Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-202/2023 19.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1800 manat məbləğində əsas borcun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 23 iyul 2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi əsasında aldığı mebel dəstlərinə görə 5100 manat borcu yaranmışdır. Həmin müqavilə ilə 5100 manat dəyərində olan mallara görə ilkin 300 manat ödəniş edərək, malları qəbul etmişdir. Müqavilə şərtinə görə qalan 4800 manatı müqavilədə əksini tapan cədvələ uyğun hər ay 200 manat olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan məbləğdən müəyyən qədər ödəniş etdikdən sonra, onun bu günə olan borcu 1800 manat olmuşdur. Lakin bu günə qədər borc məbləği ödənilməmişdir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq Cavabdeh 1800 manat borcun İddiaçı MMC-yə ödənilməsini tələb edirlər. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına çalışarkən, cavabdehə göndərilən rəsmi pretenzeya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət edəcəkləri və çəkdikləri bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəkləri bildirilmişdir. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmiş və petenziyanı qəbul edərək, hər hansı rəsmi cavab verməmişdir. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satici” “Alıcı”ya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavə 1-də göstərilən Mal(lar)ı satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunun tələblərinə və müqavilə şərtlərinə zidd olaraq, cavabdeh ödənişi etmədiyi üçün faktiki olaraq onların hüquqlarını pozmuş və zərər vurmuşdur. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5100 manat dəyərində olan malları cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 300 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 200 manat olmaqla, 24 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2020-ci tarixli müqaviləyə əsasən 1800 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, iddiaçı “Damla Mebel» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1800 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1800 manat məbləğində borc və ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-202/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-202/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver