Məhkəmə qərarları › İş №e-2(034)-257/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-257/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-257/2022 17.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 1547 manat məbləğində əsas borc, 155 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1702 manat məbləğində borcun və 37,02 manat məbləğində ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 1847 manat dəyərində olan iPhone 11 64 markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 300 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1547 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, 28.01.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona 13.01.2022-ci il tarixə 155 manat məbləğində cərimə hesablanmışdır.Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iPhone 11 64 markalı telenonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə hər ayın ödəniş haqqı 129 manat, son ayı isə 128 manat olmaqla 12 ay müddətinə, əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqısatqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışdan göründüyü kimi, cavabdeh tərəfindən R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 300 manat ödəniş etməmiş, onun müqavilə üzrə 1547 manat məbləğində əsas borc, 155 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1702 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 155 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin R0019192 nömrəli 22.08.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1547 manat məbləğində borc üçün tələb etdiyi 155 manat məbləğində cərimə pulunun tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 22.08.2021-ci ci il tarixli müqavilə üzrə 155 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 1547 manat məbləğində əsas, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1552 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 37.02 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 37.02 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1547 manat məbləğində əsas, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1552 manat məbləğində borc və ödənilmiş 37.02 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar