Məhkəmə qərarları › İş №e-2(034)-124/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-124/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-124/2025 16.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5322,18 manat məbləğində sığorta ödənişinin və 74 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5396.18 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətində (ləğv prosesindədir) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış, "xxxx" MMC-yə məxsus olan, cavabdeh tərəfindən idarə olunan “Hyundai HD78” yük markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi törədilmiş və "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” təminatı almış “Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sabunçu RPİ DYPŞ-nin TP4999020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. CM-0035/2022-AKT2702/22 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 15323 manat müəyyən edilmiş, 7900 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Sığorta məbləği 8000 manat olduğuna görə 100 manat azadolma məbləği çıxılaraq ödənilmişdir. Sığorta ödənişinin 2577,82 manat məbləğində hissəsi zərərvuran “Hyundai HD78” yük markalı, 90 PK-370 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığorta qaydasında sığortalamış Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5322,18 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Əkbər oğlu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə olunmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədər digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP4999020 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulumş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -İş materiallarında CM0035/2022-AKT2702/22 nömrəli sığorta aktından görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə 100 manat azadolma məbləği çıxılaraq 7900 manat sığorta ödənişi köçürülümüşdür. -İş materiallarında olan Haval Azerbaijan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 36589 nömrəli ilkin qiymətləndirmə aktından görünür ki, «Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 15323 manat məbləğində müəyyən edilmişdir. -İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD78” yük markalı, 90 PK-370 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. -İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, «Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. -İş materiallarında olan və X2 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X6 veridiyi izahatından görünür ki, o, hadisə baş verən günü qarşıdan gələn «Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsinin gəlməsini görməmiş və spirtli içki qəbul etməsini etiraf etmişdir. -İş materiallarında olan və Paşa Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 7900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 430.1.Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 459.1.Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutulabilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1114.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundai HD78” yük markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə nəticəsində “Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş və avtomobilə dəymiş ziyanın məbləği 15323 manat məbləğində müəyyən edilmişdir. Sığorta məbləği 8000 manat olduğuna görə 100 manat azadolma məbləği çıxılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilinin sabihi olan X3 bank hesabına 7900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişinin 2577,82 manat məbləğində hissəsi ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulumş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin cavabdeh polisdə verdiyi ilkin izahatında spirtli içkinin təsirindən qarşıdan gələn “Nissan Patrol” minik markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görmədiyini və nəticədə belə bir hadisənin baş verməsini bildirmişdir. İddiaçı ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı ödənilmiş 5322,18 manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5322,18 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5322,18 manat məbləğində sığorta ödənişi və 74 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar