Məhkəmə qərarları › İş №e-2(034)-138/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-138/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-138/2022 16.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 24.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********07544 olan «Samsung Galaxy A40» markalı telefon üçün 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, HP Pavilion üçün 1225 manat ödənilməmiş hissə, 122 manat cərimə borcu olmaqla, cəmi 1639 (min altı yüz otuz doqquz) manat borcun və 36.39 (otuz altı manat, otuz doqqucz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il və 23.05.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********07544 olan «Samsung Galaxy A40» markalı telefon, HP Pavilion almış və nəticədə 1639 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 639.60 manat (12 ay x 53.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********07544 olan «Samsung Galaxy A40» markalı telefon üçün ümumilikdə 292 manat olmaqla, ondan 266 manat ödənilməmiş hissə, güzəşt olunaraq 26 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1696.20 manat (12 ay x 127.1 manat + 171 manat ilkin ödəniş) HP Pavilion üçün ümumilikdə 1347 manat olmaqla, ondan 1225 manat ödənilməmiş hissə, güzəşt olunaraq 122 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 844.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 639.20 manat olan «Samsung Galaxy A40» markalı telefonu, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1696.20 manat olan HP Pavilionu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh 24.12.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 53.30 manat olmaqla 12 ay müddətinə,23.05.2020-ci il tarixli müqavilə üzrə 171 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 127.10 manat olmaqla, 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh tərəfindən hər iki müqavilə üzrə cəmi 844.80 manat ödəniş edilmiş, cavabdeh aldığı əşyalara görə İddiaçı MMC-yə 24.12.2019-cu il tarixli müqaviləyə əsasən 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, 1225 manat ödənilməmiş hissə, 122 manat cərimə borcu olmaqla, cəmi 1639 (min altı yüz otuz doqquz) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh 24.12.2019-cu il tarixli müqaviləyə əsasən 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, 1225 manat ödənilməmiş hissə, 122 manat cərimə borcu olmaqla, cəmi 1639 (min altı yüz otuz doqquz) manat borc tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 36.39 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 36.39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 24.12.2019-cu il tarixli müqaviləyə əsasən 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, 1225 manat ödənilməmiş hissə, 122 manat cərimə borcu olmaqla, cəmi 1639 (min altı yüz otuz doqquz) manat borc və 36.39 (otuz altı manat, otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar