Məhkəmə qərarları › İş №e-2(034)-175/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-175/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-175/2025 07.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinə əsasən yaranan borc və dəymiş ziyan üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 286/2024 saylı daxili lizinq müqaviləsinə əsasən 3 ay müddətinə hesablanmaqla 7755 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizin hesablanmış 3102 manat, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 342 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 2200 manat olmaqla, cəmi 13.399 manat məbləğində pul və xx.xx.2024-cü il tarixli, 205/2022 saylı daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi üzrə 2 ay müddətinə hesablanmaqla 2224 manat, gecikdirilmiş 30 gün üçün gecikdirmə faizi kimi hesablanmış 667 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 800 manat olmaqla, cəmi 3691 manat məbləğində pul olmaqla, ümumillikdə 17.090 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 141.27 manat pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdə 286/2024 saylı “daxili maliyyə lizinq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən buraxılış ili 2018-ci il olan, ağ rəngli “Mercedes Benz E220D” minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 70.000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini 36 ay müddətinə, hər ay 2585 manat olmaqla və 4000 manat (2 dəfəyə) sığorta ödənişini ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 205/2022 saylı “daxili maliyyə lizinq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən buraxılış ili 2009-cu il olan, ağ rəngli “X5” markalı yük nəqliyyat vasitəsinin bazar dəyəri 26.000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini 36 ay müddətinə, hər ay 1112 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş, buraxılış ili 2018-ci il olan, ağ rəngli “Mercedes Benz E220D” minik markalı nəqliyyat vasitəsini və buraxılış ili 2009-cu il olan, ağ rəngli “X5” markalı yük nəqliyyat vasitəsinin bazar dəyəri 26.000 manat olan yük nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktları barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və xx.xx.2024-cü il tarixli 286/2024 saylı və xx.xx.2024-cü il tarixli 205/2022 saylı daxili maliyyə lizinq müqavilələri və müqavilələrə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixli 205/2022 saylı müqaviləyə əsasən 2 ay müddətinə hesablanmaqla 2224 (iki min iki yüz iyirmi dörd) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 30 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 667 (altı yüz altmış yeddi) manat (1112 manat x 2 /100=22.24 x 30=667 manat ) borcu və xx.xx.2024-cü il tarixli 286/2024 saylı müqaviləyə əsasən 3 ay müddətinə hesablanmaqla 7755 (yeddi min yeddi yüz əlli beş) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 3102 (üç min yüz iki) manat (2585 manat x 2 /100=51.70 x 60=3102 manat ) borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilələr üzrə ödənişləri yerinə yetirməmişdir. Nəticədə 01 dekabr 2024-cü il tarixdə “Mercedes Benz E220D” minik markalı nəqliyyat vasitəsi və 20 dekabr 2024-cü il tarixdə “X5” markalı avtomobil cavabdehin istifadəsinən götürülmüşdür. Bundan əlavə cavabdeh tərəfindən avtomobilin saxlanması və istismarı qaydalarının pozulması səbəbindən “X5” markalı avtomobilin texniki funksional vəziyyəti pozulmuş və avtomobilin təmirinə cəmi 800 (səkkiz yüz) manat xərclənmiş, həmçinin cavabdeh tərəfindən avtomobilin saxlanması və istismarı qaydalarının pozulması səbəbindən “Mercedes Benz E220D” markalı avtomobilin texniki funksional vəziyyəti pozulmuş və avtomobilin təmirinə cəmi 2200 (iki min iki yüz) manat xərclənmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə üzrə ödənişləri yerinə yetirməmiş, avtomobil istifadəsində olan zaman yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törədərək iddiaçıya maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında qərarlarda xətaların avtomobilin cavabdehin istifadəsində olan zaman törədilməsi müəyyən edilir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 22357506 (18 manat), EQ 22279362 (18 manat), EQ 22814137 (36 manat), AYN ******* (18 manat) ), EQ 22779758 (18 manat), AYN ******* (18 manat), EQ 23158556 (90 manat), EQ 23861162 (36 manat), EQ 23926506 (72 manat), AYN ******* (18 manat) olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. (inzibati xətalarla bağlı ödənişlərin qəbzləri iddia ərizəsinə əlavə edilir). Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş-heç bir ödəniş edilməmişdir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 13.1-ci maddəsinə əsasən müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə lizinq alan lizinq verənə hər gecikdirilmiş ödəniş günü üçün 2 faiz miqdarında penya ödəyir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 12.10-cu maddəsinə əsasən lizinq alan öz öhdəliklərini yerinə yetirmədiyindən müqaviləyə xitam verilərsə lizinq alan lizinq obyekti istifadəsində olduğu müddət ərzində ödəniş cədvəlinə əsasən ödəmədiyi lizinq ödənişlərini, DYP, BNA və digər inzibati cərimələri və lizinq obyektinə lizinq alan tərəfindən dəymiş maddi xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, sözügedən avtomobillər iddiaçı tərəfindən müvəqqəti olaraq onun istifadəsinə və sahibliyinə verilmişdir. “Mercedes Benz E220D” minik markalı avtomobilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixli 286/2024 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə 2574 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 1250 manat, sonuncu ödəniş isə xx.xx.2024cü il tarixdə 1350 manat məbləğində olmuşdur. İddiaçı ərizəsində “Mercedes Benz E220D” minik markalı avtomobili ödənişləri gecikdirdiyi üçün 01 dekabr 2024-cü il tarixdə onun istifadəsindən geri götürməsini qeyd etsə də, , avtomobil dekabr ayında deyil, oktyabr ayında lizinq şirkətinin əməkdaşları tərəfindən həyətdən götürülmüşdür. Əgər avtomobil oktyabr ayında götürülübsə, necə ola bilər ki, ona 60 gün gecikdimə faizi kimi 3102 manat məbləğində borc yazılmışdır. “Mercedes Benz E220D” minik markalı avtomobilin oktyabr ayında götürüləmsi ilə bağlı kamera görüntüləri var. Bundan başqa iddiaçı qeyd edir ki, bəs “Mercedes Benz E220D” minik markalı avtomobili götürdükləri zaman avtomobilin texniki funksional vəziyyəti guya onun tərəfindən pozulmuş, nəticədə onlar avtomobilin təmirinə 800 manat pul xərcləmişlər. Bu yanlışdır, belə ki, avtomobil götürülən zaman texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir problemi olmamışdır. Avtomobil götürülən zaman təhvil-təslim aktı istəmiş, lakin aktı ona verməkdən imtina etmişlər. Dəfələrlə şirkətə aktın verilməsi ilə bağlı müraciət etsə də, bü günə kimi avtomobilin götürməli ilə bağlı aktı verməmişlər. İddiaçının “X5” markalı nəqliyyat vasitəsi ilə bağlı qeyd etdiklərini də yanlış hesab edir. Avtomolil ona verilən zaman nasaz vəziyyətdə olmuş, avtomobili işə salmaq olmurdu. İddiaçı tərəf bunu özü yaxşı bilir. Avtomobilə iddiaçı tərəf deyil, məhz o, özü xərc çəkmişdir. Belə ki, avtomobili ustaya aparmış, avtomobilin beyni ölmüşdür. Özü 500 manat verib avtomobili işə salmaq üçün açar belə almışdır. İddiaçının ondan tələb etdiyi borcla razı deyildir, maşınlar onda olmadığı təqdirdə ondan pul tələb edir. Avtomobillərin hər ikisi artıq şirkətin özündədir.Sonda isə məhkəmədən İddiaçı MMC-nin iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, «X2" MMC tərəfindən ona qarşı qaldırılmış iddia ilə tanış olmuş, iddiaçı tərəf iki lizing müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyini, nəticədə dəymiş ziyan və ödənilməmiş lizing haqlarının geri alınmasını, eyni zamanda nəqliyyat vasitələrinin geri qaytarılmasını tələb edir. Aşağıdakı əsaslarla bu iddia tələbləri ilə razı olmadığını və iddianın rədd edilməsini xahiş edir. Aşağıdakıla əsasən hazirki iddia tələbi əsassızdır. 1.Lizing müqaviləsinin əsas şərtləri və qismən yerinə yetirilməsi: İddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixli 286/2024 saylı müqavilə (Mercedes Benz E220D) və xx.xx.2022-ci il tarixli 205/2022 saylı müqavilə (X5) imzalanmışdır. Hər iki müqavilə üzrə tərəfindən ümumilikdə xeyli miqdarda ödənişlər həyata keçirilmiş, lakin avtomobillərin texniki nasazlığı, təmir xərcləri və şirkət tərəfindən bu halların aradan qaldırılmaması səbəbilə müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi mümkün olmamışdır. 2. Geri qaytarılma tələbinə münasibət: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci və 748.1.8-ci maddələrinə əsasən, yalnız müqaviləyə xitam verildikdən sonra və lizing obyektinin mülkiyyət hüququ lizing alana keçməyibsə, nəqliyyat vasitəsi geri tələb oluna bilər. Halbuki “Mercedes Benz E220D» üzrə müqavilə 2018-ci ildən qüvvədə olmuş, bu müddət ərzində onun tərəfindən 70,000 manatdan artıq ödəniş edilmişdir. Müqavilə üzrə ödənişlərin 80%-dən çoxu ödənilmişdir.Bu baxımdan, mülkiyyətin ona keçməsi üçün əsas yaranmış və əmlakın geri tələb edilməsi hüquqi baxımdan əsassızdır. «X5» üzrə müqavilə 36 ay müddətinə bağlanmış, müqavilə müddəti hələ bitməmiş və ödənişlərin bir hissəsi ödənilmişdir. Lakin, avtomobil texniki nasazlıq səbəbilə bir müddət istifadə olunmamış və bu tərəfindən yazılı və şifahi şəkildə şirkətə bildirilmişdir. 3. Texniki nasazlıq və birtərəfli müqavilə ləğvinin əsassızlığı: İddiaçı müqaviləyə birtərəfli xitam vermiş və bu barədə ona yazılı rəsmi bildiriş göndərməmişdir. Halbuki Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, birtərəfli ləğv yalnız ciddi əsaslar mövcud olduqda və qarşı tərəfə xəbərdarlıq edildikdə mümkündür. Ona qarşı tətbiq edilmiş bu tədbir hüquqi prosedurlara uyğun deyil və nəticə etibarilə nəqliyyat vasitələrinin geri alınması tələbi hüquqi qüvvədən məhrumdur. Hesab edir ki, hazirki avtomoblinin kilometrajina baxiş keçirilməli, kilometraja əsasən nəqədr məsafə getdiyi məlum olacaqdir. Həmçinin iddiaçı şirkət avtomobilin təmirinə xrcələdikləri xərclərin bir avtomobilə görə 2200 manat, digəri üçün isə 800 manat ödədiyini bildirir. Lakin, ondan təhvil alman zaman avtomobildə bir qüsur olmamışdır. Etirazında avtomobillərə etdiyi xərcləri bildirmiş, ziddiyətli məqam olduğundan avtomobilə ödənilən xərclərin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməlidir. MM-nin 328.2, 328.3, 329.1, 337.1, 337.5, 339.2, 339.3, 354.2, 420.1, 420.1.3, 420.1.4, 420.1.5, 420.2, 420.3, 560.2-ci, MPM-in 35.3, 155.1, 155.2, 155.3, 156.1-ci maddələrinə əsasən iddiaçı, «X2 MMC-nin "lizing müqaviləsi üzrə yaranan borcun və dəymiş ziyanın ödənilməsi barədə” iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, təərflər arasında iki müqavilə bağlanmış, müqavilədən biri xx.xx.2024-cü ildə, digəri isə xx.xx.2024-cü ildə bağlanmışdır. Maşını qaytaranda təhvil-təslim aktı olmamışdır, çünki cavabdeh tərəf imza etməmiş, iddiaçı tərəf özü imza etsə belə bu sübut növü sayılmazdır. xx.xx.2024-cü il tarixli ikinci müqavilə üzrə, yəni Sprinter markalı avtomobillə bağlı ümumiyyətlə ödəniş olmamışdır. Şəxsin istifadəsində olduğu tarixdə onun adına olan cərimələr şirkət tərəfindən ödənilmişdir. «X5” markalı avtomobil xx.xx.2024-cü ildə, «Mercedes Benz E220D” markalı avtomobil isə ya oktyabrın sonu ya da noyabr ayının əvvəlində qaytarılmışdır. Avtomobilə ziyan dəymiş, amma bununla bağlı əlində sübut yoxdur. Burda tarix qeyd edilməmişdir. Əgər ziddiyyətli hallar olsaydı cavabdeh digər maşını götürməzdir. Cavabdehin təqdim etdiyi flaşkarta 3-4 nəfər var, orda da sübut kimi vaxt qeyd edilməmişdir. Daxili maliyyə lizinq müqaviləsinin 13.1-ci maddəsinə əsasən müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş ödəniş günü üçün 2 faiz miqdarında penya ödəyir. Müqavilə müddəti ərzində tərəf ödənişləri ödəməyə borcludur. Onlara müqavilənin ləğv olunması ilə bağlı cavabdeh bildiriş göndərməmişdir. Cavabdeh 3 dəfə şirkətə getmiş və ödəniş edəcəyini bildirmişdir. Müqavilələrə bildiriş göndərdikləri andan xitam vermişlər. Bildiriş göndərdikləri vaxt maşınları götürmüşlər. Maşınları götürən zaman müqaviləyə xitam verilməsə onun borcu ödənilməlidir. «Mersedes 220» bağlı ödəniş etməmişdir. 3 ay müddət hesablanmaqla 7755 manat aylıq lizinq ödənişidir. Tərəfin adına olan inzibati cərimələridə onlar ödəmişlər. İnzibati cərimələrə görə vəsaitdən silinmə ilə bağlı kart şirkətə məxsusdur. 342 manat cavabdehin adına olan cərimə borclarını silinməsində X1 vasitəsi ilə ödəniş olmuş, həmin şəxsdə onların şirkətdə əmək müqaviləsi ilə çalışmışdır. X4 aid kartın nömrəsində qeyd etmişlər. **-JD-*** dövlət nişanlı avtpmobillə heç bir aylıq lizinqi ümumiyyətlə ödəniş olmamışdır. Müqavilə bağlandığı tarixdən 21 dekabr 2024-cü il tarixinədək yaranan icarə haqqı 2 aylıq (60)gün 2224 manat, 30 günlük gecikmə faizi 667 manat və avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən 800 manat təşkil edir. «Mersedes Benz E 220» markal 77 AL-343 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən ödənilən aylıq lizinq ödənişləri xx.xx.2024-2574 manat,xx.xx.2024-1250 manat, xx.xx.2024-1350 manat olmuşdur. Müqavilənin şərtinə əsasən Cavabdeh əsas məbləğ üzrə qalıq borcu müqavilə bağlandığı tarixdən 27 noyabr 2024-cü ildə ödənişləri nəzərə alaraq yaranan icarə haqqı 3 aylıq 7755 manat, dəbbə pulu 3102 manat, avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən xərc 2200 manat və DYP cərimələri 342 manat təşkil etmişdir. Dəbbə pulun gecikmiş bir günə 2% -lə hesablanır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbimin təmin olunmasını, Cavabdeh xx.xx.2024-cü il tarixli 286/2024 saylı daxili lizinq müqaviləsinə əsasən (Mercedes Benz E220D) 3 ay müddətinə hesablanmaqla 7755 (yeddi min yeddi yüz əlli beş) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 3102 (üç min yüz iki) manat əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 342 (üç yüz qırx iki) manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 2200 (iki min iki yüz) (bir min iki yüz əlli) manat olmaqla, cəmi 13399 ( on üç min üç yüz doxsan doqquz) manat məbləğində pul və xx.xx.2024-cü il tarixli, 205/2022 saylı daxili lizinq müqaviləsinə əsasən (X5) ödənilməmiş aylıq lizinq ödənişi üzrə 2 ay müddətinə hesablanmaqla 2224 (iki min iki yüz iyirmi dörd) manat, gecikdirilmiş 30 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 667 (altı yüz altmış yeddi) manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 800 (səkkiz yüz) manat olmaqla, cəmi 3691 (üç min altı yüz doxsan bir) manat məbləğində pul olmaqla, ümumilikdə 17090 (on yeddi min doxsan) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 141.27 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, maşını 68000 manata almış, 2 ay ödəniş etmiş, maşını 29 oktyabrda söndürüb saxlamış və 20 noyabrda maşını aparmışlar. Maşına 4000 manata disk təkər almış, maşını özləri sürdüyü üçün radarla bağlı cərimələr iddiaçı tərəfə aiddir. Lakin, Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 286/24 nömrəli daxili linzinq müqaviləsindən görünür ki, müqavilə 2018-ci il buraxılışlı, «Mercedes Benz E220D» minik markalı avtomobilə dair bağlanımş və müqavilənin predmeti olan əmlakın bazar dəyəri isə 70.000 manat təşkil etmişdir. -İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 205/22 nömrəli daxili linzinq müqaviləsindən görünür ki, müqavilə 2009-cu il buraxılışlı, «X5» yük markalı avtomobilə dair bağlanımş və müqavilənin predmeti olan əmlakın bazar dəyəri isə 26.000 manat təşkil etmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından (205/22 nömrəli, xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əlavə №3) görünür ki, lizinq verən İddiaçı ümumi dəyəri 26.000 manat olan 2009-cu il buraxılışlı, «X5» yük markalı nəqliyyat vasitəsini lizinq alan Cavabdeh təhvil vermişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından (268/24 nömrəli, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əlavə №3) görünür ki, lizinq verən İddiaçı ümumi dəyəri 70.000 manat olan 2018-cu il buraxılışlı, «Mercedes Benz E220D» minik markalı nəqliyyat vasitəsini lizinq alan Cavabdeh təhvil vermişdir. -İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən törəlilmiş yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə AYN ******* nömrəli protokol üzrə 18 manat,EQ 23926506 nömrəli protokol üzrə 72 manat, EQ 23861162 nömrəli protokol üzrə 36 manat, EQ 23158556 nömrəli protokol üzrə 90 manat, AYN ******* nömrəli protokol üzrə 18 manat, AYN ******* nömrəli protokol üzrə 18 manat, EQ 22814137 nömrəli protokol üzrə 36 manat,EQ22779758 nömrəli protokol üzrə 18 manat, EQ 22357506 nömrəli protokol üzrə 18 manat, EQ 22279362 nömrəli protokol üzrə 18 manat cərimə ödənişi həyata keçirilmişdir. -İş materiallarında olan lizinq ödənişləri cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə qrafiklə tanış olmasını, 36 ay müddətinə 1112 manat aylıq ödənişə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə qrafiklə tanış omasını, 36 ay müddətinə 2585 manat aylıq ödənişə və 4000 manat kaskonu ödəyəcəyinə etirazının olmamasını bildirmişdir. -İş materiallarında olan və cavabdehə ünvanlanmış 107/24 nömrəli, xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 3 aylıq (90 gün) icarə haqqının 7755 manat, 60 günlük gecikmə faizi 3102 manat, avtomobilin texniki funskional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən 2200 manat, 342 manat DYP-nin cərimələrinin 3 gün müddətində şirkətin hesabına təmin edilməsi, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İş materiallarında olan və cavabdehə ünvanlanmış 223/24 nömrəli, xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 2 aylıq (60 gün) icarə haqqının 2224 manat, 30 günlük gecikmə faizi 667 manat, avtomobilin texniki funskional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən 800 manat pulun 3 gün müddətində şirkətin hesabına təmin edilməsi, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 286/24 saylı, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləyə əsasən, Mercedes Benz E220 markalı, 77 - AL - 343 dövlət qeydiyyat nişanlı, ( Ban № WDD2130051A558832 ) avtomobildə lizinq alan Cavabdeh tərəfindən DYP cərimələri 342 (üç yüz qırx iki) manat yaranmış, həmin cərimələr xx.xx.2024-cü il tarixində “X2 “ MMC şirkətinin əməkdaşı olmuş X4 məxsus kart nömrəsi (**********814975) hesabından ödənilmişdir. -İş materiallarında olan 58/25 nömrəli, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 286/24 saylı, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləyə əsasən, «Mercedes Benz E220» markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, (Ban № WDD2130051A558832) avtomobilə Cavabdeh tərəfindən ödənilən aylıq lizinq ödənişləri xx.xx.2024-cu il tarixdə 2574 manat, xx.xx.2024-cü il tarixdə 1250 manat, xx.xx.2024-cü il tarixdə isə 1350 manat kimi həyata keçirilmiş, müqavilənin şərtinə əsasən Cavabdeh əsas məbləğ üzrə qalıq borcu müqavilə bağlandığı tarixdən 27 Noyabr 2024-cü il tarixinədək yuxarda göstərilən ödənişləri nəzərə alındıqdan sonra yaranan icarə haqqı 3 aylıq (90 gün) 7755 manat, dəbbə pulu 3102 manat, avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən 2200 manat və DYP cərimələri isə 342 manat təşkil edir. -İş materiallarında olan 59/25 nömrəli, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 205/22 saylı, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləyə əsasən, Mercedes Sprinter markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, (Ban № WDB9066131S399044 ) avtomobilə Cavabdeh tərəfindən heç bir aylıq lizinq ödənişi həyata keçirilməmiş, müqavilənin şərtinə əsasən Cavabdeh əsas məbləğ üzrə qalıq borcu müqavilə bağlandığı tarixdən xx.xx.2024-cü il tarixinədək yaranan icarə haqqı 2 aylıq (60 gün) 2224 manat, 30 günlük gecikmə faizi 667 manat və avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən xərc 800 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 747-1.1.Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Maddə 748-1.8.Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı «X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 286/2024 nömrəli “daxili maliyyə lizinq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən buraxılış ili 2018-ci il olan, ağ rəngli “Mercedes Benz E220D” minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 70.000 manat qiymətləndirilərək iddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh lizinqə verilmiş, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq hər ay 2585 manat lizinq ödənişi və 4000 manat (2 dəfəyə) sığorta ödənişini ödəməyi öhdəsinə götürmüş, tərəflər arasında bağlanmın xx.xx.2024-cü il tarixli, 205/2022 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən isə buraxılış ili 2009-cu il olan, ağ rəngli “X5” markalı yük nəqliyyat vasitəsinin bazar dəyəri 26.000 manat qiymətləndirilərək 36 ay müddətinə cavabdehə lizinqə verilmiş, cavabdeh isə müqavilənin şərtlərinə əsasən hər ay 1112 manat ödəməyi öhdəsinə götürmüşdür. Hər iki nəqliyyat vasitəsi tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişlərini vaxtında həyata keçirməmiş, nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixli 205/2022 nömrəli müqavilə üzrə 2 ay müddətinə hesablanmaqla 2224 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 30 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 667 manat borcu, xx.xx.2024-cü il tarixli, 286/2024 nömrəli müqavilə üzrə isə 3 ay müddətinə hesablanmaqla 7755 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 3102 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdehin istifaədsində olan və iddiaçıya məxsus olan “Mercedes Benz E220D” minik markalı nəqliyyat vasitəsi 01.1.2024-cü il tarixdə, “X5” markalı nəqliyyat vasitəsi isə xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən götürülmüşdür. İddiaçının bildirdiyinə görə cavabdeh tərəfindən nəqliyyat vasitələrinin texniki funksional vəziyyəti pozulmuş, “X5” markalı nəqliyyat vasitəsinin təmirinə 800 manat, “Mercedes Benz E220D” markalı təmirinə isə cəmi 2200 manat xərclənmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş malliyə arayışları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 286/24 nömrəli, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləyə əsasən, «Mercedes Benz E220» markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh tərəfindən xx.xx.2024-cu il tarixdə 2574 manat, xx.xx.2024-cü il tarixdə 1250 manat, xx.xx.2024-cü il tarixdə isə 1350 manat məbləğində aylıq lizinq ödənişləri həyata keçirilmiş, 205/22 nömrəli, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən isə heç bir lizinq ödənişi həyata keçirilməmişdir. Hazırda cavabdehin 286/24 nömrəli, xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 7755 manat icarə haqqı, gecikdirilmiş faizlərə görə 3102 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli daxili maliyyə lizinq müqaviləyə əsasən, 2224 manat icarə haqqı, 667 manat 30 günlük gecikmə faizi yaranmışdır.İddiaçı avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar 800 manat bir avtomobilə və digərinə isə 2200 manat xərcin çəkilməsini bildirsə də,məhkəməyə həmin çəkilmiş xərclərə dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Araşdırma zamanı o da, məlum olmuşdur ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozduğundan barəsində tərtib edilmiş inzibati protokollara görə iddiaçı tərəfindən cəmi 342 manat məbləğində inzibati cərimə ödənilmişdir. Cavabdeh hər iki müqavilə üzrə tərəfindən ümumilikdə xeyli miqdarda ödənişlər həyata keçirildiyini, müqavilələr üzrə ödənişlərin 80%-dən çoxu ödənildiyini bildirsə də, həmin ödənişlərə dair məhkəməyə heç bir sübutunu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli, 286/24 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən edilmiş ödənişlər nəzərə alınmaqla, Cavabdeh xx.xx.2024-cü il tarixli, 286/2024 saylı daxili lizinq müqaviləsinə əsasən 3 ay müddətinə hesablanmaqla 7755 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün 3102 manat gecikdirilmə faizi, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə ödənilmiş 342 manat olmaqla, cəmi 8128,20 manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, 205/2022 nömrəli daxili lizinq müqaviləsinə əsasən 2 ay müddətinə hesablanmaqla 2224 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 30 gün üçün 667 manat gecikdirmə faizi olmaqla, cəmi 2891 manat, ümumilikdə 11019.20 manat məbləğində borc tutularaq, iddiaçı «X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 141,27 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 123 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun qalan 18.27 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 286/2024 saylı daxili lizinq müqaviləsinə əsasən 3 ay müddətinə hesablanmaqla 7755 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün 3102 manat gecikdirilmə faizi, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə ödənilmiş 342 manat olmaqla, cəmi 8128,20 manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, 205/2022 nömrəli daxili lizinq müqaviləsinə əsasən 2 ay müddətinə hesablanmaqla 2224 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 30 gün üçün 667 manat gecikdirmə faizi olmaqla, cəmi 2891 manat məbləğində borc, ümumilikdə 11.019.20 manat borc və 123 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Dövlət rüsmunun qalan 18.27 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar