Məhkəmə qərarları › İş №e-2(034)-323/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-323/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-323/2022 16.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən S18K556668 saylı müqavilə üzrə 265 manat əsas, 79 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 374 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə S18K556668 saylı 28 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 265 manat əsas, 79 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 374 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən. Bakı şəhərində yerləşən "Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2018-ci il tarixində "alqı-satqı" müqaviləsi bağlanmışdır.Cavabdeh 28 dekabr 2018-ci il tarixli S18K556668 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 390 (üç yüz doxsan) manat olan 1 ədəd "Samsung Galaxy J2" markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 370 (üç yüz yetmiş) manat borc yaranmışdır.Cavabdeh tərəfindən 28 dekabr 2018-ci il tarixli S18K556668 saylı müqavilə üzrə sonuncu dələ xx.xx.2019-cu il tarixdə 21 (iyirmi bir) manat ödəniş edilmişdir.Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 390 (üç yüz doxsan) manat olan 1 ədəd “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat faiz borcu yaranmışdır.Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcının müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə "Müqaviləmin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; Müqavilənin 2.4-cü bəndinə əsasən "Alıcı” ödənişin gecikdirildİyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcımın xeyrinə gecikmə faizi ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar.Həmin müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə baxışı iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə baxışı iclaslarını iştirakı olmadan keçirilməsini və Cavabdeh qızından cəmi 374 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 556668 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 390 manat olan 1 ədəd Samsung Galaxy J2-2018 SM-J1250 Black satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmış, alıcı müqavilə üzrə ilkin ödəniş çıxıldıqdan sonra malın qalan dəyəri 370 manatı isə 18 ay müddətinə ayda 21 manat olmaqla, hər ayın 27sinədək ödəmək şərti ilə üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə 265 manat əsas borc, 79 manat dəbbə pulu olmaqla, cəmi 344 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı tərəfindən irəli sürülən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 79 manat məbləğində cərimənin ödənilməsi barədə tələbi isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 265 manat məbləğində borc üçün tələb etdiyi 79 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi xx.xx.2018-ci il tarixli müqavilə üzrə 79 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 265 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 275 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 265 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar