Məhkəmə qərarları › İş №e-2(034)-205/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-205/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-205/2024 06.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1595 manat əsas borc, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2035 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla, 23 avqust 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1749 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra, iddiaçıya 1595 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 8613 manat faiz borcu yaranmışdır (1595 manat x 540 gün x 1%=8613 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 400 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1595 manat əsas borc, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2035 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, 06 may 2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etməsini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etməsini, hər hansı əlavə sübut və vəsatətinin olmamasını bildirərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı borc müqaviləsinə əsasən cavabdeh hissə-hissə ödəniş şərtilə 1749 manat məbləğində məişət avadanlığı əldə etmiş, 9 manat ilkin ödəniş olmaqla, qalan 1740 manat məbləğin 12 ay müddətinə aylıq 145 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 643 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin iddiaçıya 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı müqavilə üzrə ödənilməmiş 1595 manat əsas (qalıq) borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı borc müqaviləsinə əsasən cavabdeh hissə-hissə ödəniş şərtilə 1749 manat məbləğində məişət avadanlığı əldə etmiş, 9 manat ilkin ödəniş olmaqla, qalan 1740 manat məbləğin 12 ay müddətinə aylıq 145 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, cavabdeh borcundan ödənişlər etdikdən sonra əsas qalıq borc 1595 manat təşkil edir. İddiaçı iddia tələbində müqavilə üzrə hesablanmış 400 manat məbləğində faiz borcun tutulmasını tələb etsə də, tərəflər arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, SRK6116495 saylı borc müqaviləsində faiz borcu nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin qeyd hissəsində göstərilmişdir ki, borcalan borc üzrə borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cərimə borcu mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1595 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində cavabdehdən 40 manat ödənilmiş dövlət rüsmunun tutulmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçının tələb etdiyi 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1595 (bir min beş yüz doxsan beş) manat məbləğində əsas borc və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar