 20 azn, 3) xx.xx.2022-20 azn.Cavabdeh cəmi 92 manat ödəniş etmişir. Qalıq borcu 532 manat təşkil edir. Qalıq borc 532 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 118 manat təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə alqı- satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. MOB03-3659 № alqı-satqı müqaviləsi üzrə 532 manat əsas borc, 118 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.40 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə, cavabdeh tərəfindən 680.40 manat ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixində MOB03-3659 saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 624 manat olan "xxxx" markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 52 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 92 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixində MOB03-3659 saylı alqı-satqı müqaviləsinə əsasən 532 manat ödənilməmiş hissə, 118 manat cərimə borcu olmaqla, cəmi 650 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 118 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2022-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 532 manat məbləğində borc üçün tələb etdiyi 118 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2022-ci il tarixli müqavilə üzrə 118 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 532 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 542 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 532 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 542 manat məbləğində borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar