Məhkəmə qərarları › İş №e-2(034)-253/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-253/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-253/2025 06.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 aprel 2024-cü il tarixli MAS-6265 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 602.3 manat gecikdirilmiş əsas, 212.5 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 536.03 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3083.18 manat olmaqla, ümumillikdə 4434.01 manat borc və ödənilmiş 64.35 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2024-ci il tarixli MAS-6265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021ci il buraxılışlı, “Khazar LX” markalı, 99 PY-565 dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801864 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 20 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 411.92 manat, ümumilikdə isə 8238 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8238 manatın 6790 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” markalı, 99 PY-565 dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3083.18 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6265 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 oktyabr 2024-cü il tarixə ümumilikdə 1350.83 manat məbləğində gecikmə borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Lakin, cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, maşını 4 ay bundan öncə aparmışlar, onun maşını əzilmiş vəziyyətdə olmuş, maşına dəymiş zərərlə razıdır. O, iddiaçıdan maşını geri qaytarmasını tələb etmiş, maşını düzətdirib yenidən işləsin. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Maşını alıb müqavilə ilə idarə etmişdir. 2021-ci ildən başlayaraq, ayda 374 manat ödəmiş, nəqliyyat vasitəsini sığorta etdirməmişdir. Avtomobilin mühərrik hissəsi Binəqədi rayonunda yerləşən cərimə meydançasında qalmışdır. İddiaçıya 3083 manatın təmir- bərpa üçün çox olduğunu, avtomobili özü 1800 manata təmir etdirə biləcəyini bildirmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MAS-6265 saylı daxili linzinq müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801864 ban nömrəli, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23 % hesablanmaqla 20 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 411.92 manat, ümumilikdə isə 8238 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüş, ödənilməli olan ümumilikdə 8238 manatın 6790 manatı əsas məbləğ təşkil etmişdir. -İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MAS-6265 saylı daxili linzinq müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, təchiz ediləcək əmlakın ümumi dəyəri 6790 manat təşkil etmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” 99- PY565 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. -İş materiallarında olan X3 MMC tərəfindən verilmiş qüsur aktında «Samand LX” markalı 99 PY-565 dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 3083,18 manat təşkil etmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə aktdan görünür ki, İddiaçı MMC-nə məxsus olan “Khazar LX” 99-PY565 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa gətirilmişdir. -İş materiallarında olan və Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 2749 nömrəli xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, tərəflər arasında imzalanmış “Daxili İizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 21 oktyabr 2024-cü il tarixə 1350.83 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş, servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmıış qüsur aktına əsasən avtomobildə 3083.18 manat məbləğində qüsur aşkar edilmiş, “Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. -İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdir. -İş materiallarında olan 208 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh cəmiyyətə 602, 30 manat əsas, 212.50 manat mükafat və 536.03 manat cərimə borcu olmaqla, cəmi 1350,83 manat məbləğində borcu var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 462.1. “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. Maddə 747.1.Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.8. Lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-7.1.Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-7.11.Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MAS-6265 saylı daxili linzinq müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801864 ban nömrəli, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23% hesablanmaqla 20 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 411.92 manat, ümumilikdə isə 8238 manat məbləğində pulu İddiaçı hesabna ödəməyi öhdəsinə götürsədə, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilməmiş, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə zərər dəymiş, iddiaçı tərəfindən lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş, servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş, qüsur aktı tərtib edilmiş və həmin aktda avtomobilin təmirinə çəkilmiş xərcin dəyəri 3083,18 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək dəymiş zərərlə razı olmasını bildirmiş, lakin iddiaçı tərəfindən avtomobilin təmirnə çəkilmiş xərclə razı olmadığından cavabdehin vəsatəti əsasında məhkəmənin qərardadı ilə mülki iş üzrə 2021-ci il buraxılışlı “Khazar LX” markalı 99 PY-565 dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləğinini nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, lakin qiymətləndirmə xərci nə iddiaçı, nə də cavabdeh tərəfindən ödənilmədiyindən iş üzrə mütəxəssis rəyi verilməsi mümkün olmadığından mərkəz tərəfindən iş icrasız olaraq geri qaytarılmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının müqavilə üzrə tələb etdiyi 536,03 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizlərinin tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, kredit müqaviləsi üzrə cəriməni azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli, MAS-6265 saylı daxili lizinq müqaviləsinə əsasən 602.30 manat gecikdirilmiş əsas, 212.50 manat gecikdirilmiş mükafat və həmin günə hesabalanış 50 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 3083.18 manat məbləğində borc tutularaq, iddiaçı «Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 64.35 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 64.35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6265 saylı daxili lizinq müqaviləsinə əsasən 602.30 manat gecikdirilmiş əsas, 212.50 manat gecikdirilmiş mükafat və həmin günə hesabalanmış 50 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 3083.18 manat manat məbləğində borc və 64.35 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar