Məhkəmə qərarları › İş №e-2(034)-179/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-179/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-179/2022 06.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Mustafayev Seymur Nəriman oğluna qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Hoffmann üçün 681 manat ödənilməmiş hissə, 68 manat cərimə borcu; 04.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********27076 Huawei P Smart Z markalı telefon üçün 381 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu olmaqla ümumilikdə 1168 manat borc, 31.68 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 28.01.2020-ci il və 04.05.2020-ci il tarixli müqavilələrə əsasən, Soyuducu Hoffmann, İMEİ Kodu **********27076 Huawei P Smart Z markalı telefon almış və nəticədə 1168 (min yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 960 manat (12 ay x 80 manat + 0 manat ilkin ödəniş) Soyuducu Hoffmann üçün ümümilikdə, 749 manat olmaqla ondan 681 manat ödənilməmiş hissə, güzəşt olunaraq 68 manat cərimə, 04.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 611.8 manat (12 ay x 48.9 manat + 25 manat ilkin ödəniş) İMEİ Kodu **********27076 Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 419 manat olmaqla ondan, 381 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 509.8 manat təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə cavabdeh Mustafayev Seymur Nəriman oğlu arasında bağlanmış 28.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 960 manat olan Soyuducu Hoffmann, 04.05.2020-ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 611.8 manat Huawei P Smart Z markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh 28.01.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 80 manat olmaqla 12 ay müddətinə, 04.05.2020-ci il tarixli müqavilə üzrə 25 manat ilkin ödəniş olmaqla hər ayın ödəniş haqqı 48.9 manat 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə müqavilələr üzrə ödənilməli olan məbləğdən 509.8 manat ödəniş etmiş, onun müqavilələr üzrə cəmi olaraq 1168 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Eyni Məcəlləninin 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddiaçı tərəfindən irəli sürülən 28.01.2020-ci il tarixli müqaviləyə əsasən 68 manat cərimə, 04.05.2020-ci il tarixli müqaviləyə əsasən 38 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin müqavilələrə əsasən ödənilməmiş borc məbləğləri üçün tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 28.01.2020-ci il tarixli müqavilə üzrə 68 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində, 04.05.2020-ci il tarixli müqavilə üzrə 38 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.01.2020-ci il tarixli müqavilə üzrə 681 manat ödənilməmiş hissə, 10 manat cərimə, 04.05.2020-ci il tarixli müqavilə üzrə 381 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümümilikdə 1077 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31.68 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31.68 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Ərizə qismən təmin edilsin. Cavabdeh 28.01.2020-ci il tarixli müqavilə üzrə 681 manat ödənilməmiş hissə, 10 manat cərimə, 04.05.2020-ci il tarixli müqavilə üzrə 381 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 1077 (bir min yüz yetmiş yeddi) manat və 31.68 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar